Əsas Səhifə > Güney Press > "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..."

"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..."


Dünən, 17:10
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..."
Fevralın 1-də Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluq (DG ENEST) Avropa Komissiyasının tərkibində fəaliyyətə başlayıb. Qeyd edək ki, namizəd ölkələr və Aİ-yə üzv olmaq üçün potensial namizədlərlə genişlənmə və Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara cavabdehdir. Bu fəaliyyət həm Aİ daxilində, həm də onun hüdudlarından kənarda Aİ-nin genişlənməsinin faydalarını çatdırmaqdan ibarətdir. Direktorluq həmçinin Aİ-nin genişlənmə üzrə tərəfdaşlarına və Ermənistan, Azərbaycan və Belarus kimi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinə maliyyə və texniki yardımının böyük hissəsini idarə edəcək. Genişlənmə üzrə komissar Marta Kos deyib ki, Avropa qitəsində sülh, azadlıq və firavanlıq bilavasitə Avropa İttifaqının gücündən, birliyindən və böyüklüyündən asılıdır.
Politoloq Kazım Kazımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının genişlənmə məsələsi həmişə aktual olaraq qalır və namizəd ölkə də konkret olaraq var: “Qardaş Türkiyə uzun müddətdir namizəd ölkə olaraq qalır. Avropa İttifaqına qonşu Gürcüstan namizəd ölkə statusunu qoruyur. Hazırda həm Türkiyə, həm də Gürcüstanla danışıqlar dondurulub. Şərqi Avropa da Ukrayna və Moldova da namizəd ölkələr siyahısındadır”.

Politoloqun fikrincə, Avropanın genişlənməsi məsələsi həmişə siyasi müstəvidə həll olunub.

“Maastrit kriteriyasına əsasən inflyasiyanın həddi və iqtisadi məsələlər olmalıdır. Lakin Şərqi Avropa ölkələrinə xüsusən sosialist blokunun üzvü olmuş ölkələr, o, cümlədən Yunanıstan və bu şərtlərin bir çoxunu qarşılamadığı halda Avropa İttifaqına üzv edilmişdir”-deyə Kazım Kazımov qeyd edib.

Şərq tərəfdaşlığı məsələsi haqda politoloq bildirib ki, Avropa İttifaqında bugün yenə siyasi maraqlar bu tərəfdaşlıq məsələsinin önünə keçir.

“Azərbaycana qarşı, Belarusiyaya qarşı son dövrdə Gürcüstana qarşı qərəzli mövqeyi görürük. Belə ki, kimki Avropa İttifaqının diqtəsi ilə hərəkət etmirsə, təəssüflər olsun ki, Avropa İttifaqı o ölkə ilə əməkdaşlıq yolunu tutmur. O ölkələrə qarşı kontur addımlar atılır. Belə olan təqdirdə, münasibətlər gərginləşir. Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gərginləşməsində önəmli məsələ Azərbaycanın tarixi Qarabağ zəfərindən sonra Azərbaycanın iqtisadi və siyasi balanslı inkişafına Avropanın qarşı çıxması və Avropada fəaliyyət göstərən ermənipərəst qüvvələrin ittifaqa təzyiq göstərməklə öz maraqları istiqamətində yönləndirmələridir”-deyə politoloq vurğulayıb.

Kazım Kazımov bildirib ki, Avropa yenidən bu məsələləri canlandırmaq istəyərsə, bu dəfə Azərbaycana İrəvandan baxmamalı və erməni lobbisinin diktəsi ilə hərəkət etməməlidir: “Antiazərbaycan qüvvələr bu məsələlərdə aktiv rol oynamamalıdır. Bunlar yaxşı arzular olsa da Avropanın siyasi mənzərəsini təəssüflər olsun ki, bu dediklərimizi çox da yüksək ehtimal olaraq göstərmir”.

Geri qayıt