Əsas Səhifə > Güney Press > Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik

Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik


Dünən, 17:24
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır. Bu barədə APA-ya komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. Komissiyanın ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir. Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Sherg.az”a bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası mütəmadi olaraq fəaliyyətini davam etdirir və bu proses bir neçə mərhələdə aparılır:

“Vətəndaşlar tərəfindən müxtəlif vaxtlarda komissiyaya əfv olunmaları ilə bağlı ərizələr təqdim edilir. Bu ərizələr Komissiya tərəfindən diqqətlə araşdırılır və hər bir müraciət üzrə fərdi qiymətləndirmə gedir. Komissiyanın üzvləri ərizəçilərin cinayət xarakterini, onların cəza müddətindəki davranışlarını və digər sosial amilləri nəzərə alaraq rəy hazırlayırlar. Komissiyanın rəyi əsasında əfv üçün namizədlərin siyahısı tərtib olunur. Hazırlanan bu siyahı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilir. Prezident təqdim olunan siyahı üzərində yekun qərar verir və əfv fərmanını imzalayır. Əfv prosesinin həyata keçirilməsi müəyyən hüquqi və prosedur şərtlərə əsaslanır. Bu şərtlər arasında məhkumun cinayət xarakteri, cəza müddətinin nə qədərinin çəkilməsi, davranışlarının müsbətə doğru dəyişməsi və cəmiyyətə yenidən adaptasiya potensialı əsas meyarlar kimi çıxış edir. Komissiya bu şərtləri nəzərə alaraq hər bir müraciəti ayrıca müzakirəyə çıxarır. Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edirik və gözləyirik. Bundan əlavə, 28 May - Milli Müstəqillik Günü ilə əlaqədar da əfv fərmanlarının imzalanması mümkündür. Hər iki tarix Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır və bu dövrlərdə verilən əfv qərarları həm cəmiyyətə, həm də ailələrə müsbət təsir göstərir”.

Geri qayıt