“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
“Əlisa Nicatın Səməd Vurğun haqqında səsləndirdiyi fikirləri oxumamışam. Mənə sadəcə deyiblər. Mən hər cəfəngiyyat haqqında fikir söyləmək istəmirəm. Çünki o adamın danışdıqları yalandır, cəfəngiyyatdır. Onu həkimə göstərib, beynini müalicə etmək lazımdır”
Bunu Moderator.az-a açıqlamasında Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib. O daha sonra əlavə edib:
“Əlisa Nicata 1 il təqaüd vermişik. Ona görə də Yazıçılar Birliyini söyür. Bu da nanəcibliyin nümunəsidir. Bu illər ərzində belə adamları çox görmüşəm. Biz Yazıçılar Birliyi olaraq düşünmürük ki, onun bu dediləri haqda bir bəyanat yayaq. Çünki bəyanat yaysaq bir az da məşhurlaşacaqlar. Yenidən buna müraciət edəcəklər, o sonra yenidən bizi söyəcək. Bunlar hamısı oyundur, müəyyən adamlar istifadə edir. Amma saytdan narazıyam ki, belə adamlara meydan verir. Bu əxlaqı pozmaqdan başqa bir şey deyil. Çox təəssüf ki, ona meydan verənlər də Azərbaycan mədəniyyətinin əleyhinə işləyirlər. Utanın, xəcalət çəkin! Azərbaycanın mədəni ocaqlarından biri, ən çətin zamanlarda Azərbaycanın mənafeyini müdafiə edən, sinəsini qabağa verən yazıçılarımız olub, Yazıçılar Birliyi olub. Hər küçədən keçən adama imkan vermək olmaz ki, yazıçıları söysün. Bunu o dedi, 5 gün də danışdılar. Hə nə olsun? Onların da ölümü budur ki, 5 gün gündəmdə qalsınlar. Səməd Vurğun Səməd Vurğundur. Böyük şair kimi də xatirələrdə qalacaq. Heykəli də ucaldılacaq. Kim nə deyirsə öz işidir. O adamların heç izi-tozu da qalmayacaq. Niyə bu xalqın ədəbiyyatına düşmən kəsilirsən? Ermənilərdən fərqiniz nədir? Xalqın qeyrətini ən çox çəkən yazıçılardır. Özü də normal, daha başdan xarab yazıçılar yox” deyə Anar bildirib.