Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Tenderlərlə bağlı SİRLİ OYUNLAR

Tenderlərlə bağlı SİRLİ OYUNLAR


Bu gün, 08:44
Tenderlərlə bağlı SİRLİ OYUNLAR
Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən biri dövlət satınlamaları prosesidir. Ölkəmizdə də müxtəlif sahələr üzrə tenderlər elan edilir. Məlumat üçün qeyd edək ki, tender daha çox yüksək məbləğli malların alınması zamanı tətbiq edilən satınalma növlərindən biridir. Onun predmeti isə layihələşdirmə, nəqliyyat daşımaları, bərpa, faydalı qazıntı yataqlarının işlənməsi, təbiətin mühafizəsi, icarə, tikinti, təmir və digər məsələlərlə bağlı müxtəlif xidmətlər ola bilər. Təəssüf ki, zaman-zaman bu sahə ilə bağlı müəyyən şikayətlər səsləndirilir, narazılıqlar dilə gətirilir. Bildirilir ki, əksər şirkətlər süni, administrativ yolla qalib olur, bu isə birbaşa qanunların gözardı edilməsidir. Necə deyərlər, bir işin və ya xidmətin ən uyğun və aşağı qiymətlərlə həyata keçirilməsi üçün bu xidməti təklif edən iddiaçılar arasında təşkil olunan müsabiqə gözləntiləri qarşılamır.

Bu problemin qarşısının alınması üçün hansı tədbirlər görülür? Yaxud nə kimi işlərin görülməsinə ehtiyac var?

Globalinfo.az
-a danışan deputat Fazil Mustafa Azərbaycan Respublikasının Rəqabət Məcəlləsini xatırladıb:

“Proses qanunaziddirsə, bunu mübahisələndirmək formasında ayrı-ayrı qurumlar məhkəməyə müraciət edə bilərlər. Əgər bu məsələlər arbitaj və ya kommersiya xarakterlidirsə, buna müvafiq olaraq onların öz hüquqlarını qorumaq istiqamətində lazımi məhkəmə instansiyasına müraciət etmələri mümkündür. Yəni məsələnin mahiyyəti daha çox budur. Ümid edək ki, bu sahədə müəyyən tənzimlənmələr qaydaya düşəcək və belə şikayətlər də olmayacaq. Amma zaman-zaman bu cür narazılıqlar səsləndirilir və bunu ortadan qaldırmaq lazımdır”.

İqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, tenderlərin şəffaflığının artırılması yolları tapılmalıdır:

“Yəni tenderlərlə bağlı problemlər əsasən şəffaflığın az olması ilə əlaqəlidir. Məsələn, bəzi ölkələrdə tenderlər televiziyalarda canlı yayımlanır. Düzdür, böyük, daha ciddi maliyyə resursları ilə bağlı tenderlər olanda bu, belədir. Türkiyə bu üsuldan istifadə edir. Düşünürəm ki, şəffaflığın artırılması ilə bağlı tədbirlər gücləndirilməlidir. Tenderlərlə bağlı ictimai şuralar yaradılmalı, nəzarət mexanizmləri təsis edilməlidir. Nəzarət mexanizmləri artarsa, orada iştirak edən şirkətlərin də, tenderləri keçirən dövlət qurumlarının da həm məsuliyyəti, həm də qanun qarşısında cavabdehliyi artmış olar”.

İqtisadçı Pərviz Heydərov isə qeyd edib ki, bu məsələ olduqca ciddi əhəmiyyət kəsb edir:

“Ümumiyyətlə, dövlət satınalmaları üzrə keçirilən tenderlərdə şəffaflığın təmini, vəsaitə qənaət və eyni zamanda keyfiyyətin təşkili və qorunması bizim kimi iqtisadi gəlirləri sırf resurs satışına bağlı olan ölkələrdə düzgün inkişafın başlıca sütunlarından birini formalaşdırır. Etiraf etmək lazımdır ki, ölkəmizdə bu sahədə kifayət qədər geniş və əsaslı hüquqi-normativ baza mövcuddur. Lakin sözügedən məsələyə dair heç də hər şey normal vəziyyətdə deyil. Çünki iqtisadi sistemin özündə problemlər mövcuddur”.

P.Heydərov bildirib ki, bunların sırasında ən mühümü rəqabət şəraitinin zəif olması və yaxud heç olmamasıdır:

“Bu, çox ciddi problem sayılır. Bir səbəbi ondadır ki, ölkədə bu və ya digər sahə üzrə müvafiq şirkətlərin sayı azdır. Hələ bununla belə, himayəçilik elementləri də mövcuddur. Digər səbəb olaraq isə, inhisarçılığı qeyd etmək lazımdır. Odur ki, bir çox tenderlərdə gizli və aşkar alternativsizlik hökm sürür. Nəticədə həm keyfiyyət, həm qənaət prinsipləri pozulur. Ona görə də hesab edirəm ki, sözügedən məsələdə şəffaflığın təmini və himayəçiliyin tamamilə aradan götürülməsi üçün ilk növbədə iqtisadiyyatın özündə çox şaxəlilik olmalı, geniş və dərin şəkildə rəqabət şəraiti hökm sürməlidir”.

Geri qayıt