Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi?
Əsas Səhifə > Güney Press > Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi?

Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi?


Bu gün, 10:05
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi?
“Transparency İnternational” təşkilatı 2024-cü il üçün Korrupsiya Qavrama İndeksinin yeni reytinqini dərc edib. Təşkilatın açıqladığı hesabatdan aydın olur ki, Danimarka 100 baldan 90, Finlandiya 88, Sinqapur 84 bal toplayaraq reytinq cədvəlinə rəhbərlik edirlər.

Region ölkələri arasında ən yaxşı yerləri Gürcüstan (53 xal, 53-cü yer), Ermənistan (47 bal, 63-cü yer) tutub. Rusiya və Azərbaycan (hər biri 22 xal, 154-cü yer), Özbəkistan 32 balla 121-ci, Qazaxıstan isə 40 balla 80-cidir. Reytinq cədvəlinin autsayderləri Cənubi Sudan (8), Somali (9) və Venesueladır.

Göründüyü kimi, Azərbaycan 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü yeri tutub. Əvvəlki illərdəki hesabatlara nəzər yetirsək, Azərbaycanın mövqeyinin son illərdə kəskin pisləşdiyini görə bilərik. Məsələn, 2020-ci ildə Azərbaycan 30 balla 126-cı yerdə qərarlaşmışdı. Bu geriləmənin səbəbi nədir? Ölkənin hesabatda mövqeyini yaxşılaşdırmaq üçün nələr edilməlidir?

Ekspert İlham Şabanın fikrincə, hesabatda ədalətsiz yanaşma var: “Tamamilə reallıqdan uzaq bir hesabatdır. Qazaxıstanda da, Rusiyada da bir layihənin başa gəlməsi üzrə verilən rüşvət Azərbaycandan həmişə yüksək olub. Bunu görmək üçün sadəcə həyata keçirdikləri layihələrin qiymətinə baxmaq kifayətdir”.

Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə isə reytinqdə geriləmənin səbəbi korrupsiyaya qarşı kompleks mübarizənin aparılmamasıdır: “Hərdən bir hansısa qurumdakı bir korrupsioneri tuturlar, bununla da iş bitir. Bu, sistemli mübarizə deyil. Sistemli mübarizə odur ki, həm korrupsiya əməlinə yol verəni cəzalandırırsan, həm də digərlərinin bu addımı atmasının qarşısını alırsan. Bunun da yeganə yolu dövlət məmurlarının gəlir bəyannaməsi təqdim etməsidir. Artıq 20 ilə yaxındır ki, qanunun bu tələbinin yerinə yetirilməsi üçün prezident tərəfindən Nazirlər Kabinetinə bəyannamə forması hazırlayaraq təsdiqləmək tapşırılıb, amma ortada nəticə yoxdur. Digər tərəfdən, Azərbaycanda əmlak reyestrləri qapalıdır. Dünyada bəzi hallarda ödənişli olsa belə, əmlak sahibliyinə dair məlumatlar açıqdır. Azərbaycanda qapalı olduğuna görə dövlətdən pul oğurlayan məmur onu rahatlıqla əmlaka yatıra bilir. Halbuki açıq olarsa, ictimaiyyət hansı məmurun hansı əmlaklara sahib olduğunu bilər, lazım gələndə ictimai qınaq olar”.

Hüquqşünas daha bir məsələni gündəmə gətirir: “Digər bir məsələ, korrupsiyaya qarşı mübarizə qanunvericiliyi dövlət qulluqçuları üzərində qurulub. Son illərdə Azərbaycanda çoxsaylı publik hüquqi şəxslər yaradılıb, onlarda çalışanlar dövlət qulluqçusu statusundan çıxıblar. Belə qurumların əksəriyyəti dövlət büdcəsindən iri məbləğdə vəsait alırlar, vəzifəli şəxslər külli miqdarda əməkhaqqı alırlar. Amma onlar korrupsiya qanunvericiliyinin subyektləri deyil”.

Onu da qeyd edək ki, fevralın 6-da Azərbaycan Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının iclası keçirilib. Rəsmi məlumata əsasən, komissiyanın sədri Samir Nuriyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi baxımından korrupsiyaya qarşı mübarizə mühüm əhəmiyyət daşıyır.

Milli Məclisdə isə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirələri gedir. Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.

Hesab olunur ki, bu dəyişikliklər korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində həyata keçirilən tədbirlərin effektivliyini daha da artıracaq.

Geri qayıt