Əsas Səhifə > Ana xəbərlər, Güney Press > ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİABu gün, 08:43 |
![]() “Bakı Vaşinqtonun yeni müttəfiqinə çevrilə bilər”. “Yeni Müsavat”ın xəbərinə görə, bu barədə “The National İnterest” nəşrinin məqaləsində bildirilir. Nəşr yazır ki, İsrail və mötədil sünni ərəb dövlətləri arasında “İbrahim Razılaşması” regional təhlükəsizlik arxitekturasının həyati və zəruri komponenti olsa da, təkbaşına qeyri-kafidir. Buna görə Tramp administrasiyası güc vasitəsilə sülhə nail olmaq üçün dostlarını və müttəfiqlərini toplamalı olacaq. Nəşr onu da qeyd edir ki, bu məsələdə Azərbaycanın oynaya biləcəyi rolu tanımaq üçün çox uzağa getmək lazım deyil. Azərbaycan İranla əhəmiyyətli sərhədi olan müsəlmanların çoxluq təşkil etdiyi ölkədir. Bu ölkə İranı şimal-cənub ticarət dəhlizini fəal şəkildə inkişaf etdirən Rusiyadan ayırır. Bakı Limanı həm də Mərkəzi Asiyadan Şərq-Qərb ticarəti üçün əsas ticarət qapısıdır. 2020-ci ildə Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazandıqdan sonra Azərbaycan özünü getdikcə yüksələn orta güc kimi görür. Bakı hələ də İrəvanla münaqişədən sonra nizamlanmaya nail olmaq üçün çalışsa da, öz strateji mövqeyini təsdiqləyir. Azərbaycan Mərkəzi Asiyadakı Transxəzər qonşuları ilə daha sıx əlaqələr qurur. Hətta Yaxın Şərqdə Azərbaycan bir neçə cəbhədə əsas rol oynayır. Azərbaycanın İranla çox çətin ikitərəfli əlaqələri var, lakin Bakı öz maraqlarını təmin etməklə yanaşı, münaqişədən yayınmağı bacarır. Dünyəvi bir şiə ölkəsi olan Azərbaycan İrandan onilliklər ərzində ixrac etməyə çalışdığı radikal şiə islamçılığı ilə təhdid edilir. Daha çox geosiyasi miqyasda İranın Ermənistanla uzun müddət müttəfiqliyi Azərbaycan üçün əsas problem olub. Ola bilsin ki, Yaxın Şərqdə ən əhəmiyyətli iştirak Azərbaycanın ABŞ-ın əsas müttəfiqi olan İsraillə otuz illik strateji əlaqələridir. Azərbaycan-İsrail münasibətləri üç əsas səviyyədə cəmlənib. Bakı Qüds üçün enerji təhlükəsizliyinin mühüm mənbəyidir. Digər tərəfdən, İsrail hərbi texnikanın əsas tədarükçüsüsüdür. Ekspansionist İrandan gələn ortaq təhlükəni bölüşən iki ölkə İslam Respublikasının regionda güc proyeksiyası cəhdlərinə qarşı çıxmaq üçün xüsusilə kəşfiyyat məlumatlarının mübadiləsində yaxın tərəfdaşlığı qoruyub saxlayıb. Əsas məqam odur ki, boru kəmərinin İsrailə neft tədarükü Qəzzada on beş ay davam edən müharibə boyu fasiləsiz davam edib. Bu, qismən Türkiyənin daxildən gələn ictimai təzyiqlərə müqavimət göstərməsi ilə mümkün olub. Bununla belə, Azərbaycanın müttəfiqi Türkiyənin davranışını formalaşdırmaq səylərini qiymətləndirməmək olmaz. Əks halda, prezident Rəcəb Tayyib Ərdoğan hökuməti, xüsusən də ideoloji islamçı oriyentasiyasını nəzərə alaraq, asanlıqla daha sərt anti-İsrail mövqeyinə keçə bilərdi. Vaşinqton İranın geosiyasi ambisiyalarını cilovlamaq üçün Bakı-Qüds münasibətlərindən istifadə edə bilər. Azərbaycan İranı nəzarətdə saxlamaq və Türkiyə ilə mühüm əlaqə kanalını saxlamaq üçün ABŞ-ın əsas müttəfiqi ola bilər. Ağ Evin Cozef Baydenin prezidentliyi dövründəki bəzi ermənipərəst addımlarını nəzərə almasaq, Vaşinqtonda Azərbaycanla əməkdaşlığa həmişə böyük önəm verildiyini deyə bilərik. Azərbaycan ötən əsrin son onilliyində öz dövlət müstəqilliyini bərpa edəndə Vaşinqton həmin müstəqilliyi Türkiyə, Pakistan, Rumıniya və İsveçrədən sonra olsa da, Moskvadan iki ay