Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildiBu gün, 10:53 |
![]() Tovuzda qətl törətməkdə təqsirləndirilən Vüsal Əhmədov və Anar Tağıyevin cinayət işinə Ali Məhkəmədə yekun vurulub. Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 2022-ci ilin iyulunda Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Nizami Vəliyev bıçaqlanaraq qətlə yetrilib. 1987-ci il təvəllüdlü Anar Tağıyev və 1983-cü il təvəllüdlü Vüsal Əhmədov isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatlarına gəlincə, Kənan adlı şəxsin Anar Tağıyev və Vüsal Əhmədov ilə mübahisəsi düşüb. Mübahisəyə 35 yaşlı Nizami Vəliyev də qarışıb. Nizami Vəliyev digər şəxslərə nalayiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Anar Tağıyev Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurub. Nizami hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı Vüsal və Anar da bıçaq xəsarətləri alıb. Daha sonra Vüsal Əhmədov və Anar Tağıyev istintaqa cəlb edilib. Onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddələri ilə ittiham elan edilib. “Mülayim danışdım” Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal Əhmədov özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Tovuz rayonunda qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır: “2022-ci ilin iyul ayının əvvəllərində iş yoldaşım, Qazax rayon sakini Eldəniz adlı şəxs zəng etdi, tanışının Tovuz rayonunda Məhər adlı oğlanla dalaşdığını, bu barədə maraqlanaraq məndən Məhərlə söhbət etməyimi xahiş etdi. Mən də Məhərin nömrəsini tapdıqdan sonra ona zəng etdim, dava-dalaşla bağlı ondan maraqlandım. Həmin vaxt Məhər telefonu yanında olan Nizami adlı şəxsə verdi. Nizamini əvvəllər rayon sakini kimi tanımışam və onun dava-dalaşa meyilli biri olduğunu, sərxoş olanda heç bir səbəb olmadan söyüş söyməsini bildiyimdən Nizami ilə mülayim danışdım. Nizamidən dava-dalaşla maraqlandıqda onun yenə də sərxoş olduğunu gördüm, telefon danışığını sonlandırdım”. “Normal oğlan kimi tanımadığımı dedim” Vüsal Əhmədovun sözlərinə görə, 10 iyul 2022-ci ildə Kənan adlı tanışı ona zəng edib və telefonda ondan Məhərin necə oğlan olduğu ilə maraqlanıb: “Mən də Məhəri normal oğlan kimi tanımadığımı dedim. Həmin vaxt telefon mikrofonda olduğu üçün Məhər haqqında dediyim sözləri özü də eşitdi. İyulun 8-də qaynım Orxan Yusibovun Bakı şəhərində toyu oldu. İyulun 10-da ailəlikcə toyla bağlı Tovuz rayonuna gələsi oldum. Tovuza gəldikdən sonra həmin gün öz evimizdə qaldıq. İyulun 11-də, saat 11 radələrində dostum Anar mənə zəng etdi, məni “Əsrik” dərəsinə çörək yeməyə dəvət etdi. Saat 12 radələrində Anar özünün idarə etdiyi “Niva” markalı avtomobil ilə gəldi və məni evimizdən götürdükdən sonra ortaq dostlarımız olan Kənanı da “Turan” şadlıq evinin qabağından götürdük. Həmin vaxt Nizami Kənana zəng etdi, mənim rayona gəldiyimi eşitdiyini dedi, məni Tovuz rayonunun Abulbəyli kəndi ərazisində yerləşən “060” çay evinə çağırdı. Mən Anar və Kənan ilə birlikdə həmin çay evinə getdik. Nizami özü, Məhər və onun adını bilmədiyim qardaşı ilə orada idi. Nizami mənə onun dalınca danışdığımı dedi. Nizamiyə mənimlə heç bir düşmənçiliyinin olmadığını və onun haqqında heç kimə bir söz demədiyimi bildirdim. Həmin vaxt zənn etdim ki, yəqin Məhər özü ona dediyim sözlərlə bağlı Nizamiyə mənim haqqımda şikayətlənib. Orada söhbətlərimiz zamanı bir-birimizlə hər hansı sözlü mübahisələrimiz olmayıb və yoldaşyana sağollaşdıq. Oradan durduqdan sonra Anar, mən və Kənan üçümüz birlikdə Tovuz şəhər ərazisində yerləşən “Elton” kafesinə getdik, orada yeyib-içərkən Nizami Kənana zəng etdi. Bizi yenidən oturaraq söhbət etməyə çağırdı. Kənan da işlərinin olduğunu və daha sonra görüşərək söhbət edəcəyimizi bildirərək sağollaşdı. Oradan