
“Fevralın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən partiyaların, bəzi qeyri-hökumət təşkilatlarının, media rəhbərlərinin, zilyalıların iştirakı ilə geniş dəyirmi masa keçirildi.
Dəyirmi masada suverenliyimizin tam bərpasından sonra Azərbaycanda yeni siyasi müstəvinin formalaşdırılması istiqamətində müzakirələr aparıldı”.
Bunu TNS-ə Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən 26 partiyadan 24-ü tədbirə qatılıb: “Düşünürəm ki, çox konstruktiv və faydalı bir görüş oldu. Fikir mübadiləsi aparıldı, hər partiya sədri öz fikrini bildirdi, təkliflərini verdi. Şöbənin rəhbəri də təklifləri qeyd edərək bu məsələlərin hər zaman müzakirəyə açıq olduğunu bildirdi.
Belə tədbirlər Azərbaycanın siyasi mühitinin yaxşılaşdırılması, siyasi münasibətlər sisteminin formalaşdırılması üçün önəmlidir. Çünki artıq siyasi tərəflərin bir-birini inkar etməsi dönəmi bitməli, siyasi münasibətlərin xalqa, millətə, Vətənə faydalı olması üçün çalışılmalıdır. Şəxsi maraqları irəli çəkmək, şəxsi düşmənçilik etmək yox, konstruktiv münasibətlər formalaşdırmaq lazımdır. Belə dəyirmi masaların da əhəmiyyəti çox önəmlidir.
Mən sonuncu dəfə bu qədər partiya rəhbərinin nə zaman bir araya yığışdığını xatırlamıram. Düzdür, Azərbaycan cəmiyyətində müxalifət- iqtidar dialoqu qeyri-adi səslənir. Bəzi qüvvələr belə görüşləri, fikir mübadiləsini, bəzi milli məsələlərdə bir mövqedən çıxış etməyi az qala cəmiyyətə, Vətənə xəyanət kimi göstərməyə çalışırlar. Bu, anormal bir vəziyyətdir. Amma düşünürəm ki, belə tədbirlər cəmiyyətin həm gözünü, həm qulağını iqtidar-müxalifət partiyalarının bir araya gəlib, hansısa məsələləri müzakirə edə biləcəyinə alışdırır. Bu da qeyri-adi bir şey olmadığı, xəyanətin olmadığı, siyasi alverin olmadığı təəssüratını yaradır.
Biz sivil, demokratik dövlət olduğumuzu bəyan edirik. Amma bu günə qədər iqtidar-müxalifət partiyalarını bir araya ATƏT gətirirdi. Bu, anormal vəziyyət idi. İndi artıq özümüz kənar qüvvələrin iştirakı olmadan toplaşa, tənqid, təqdir edə, təkliflər verə bilirik.
Mən bu tədbiri faydalı və əhəmiyyətli tədbir hesab edirən və düşünürəm ki, belə dəyirmi masalar müxtəlif mövzulür ətrafında daha çox olmalıdır. Çünki biz nə qədər ünsiyyəti sivilləşdirsək, normallaşdırsaq, Vətənə, millətə, dövlət təhlükəsizliyimizə o qədər faydalı olacaq”.