
Rusiya “Ukraynanın Ermənistan və Azərbaycanla münasibətlərini pisləşdirmək üçün informasiya əməliyyatına başlayıb”. Ermənistanda "Ukraynanın İrəvanla Bakı arasında münaqişə yaratmaq cəhdləri barədə saxta xəbərlər yayılır".
Moderator.az Liqa.net nəşrinə istinadla xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi öz telegram-kanalında belə bir bəyanatla çıxış edib .
Bəyanatda qeyd olunur ki, “Ermənistanın informasiya sahəsində, xüsusən də telegram-kanalları vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Moskvaya qarşı müharibədə ikinci cəbhə açmaq məqsədilə Azərbaycan və Ermənistan arasında silahlı münaqişəyə səbəb olmağa çalışdığı barədə yalan xəbərlər yayılır”.
"Bu məlumat hücumunun əsası kimi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Ukrayna Müdafiə Nazirinin müavini İvan Qavrilyuka ünvanlanmış yalan hesabatdan istifadə edilib. Sənəddə çoxlu kobud səhvlər var... Bundan əlavə, sənəd Ukraynada sənədlərin rəsmi qeydiyyatı tələblərinə cavab vermir", - bəyanatda deyilir.
“İşğalçı dövlət olan Rusiyanın əsas məqsədi Ukraynanı gözdən salmaq, Ukrayna-Ermənistan və Ukrayna-Azərbaycan münasibətlərini daha da pisləşdirməkdir. Bu, ilk növbədə işğalçı dövlət olan Rusiya üçün faydalıdır”, - xəbərdarlıqda qeyd edilib.