
ABŞ prezidenti Donald Trump ötən il Nyu Yorka, BMT Baş Məclisinə səfəri zamanı iranlı həmkarı Hassan Rohani görüşmək üçün bir neçə dəfə xahiş edib. Bunu Rohani-nin administrasiya rəhbəri deyir.
“Trump prezidentlə görüşməkdən ötrü İran nümayəndə heyətindən səkkiz dəfə xahiş edib”, – iyulun 18-də İranın xəbər agentlikləri Mahmud Vaezi-yə istinadla yazıblar.
Onun sözlərinə görə, İran heyəti xahişlərə cavab verməyib. Bu xahişlərdən öncə Trump bildirmişdi ki, İranın 2015-ci il nüvə sazişinə əməl etməsinə daha zəmanət verməyəcək.
“ABŞ-la münasibətlərimizlə bağlı şəffaf siyasətimiz və aydın mövqeyimiz var… təzyiqə boyun əyməyəcəyik”, – Vaezi bildirib.
Tehran oktyabrda bildirmişdi ki, Trump BMT-nin iclası zamanı iranlı həmkarı ilə görüşmək istəyib. Ancaq dəfələrlə belə bir xahiş etməsi açıqlanmamışdı.
İki ölkə liderləri 1979-cu il İslam inqilabından bəri görüşməyib.
Trump ötən həftə iddia edirdi ki, İran iqtisadi “ağrı” içindədir, səbəb onun nüvə sazişindən çıxmaq, sanksiyaları bərpa etmək qərarıdır. Trump-ın bildirməsinə görə, İran liderləri sonucda ona zəng edəcək və razılaşma əldə etməyə çalışacaq.