yarım əvvəl - 1992-ci il yanvarın 23-də tanıyıb. “Mən bura Prezidentin son çıxışlarından birindəki məqamı əlavə edərdim: dövlət başçısı demişdi ki, yeni administrasiya dövründə Azərbaycan Birləşmiş Ştatlarla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilər. Qərb nəşrləri də bu qənaətdədir ki, Bakı Vaşinqtondakı yeni iqtidarla mismarı eyni yerə vurmağa qadirdir. Nəzərə alaq ki, Rusiya kontekstində vəziyyət "rusca"dır və aramızdakı soyuqluq davam edir. Belə şəraitdə Birləşmiş Ştatlar Azərbaycanın Cənubi Qafqazda həyati əhəmiyyətli rolunu qiymətləndirməyə bilməz". “Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli belə qiymətləndirir. VHP sədrinin müavini fürsət pəncərəsi açıldığını görür və ümid edir ki, tərəflər potensiallarını istifadə edəcəklər: “Trampın Netanyahunu necə qarşıladığını diqqətlə izləmək lazım idi. Onun yevangelistlərdən aldığı dəstək sirr deyil. Ümumiyyətlə, yəhudi lobbisi Trampla sıx bağlıdır və seçkidə müstəsna dəstək verir. Azərbaycanın da İsraillə spesifik xarakteri olan münasibətlərini nəzərə alaraq, ABŞ-ın yeni hakimiyyəti ilə yaxınlaşmanı sürətləndirə bilərik”. S.Əsədli Bakının Tehrana qarşı platsdarm olacağını isə gözləmir: “Bu günlərdə Tehranda yüksək səviyyəli görüş keçirildi və Hikmət Hacıyev bəyan etdi ki, Azərbaycan heç zaman İranı təhdid etməyəcək. Bu da amerikalılar üçün siqnal olmalıdır ki, bizimlə müttəfiqlik və ya strateji tərəfdaşlıq üçüncü tərəfin əleyhinə yönələ bilməz. Üstəlik, həmin tərəf qonşudursa, heç olmaz. Azərbaycan belə həssaslıqları diplomatiyada nəzərə alır. Yəni biz Rusiya və İrana qarşı onların düşmənləri ilə birləşmirik. Qoy bunu hansı region ölkəsinin etdiyini də yaxşı görsünlər. Tehran və Moskvanın bağrına basdığı Ermənistan onların düşmənlərini bölgəyə cəlb edir. Azərbaycan isə İsrail və Amerika ilə əlaqələrində üçüncü tərəfə zərər vurmadan əməkdaşlığı inkişaf etdirir”. Siyasi icmalçı Aqşin Kərimova görə, ABŞ Cənubi Qafqaz məkanını Tehrana qarşı cəbhə kimi nəzərdən keçirə bilər: “Bu ssenari Azərbaycan üçün məqbul deyil. Çünki Vaşinqtondan mümkün həmlələr Bakı-Tehran arasında gərginlik ocaqlarını dirçəldə bilər. Belə olduğu təqdirdə, İran Azərbaycanın maraqları ilə xarici oyunçuların ambisiyaları arasında paralellik aparmaq cəhdlərini yenidən təkrarlayacaq. O da ən azından siyasi gərginliklə müşayiət olunacaq”. Təhlilçi xatırladır ki, Tramp İrana maksimum təzyiqi bərpa edən, İranı nüvə silahına aparan bütün yolları rədd edən və Tehranın xaricdəki bədxah təsirinə qarşı mübarizə aparan Milli Təhlükəsizlik Prezident Memorandumunu imzalayıb: “Memoranduma əsasən, baş prokuror ABŞ daxilində İranın və ya İranın terror provayderi tərəfindən maliyyələşdirilən maliyyə və logistik şəbəkələri, əməliyyatçılar və ya cəbhə qruplarını araşdırmaq, pozmaq və mühakimə etmək üçün bütün mövcud hüquqi addımları atacaq. Bu, ABŞ-ın xarici siyasətinə də sirayət edəcək, çünki hərtərəfli əməliyyatlar İranın sponsorluq etdiyi təşkilat və ya şəxslərdən yan keçməyəcək. Ümumilikdə sənəd, o cümlədən qeyd edilən kontekst Azərbaycan üçün də aktuallıq kəsb edir”. Xatırladaq ki, Prezident yerli televiziyalara müsahibəsində deyib: “Cənab Tramp çox aydın, açıq mesajlar göndərir. İndi bunların, bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni ona görə ümidlər böyükdür... O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”. Geri qayıt |