
"Tanınmış yazıçı Müşfiq Xanın oğlunun evdən qaçması cəmiyyətimiz üçün ciddi bir siqnaldır. O, məktubunda dərslərin onu sıxdığını, yorulduğunu və bu səbəbdən evdən ayrıldığını bildirib. Bu, təkcə bir fərdin problemi deyil, ümumi təhsil sistemimizin uşaqlar üzərində yaratdığı təzyiqin nəticəsidir".
Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edir ki, hazırkı təhsil sistemində şagirdlərin həyatında balans yoxdur:
"Onlar günlərinin böyük hissəsini dərs oxumağa, hazırlıqlara və imtahana hazırlaşmağa sərf edirlər. Uşaqlıq çağları, oyun, sərbəst zaman və sosiallaşma imkanları minimuma enib. Belə mühitdə böyüyən uşaqların psixoloji yorğunluq yaşaması, hətta özlərini çıxılmaz vəziyyətdə hiss edərək qaçmaq kimi radikal qərarlar verməsi təəccüblü deyil.
Məsələ təkcə ali məktəblərə qəbulun çətinliyində deyil, həm də ümumi təhsil yanaşmamızdadır. Qəbul imtahanlarına hazırlıq sistemi şagirdlərə bilik qazandırmaqdan çox, test texnikasına öyrəşdirmək məqsədi daşıyır. Müxtəlif ölkələrin təhsil modellərində imtahan yükünün balanslı şəkildə paylandığını görmək mümkündür. Məsələn, Finlandiya və Estoniya kimi ölkələrdə imtahan sistemi uşaq psixologiyasına uyğun qurulub. Bizdə isə məktəb və hazırlıq prosesi şagirdləri bir yarış iştirakçısı kimi formalaşdırır".
Kamran Əsədovun fikrincə, problemin həlli üçün təhsil sistemində ciddi dəyişikliklər edilməlidir:
"Şagirdlərin asudə vaxtı və psixoloji rahatlığı nəzərə alınmalıdır. Məktəblərdə tədris yükü balanslaşdırılmalı, təcrübəyə və interaktiv metodlara üstünlük verilməlidir. Uşaqların psixoloji sağlamlığına xüsusi diqqət yetirilməli, psixoloq xidməti effektiv olmalıdır. Qəbul imtahanlarının forması və məzmunu müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.
Əks halda, təhsil sistemimizin təzyiqi altında böyüyən nəsil ya psixoloji sarsıntılar keçirəcək, ya da müxtəlif yollarla bu sistemdən qaçmağa çalışacaq".