
ABŞ administrasiyası Türkiyəyə “Patriot” raket hücumundan müdafiə sisteminin satışı ilə bağlı təkliflər irəli sürüb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə ön şərt olaraq Rusiyadan tədarük edəcəyi “S-400”lə bağlı sövdələşmənin ləğv ediməsinə qarşı çıxıb.
Məlumata əsasən, ABŞ-dən Türkiyəyə səfər edən nümayəndə heyəti Ankarada Müdafiə Sənayesi, Xarici İşlər və Müdafiə nazirliklərində görüşlər keçirir.
Həmin görüşlərdə ABŞ-ın təklifi Türkiyəyə təqdim edilib. Ankara ABŞ-dan sistemin qiyməti ilə yanaşı, texnologiya sahəsində də cəlbedici təkliflərin təqdim olunmasını tələb edib.
Xatırladaq ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq. Kremldən bildirilib ki, ABŞ-ın Türkiyəyə “Patriot” satışını təsdiqləməsi “S-400”ün tədarükünə təsir etməyəcək.
Qeyd edək ki, Pentaqonun keçmiş rəhbəri Ceyms Mettis 2018-ci il avqustun 28-də bəyan etmişdi ki, ABŞ Türkiyəyə С-400 raket kompleksini almağı məsləhət görmür.