Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan özünü təhlükəyə niyə atsın ki?...

Paşinyan özünü təhlükəyə niyə atsın ki?...


Bu gün, 07:05
Paşinyan özünü təhlükəyə niyə atsın ki?...
"Ermənistan Azərbaycan ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir". Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. XİN rəsmisi qeyd edib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb: "Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir". Qeyd edək ki, son günlərdə Ermənistanın fəal şəkildə Azərbaycanla müharibəyə hazırlaşdığı deyilir. Bununla bağlı "Caliber"in yutub kanalında süjet də yayımlanıb. Məlumata görə, bu hazırlıq planlı və məqsədyönlü şəkildə davam etdirilir. Bildirilir ki, Fransa Ermənistana veriləcək 26 ədəd "Bastion" zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin Paris artıq İrəvana 12 ədəd "Sezar" artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək. Naxçıvan istiqamətində də Ermənistan silahlı qüvvələri yeni hava hücumundan müdafiə və radio-elektron döyüş mövqeyi qurublar. Bildirilir ki, yeni qurulan mövqe şərti sərhədin yaxınlığında yerləşir.

Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, "müharibə istəmirsənsə, güclü olmalısan" prinsipinə riayət olunmalıdır. Ekspertin sözlərinə görə, Ermənistanın yeni silahlar alması, mövqelər və müşahidə qurğuları qurması Azərbaycan üçün çəkindirici məqamdır:

"Nə qədər sülhdən dəm vursalar da, həm Ermənistanın, həm də havadarlarının belə bir fikri mövcuddur ki, guya Azərbaycan hər an Ermənistana yeni təcavüzü reallaşdıra bilər. Bunu Nikol Paşinyanın son açıqlamasında da gördük. Paşinyan Ermənistanın Azərbaycana heç bir hərbi təcavüz etməyəcəyini bildirməklə, dolayısı ilə bunun əksini iddia etdi. Paşinyan Azərbaycan rəhbərliyinin sərt ritorikasını əsas gətirərək bildirir ki, guya qarşı tərəf, yəni biz Ermənistana hərbi təcavüz həyata keçirməyə hazırlaşırıq. Dolayısı ilə silahlanmanı da bununla əsaslandırır. Əlbəttə, indiki vəziyyətdə Ermənistanın Azərbaycana qarşı hansısa ciddi hərbi təxribatından, hücum əməliyyatı keçirməsindən söhbət getmir. Bunu istəyən qüvvələr ola bilər. İran, Fransa, Rusiya və digər erməni havadarları bunda maraqlı ola bilərlər. Ancaq Paşinyanın başı dəfələrlə daşa dəydiyi üçün anlayır ki, Ermənistanı hansısa təxribata təhrik etmək konkret güc mərkəzlərinin geosiyasi maraqlarından irəli gələn haldır. Lakin baş nazir fərqində olmalıdır ki, istənilən təxribatın məsuliyyətini onun havadarları deyil, birbaşa hökumət başında dayanan şəxs daşıyır. Hərbi təxribatın nəticəsini yəqin ki, Paşinyan hesablamamış deyil. