Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budurBu gün, 06:30 |
İpoteka və Kredit Zəmanət Fondu müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb. Digər tərəfdən, vətəndaşların bu istiqamətdə fikirləri birmənalı deyil. Əksəriyyət Azərbaycanda ipoteka sisteminin əlverişsiz olduğunu qeyd edir, bunu ilkin və aylıq ödənişlərin insanların gəlirindən çox olması ilə əsaslandırırlar. Bu baxımdan, bir qisim insan torpaq alıb ev tikməyə üstünlük verir, bunun daha ucuz başa gəldiyini düşünür. Paralel olaraq, bunun da çətin olduğunu vurğulayanlar az deyil. Bəs hazırkı dövrdə hansı üsulla ev əldə etmək daha əlverişlidir? Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun banklara ayırdığı kredit limitləri hər il artır: “Problem kredit limitləri ilə bağlı deyil, tamam başqa istiqamətdədir. “İpoteka kreditləri əlverişsizdir”, deyə birmənalı fikir söyləmək doğru olmazdı. İlkin ödənişlər əslində çox deyil. Məsələn, ilkin ödənişlər təxminən 10-15 faizdən başlayır. Yəni 100 min manatlıq ev alan insanın 10 min manatı öncədən verməsi hesab edirəm ki, çətin olmaz. Əgər bu şəxs hər ay ortalama 1000 manat pul verəcəksə, 10 ay əvvəldən yığmağa başladığı təqdirdə, həmin ödənişi tamamlaya bilər. Problem 10 faizdə və ya kredit limitlərində deyil, daha çox ipoteka kreditini götürdükdən sonra hər ay o vəsaitin verilməsindədir. İpoteka krediti götürən insanın aylıq ödəniş həcmləri və onun gəlirləri arasındakı mütənasiblik məhz ipoteka kreditlərinin qaytarılması zamanı problem yaradır. Söhbət burada əmlakın qiymətindən gedir. Təbii ki, kredit məbləğini artırmaq, faizini aşağı salmaq daha yaxşı olar. Amma ən yaxşısı mənzil qiymətlərinin ucuz başa gəlməsidir. Bu, mümkündürmü? Xeyr”. İqtisadçı qeyd edib ki, hazırkı iqtisadi şərtlər daxilində – tikinti, inşaat məhsullarının, enerjinin, torpaq qiymətinin dayanmadan qalxdığı bir zamanda, xüsusilə paytaxtda evlərin qiymətinin aşağı düşməsi mümkün deyil: “Bakıda tikinti sektoru üzrə təbii rəqabət var. O ki qaldı torpaq alıb ev tikmək daha əlverişlidir, ya ipoteka götürməyə, bu tip sualların birmənalı cavabı olmur. Bunun hər kəs üçün saysız-hesabsız doğru cavabları var. Əlindəki vəsaiti yığmaq qabiliyyəti olan insan üçün ucuz bir ev almaq daha yaxşıdır, nəinki, ipoteka ilə baha ev almaq…Daha sonra o evdə yaşayaraq, yenə növbəti hissədə pul yığaraq, həmin evi satmaq daha məqsədəuyğundur. Amma insanlar bununla qane olurmu? Təcrübə göstərir ki, insanlar daha çox ipoteka kreditlərinə müraciət edirlər. Bu da insan təbiətinin bir göstəricisidir. Normal olmayan bir şey sadəcə olaraq insanların həddindən artıq Bakı şəhərinə yüklənməsidir. Paytaxtda torpaq, mənzil qiymətləri çox bahadır”. Deputat Vüqar Bayramov isə xatırladıb ki, 2025-ci ildə ipoteka kreditləşməsinə dövlət büdcəsindən 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub: “Bu o deməkdir ki, bütövlükdə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 168 milyon manata