durduqdan sonra yaxınlıqda yerləşən adını bilmədiyim çayxanaya getdik. Söhbət edən zaman Nizami yenidən Kənana zəng etdi. Kənan da hər dəfə onu yola verdi. Nizami dayanmadan Kənana zəng etdi. Kənan da mənə Nizaminin əl çəkmədiyini, bizimlə danışmaq istədiyini dedi. Mən də Nizami ilə danışaraq ona başımın qarışıq olduğunu, daha sonra onunla görüşə biləcəyimizi dedim. Nizami də mənə təkbətək görüşmək istədiyini bildirdi. Nizamiyə "yaxşı" deyərək onu yola verdim və sağollaşdım”. “Öldüyünü bildim” Vüsal Əhmədov qeyd edib ki, daha sonra Nizami yenidən Kənana zəng edəndə telefona Anar cavab verib: “Həmin vaxtı Nizami Anarın ünvanına nalayiq söyüşlər söydü, onu Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən “Komfort” çay evinə dəvət etdi. Anar stoldan duraraq getmək istəyəndə biz onu sakitləşdirməyə çalışdıq. Anar isə bizə məhəl qoymadı və maşına tərəf gedərək oturdu. Biz də Anarı tək qoymamaq üçün onunla getdik. Yolda olanda Kənan Rasim adlı tanışına zəng etdi və bizimlə birlikdə getməyə çağırdı. Yol üstü Rasimi də götürdük. Nizami deyən yerə, yəni Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən “Komfort” çay evinin yanına gəldikdən sonra Anar avtomobilini qarşıdan döndərərək çay evinin qarşısında yolun əks istiqamətində, yəni üzü Tovuz şəhəri istiqamətində saxladı. Anar maşını saxlayan kimi ilk öncə özü avtomobildən düşdü və Nizaminin üzərinə doğru getdi. Nizami ilə bir-birlərinə bıçaqla xəsarət yetirməyə çalışdılar. Həmin vaxt Nizami ilə Anarın bir-birlərinə bıçaqla xəsarət yetirmək istədiklərini gördüm, onları aralamaq istəyəndə Nizami əlində olan bıçaqla mənim əlimə xəsarət yetirdi. Mən də Nizaminin bu hərəkətindən əsəbləşdim və onun sol qoluna bıçaqla xəsarət yetirmək istədikdə bıçaq onun ürək nahiyəsinə dəydi. Daha sonra Nizami azğınlaşmış formada həm Anarın, həm mənim, həm Kənanın, həm də Rasimin üzərinə bıçaqla hücum çəkdi. Həmin vaxt Anar tez maşına oturdu və oradan uzaqlaşdı. Mənim də təxminən 5-6 metr məsafədə dayandığı yerdən götürdü və birlikdə xəstəxanaya getdik. Maşınla gedərkən yolda Anara Nizamini ürəyindən bıçaqladığını dedim. Anar da mənə narahat olmamağı və Nizaminin ölməyəcəyini dedi. Mərkəzi xəstəxanada bizə ilkin tibbi yardım göstərdilər. Daha sonra oraya polis əməkdaşları da gəldi. Polislərə könüllü olaraq Nizamini bıçaqla vurduğumu bildirdim. Xəstəxanada olanda Nizaminin almış olduğu xəsarətdən hadisə yerində öldüyünü bildim”. Məhkəmədə ifadə verən digər təqsirləndirilən Anar Tağıyev də ittiham üzrə özünü təqsirli bilməyib. O, da Vüsal Əhmədovun ifadəsinə uyğun danışıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Əhmədov 17 və Anar Tağıyev 16 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Vüsal Əhmədov şikayətində əməlini 122 (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) və ya 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddələrindən birinə tövsif olunmasını, bu mümkün olmadıqda barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzatəyin edilməsini xahiş edib. Digər təqsirləndirilən Anar Tağıyev isə Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə bəraət verilməsini və Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasının minimum həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edib. Dövlət ittihamçısı apellyasiya protesti verərək hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib. Zərərçəkmiş şəxsin hüquqi varisi də apellyasiya şikayəti verib, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətləri, həmçinin dövlət ittihamçısının protesti təmin olunmayıb. Bu qərardan tərəflər Ali Məhkəməyə müraciət ediblər. Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Qərara görə, tərəflərin kasasiya şikayətləri təmin olunmayıb. Geri qayıt |