Əsas Səhifə > Güney Press > Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edirDünən, 17:15 |
![]() Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının öz tarixi yaşayış məskənlərinə qayıdışı ilə bağlı beynəlxalq hüquqa uyğun tələblərini təhrif etməkdənsə İcmanın istəyini elə onların özlərindən öyrənmək məqsədilə İcma nümayəndələrini qəbul etməlidir. Qərbi Azərbaycan İcması artıq xeyli vaxtdır ki, belə bir dialoqun başlanması niyyəti ilə Ermənistan hökumətinə müraciət ünvanlayıb və cavabını gözləyir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. Millət vəkili vurğulayıb ki, Nikol Paşinyanın hadisələri və faktları təhrifedici formada təqdim etməsi ilk dəfə deyil: “Vaşinqton səfərindən uğursuz qayıdan, “strateji tərəfdaşlıq” xülyası üçün yeni ABŞ administrasiyası ilə dialoq qura bilməyən Paşinyan ardınca etdiyi Paris səfərində revanşist məqsədləri üçün yenidən dəstək aldı. İrəvana qayıdan kimi militarist niyyətlərini ört-basdır etmək üçün növbəti dəfə mətbuata üzv tutdu. Paşinyan unudur ki, elə bir neçə həftə öncə Avropa İttifaqının sərhəddəki mülki müşahidə missiyası adı altında yarımhərbi və kəşfiyyat zabitlərinin fəaliyyət müddətinin uzadıması üçün onun hökuməti Brüsselə müraciət ünvanladı. Təbii ki, Fransanın xeyir-duası, Avropa İttifaqı üzvü olmayan Kanadının iştirakı ilə daha iki il müddətə uzadılan müşahidə missiyası etimada xidmət etməyən fəaliyyətini davam etdirəcək. Missiya özünün də elan etdiyi kimi müşahidələrini aparacaq və hazırladıqları hesabatları regiondan kənar qüvvələrə təqdim etməkda davam edəcək”. Deputat xatırladıb ki, Azərbaycan ərazilərini 30 il beynəlxalq hüquqa zidd şəkildə işğal altında saxlaması, 700 000 azərbaycanlını Qarabağ və ətraf ərazilərdən, 300 000 azərbaycanlını isə Ermənistandan güc tətbiq etməklə qovaraq etnik təmizləməyə məruz qoyması Ermənistanın dövlət məsuliyyətini yaradıb. “Təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin hazırda Bakıda keçirilən məhkəmə prosesi Ermənistanın dövlət məsuliyyətinin sübutu yolunda çox ciddi addımdır. Bu cinayət əməllərinin Bakı məhkəməsində sübutu isə zaman məsələsidir və Paşinyan hökuməti də bunu başa düşür və çox narahatdır. Buna görə də Paşinyan bir neçə həftə öncə Bakıda müttəhimlər kürsüsündə əyləşən və təqsirləndirilən şəxslərə “narkotik maddələr verilməsi kimi” absurd iddia səsləndirdi. İndi isə Ermənistanın Baş naziri növbəti manipulyasiyaya ələ ataraq, bəşəriyyətin gözü qarşısında şəffaf və açıq şəkildə baş tutan, “İkinci Nürnberq prosesi” kimi tanınan məhkəməni aşağılayır. Bu bir daha təsdiqləyir ki, İrəvanın siyasi dairələri Bakıda baş tutan məhkəmə prosesinin nəticəsi və onun perspektivindən ciddi narahatdır”, - deyə R.Nəbiyev qeyd edib. Milli Məclisin deputatı Azər Kərimli isə Trend-ə açıqlamasında bildirib ki, Paşinyanın son müsahibəsində səsləndirdiyi iddiaların nəyə xidmət etdiyini dəyərləndirmək üçün ilk növbədə onun atdığı addımlara diqqət yetirmək lazımdır: “Ermənistanın Baş nazirinin Fransaya səfəri öncəsi “Azərbaycanın hərbi təhdidi” barədə söz açması, qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı ilə bağlı müstəsna hüquqlarını “təzyiq” və “müharibə hazırlığı” kimi təqdim etməsi müsahibənin məqsədyönlü xarakter daşıdığını sübuta yetirir. Bütün bu əsassız iddialar isə bəhanə xarakterlidir və Fransandan yeni silahların alınması üçün qondarma əsasların formalaşmasına xidmət edir”. Millət vəkili xatırladıb ki, Ermənistanın Baş naziri daha öncə də oxşar iddialar səsləndirilib. “Bütün bu iddiaların zamanlanması konkret hədəflərə xidmət edib. Bu xüsusda Ermənistanın Fransa və Hindistandan silah tədarük etməmişdən öncə, yaxud Aİ-nin qondarma müşahidəçilərinin mövcudluq müddətinin uzadılmasından və ya bədnam “dördlüy”ün Brüsseldə keçirilən görüşündən əvvəl Paşinyan və ətrafının açıqlamalarını xatırlamaq yetərlidir. Ermənistanda hökumətlər dəyişib, amma süni xarici düşmən amili üzərindən silah, pul, texnika dilənmək ənənəsi dəyişməyib”. Deputat əlavə edib ki, Qərbi Azərbaycan hadisələri bütün həqiqətlərin başlanğıc nöqtəsidir. “Qərbi Azərbaycan məsələsi ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətini tam çılpaqlığı ilə, təkzibolunmaz faktlarla və həm də hadisələrin inkişafını zaman baxımından obyektiv, ədalətli müstəviyə daşıyaraq gün işığına çıxaracaq əsas amildir. Ədalətin tam bərqərar olması üçün yola da məhz həmin başlanğıc nöqtəsindən çıxmaq lazımdır. Azərbaycanlıların qayıdış hüququnun təmin olunması tarixi ədalətin bərpa olunmasının əsas nöqtəsidir. Tarixi ədalət bərpa olunmadan davamlı sülhə nail olmaq mümkün olmayacaq”, - deyə A.Kərimli fikrini yekunlaşdırıb. Geri qayıt |