çatıb. Limitlərin ayrılması həm adi, həm güzəştli ipoteka kreditləri üzrə artıq vəsaitlərin ayrılacağı anlamına gəlir. Güzəştli ipoteka kreditlərinin şərtləri məqbul hesab olunur, çünki ilkin ödəniş 10 faizə qədərdir, illik faiz isə cəmi 4 faiz təşkil edir. Əslində ipotekaya kifayət qədər müraciətlər olub və müəyyən müddətdən sonra müraciət nəticəsində vətəndaşlar limitlərdən də istifadə edirlər. Amma sözsüz, ipotekanın dairəsinin genişləndirilməsi ilə yanaşı, torpaq sahələrində fərdi evlərin inşası üçün vəsaitlərin ayrılması da məqsədəuyğun olardı. Nəticə etibarı ilə bu, bütövlükdə daha çox vətəndaşlarımızın mənzilə sahib olması və onların mənzil problemlərinin həll olunmasına imkan yarada bilər”. Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə deyib ki, orta hesabla, vətəndaşların çox hissəsi imtiyazlı təbəqəyə aid olmadığına görə onların götürdüyü ipotekanın faiz dərəcəsi illik 8 faizdir: “Son illər ərzində əmlakın dəyəri bahalaşıb, bunu nəzərə alsaq, üstəlik 8 faizlə 20-25 illik ipotekanı hesablayanda təbii ki, sonda əmlakın dəyəri ilə bağlı nəticəyə əsasən, vətəndaş bunu əlverişsiz hesab edir. Məsələn, ipoteka proqramı ölkədə 15-16 il öncə başlayanda vətəndaşlar adətən birotaqlı mənzillər, hətta 40-45 min dəyərində “Xruşşov” layihələri alırdılar. İlkin ödənişi 15 faiz etməklə az məbləğ ödəyirdilər və nəticə etibarilə, aylıq ödənişlər də az olurdu. Belə əmlakın baha başa gəlməməsi, aylıq ödənişlərin çox olmaması əlverişli idi. Lakin ilbəil danışmaz əmlakın bahalaşması vətəndaşın fərdi ev almasını, ipotekaya müraciət etməsini çətinləşdirdi. Bu baxımdan, ipotekanın əlverişsiz olduğunu düşünənlər çoxdur”. Ekspertin fikrincə, burada inflyasiya da, milli valyutanın dəyərdən düşməsi də önəmli məsələdir: “Məsələn, 20 il öncə Əhmədli və şəhərin kənar qəsəbələrində yeni tikililərin 1 kvadrat metri 200 manat idi, hazırda isə bu məbləğ 1700 manata kimi artıb. Heç kəs bilmir ki, hazırda kvadratı 1700 manatla alınan hər hansısa əmlakın sonrakı 20 il ərzində ipoteka bağlananda qiyməti nə olacaq. Bu baxımdan, ipotekaya heç də əlverişsiz demək olmaz. Lakin müxtəlif proqnozlar olur. Misal üçün, son üç il ərzində ipotekaya müraciət edənlərin sayı kəskin çoxalıb. Səbəb kəskin bahalaşma ilə bağlıdır. Vətəndaşların yığım kapitalı çox olmadığına, bahalaşma ilə ayaqlaşa bilmədiklərinə görə ipotekaya müraciətlərin sayı da çoxdur. Sözsüz ki, bir çox vətəndaşlar müqayisə edir və fərdi evlərin tikintisinə daha çox üstünlük verirlər. Çünki ölkəmizdə aztəminatlı ailələrin çoxu ipoteka krediti götürə bilmirlər. Bu baxımdan vətəndaşların çoxu daşınmaz əmlak, mənzil problemlərinin həll yolunu fərdi evlərin tikintisinə yönəldirlər. Yığdıqları kapitala uyğun şəhərin qıraq hissəsində torpaq, tədricən vəsait topladıqca isə inşaat materialları alırlar, evi tikirlər, təmir edirlər. Belə əmlak isə sözsüz ki, daha ucuz başa gəlir və vətəndaşları 20-25 il ərzində ipotekadan asılı etmir”. Geri qayıt |