Əsas Səhifə > Güney Press > İran və Rusiya susur, Ermənistan silahlanır:
İran və Rusiya susur, Ermənistan silahlanır:Dünən, 17:30 |
![]() Ermənistanın sürətli silahlanması və bu prosesin Fransa başda olmaqla müxtəlif dövlətlər tərəfindən dəstəklənməsi Cənubi Qafqazda yeni gərginlik ocağının yaranmasına səbəb ola bilər. Fransa artıq 26 ədəd “Bastion” zirehli transportyorunun 10-nun istehsalını başa çatdırıb və yaxın vaxtlarda Ermənistana göndəriləcəyini açıqlayıb. Bununla yanaşı, KNDS şirkəti tərəfindən 155 mm kalibrli 12 “SEZAR” özüyeriyən artilleriya qurğusu tədarük edilib və ilin sonuna kimi daha 24 bölmənin göndərilməsi planlaşdırılır. Bu proses təkcə Avropa ilə məhdudlaşmır. Ermənistan Hindistanla da danışıqlar apararaq “BrahMos” və ASTRA raket sistemlərinin alınmasını müzakirə edir. Gürcüstan limanları vasitəsilə Ermənistana yüzlərlə avtonəqliyyat vasitəsinin gətirilməsi və Naxçıvan istiqamətində yeni hava hücumundan müdafiə sistemlərinin qurulması bu silahlanma prosesinin miqyasını daha da genişləndirir. Azərbaycanla sülh danışıqları fonunda Ermənistanın bu qədər intensiv silahlanması ciddi suallar doğurur. Rəsmi İrəvanın sülh prosesinə sadiq qaldığını iddia etməsinə baxmayaraq, bu addımlar onun əksini göstərir. Ermənistan, üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, hələ də Qazaxın üç kəndini və Naxçıvanın Kərki kəndini geri qaytarmayıb. Bunun 2024-cü ilin mart-aprel aylarında həll olunacağı bildirilsə də, hazırkı silahlanma siyasəti vəziyyətin daha da mürəkkəbləşəcəyindən xəbər verir. Fransa Ermənistanı təkcə silahlandırmır, eyni zamanda, onun hərbi təcrübəsini artırmaq üçün dəstək verir. Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryanın NATO-nun hərbi komitəsinin iclasında Fransa quru qoşunlarının komandanı ilə görüşməsi və bu təcrübənin Ermənistan silahlı qüvvələrində tətbiq olunması planları rəsmi Parisin daha aktiv şəkildə İrəvanı silahlandıracağını göstərir. Fransanın müdafiə naziri Sebastian Lekornunun Ermənistana səfəri də bu strategiyanın bir hissəsi kimi qiymətləndirilir. Bu prosesin təkcə Ermənistanın gücləndirilməsi ilə məhdudlaşmadığı aydındır. Qərbin əsas məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşdırmaqdır. 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması üçün sistemli addımlar atılır. Gürcüstanda və Ukraynada uğursuzluğa düçar olan Qərb, Cənubi Qafqazda eyni strategiyanı tətbiq etməyə çalışır. Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev Ermənistanın sürətli silahlandırılmasının regionda heç də yaxşı hal kimi dəyərləndirilmədiyini bildirib. Onun sözlərinə görə, bu Fransa tərəfindən birinci hal deyil: “Əvvəllərdə həm "Bastion", həm də digər atıcı silahlarla bağlı belə məsələ olmuşdu. Yəni Ermənistanın vizual kəşfiyyatçılarına, Fransa tərəfindən bununla bağlı problemlər daim olub və olmaqda da davam edir. Əsas məqam da odur ki, sərhəddə dayanan vizual kəşfiyyatçılara bu silahlarla yanaşı, daimi nümayəndəlik statusu da verilməsi nəzərdə tutulur. Bu problemlərin hamısı Azərbaycan tərəfindən izlənilir və hər hansı bir adım atılarsa, qarşısı qətiyyətlə alınacaq. Ən ciddi məsələ də ondan ibarət ki, Fransa NATO üzvü olaraq bu qədər silah- sursatı məhz Ermənistana verir.Məlum məsələdir ki, Ermənistanın maddi vəziyyəti ürəkaçan deyil. Yaxud bunlar kredit adı altında veriləcək və sonradan o kredit də silinəcək. Fransanın öz məkrli siyasəti var. Məqsəd Ermənistan vasitəsilə regionda vəziyyətə nəzarət etməkdir , çünki Türkiyə yaxındadır. Baxmayaraq ki, Türkiyə-Ermənistan sərhədi, eyni zamanda NATO-Rusiya sərhədidir”. O bildirib ki, Fransa bu və digər şəkildə Rusiyanı regiondan çıxartmaq isıyir: “Amma məlumdur ki, 102 saylı baza sıradan bazalardan deyil və Ermənistan ərazisini tərk etməyə hazırlaşmır". Millət vəkili bildirib ki, Gürcüstanda , Ukraynada fiyaskoya uğramış Fransa Ermənistan vasitəsilə Cənubı Qafqazda öz siyasətini həyata keçirməyə çalışır: "Ən ciddi məqamlardan da biri İranın susmağıdır. NATO-nun silah- sursatı əraziyə gətirilirsə, İran düşünmürmü ki, bu proseslər nə ilə nəticələ bilər? Eyni zamanda, İranın Ermənistanda səfiri Mehdi Sübhaninin verdiyi açıqlamalara görə, Ermənistanla tərəfdaşlıq müqaviləsinin imzalanması da nəzərdə tutulur. Bunlar hamısı ciddi problemlər, silh müqaviləsinin imzalanmasına zərbə vuran məsələlərdir, yeni bir müharibə ocağının yaranmasına gətirib çıxara bilər. Eyni zamanda, delimitasiya-demarkasiya prosesi gedən vaxt Kəlbəcər istiqamətində ermənilər tərəfdən səngərlərin qazılması, silah -sursat yerləşdirilməsi çox ciddi problemlərdir. Azərbaycan təhlillər aparır. Ermənistan büdcəsi 1,7 milyard dollardır və bu gətirilən silah- sursat ora daxil deyil. Bu da ondan xəbər verir ki, Ermənistan ciddi silahlanır”. Deputat deyib ki, Azərbaycan buna cavab vermək iqtidarındadır: “Biz sülhün tərəfdarıyıq və sülh danışıqları, delimitasiya-demarkasiya məsələləri bizim üçün ön plandadır. Bu gün təbii ki, təhdid var, amma müharibə təhlükəsinin yaradılması məhz Ermənistanından istifadə edən havadarlarla bağlı ola bilər. Bunun da qarşısı alınmalıdır”. Geri qayıt |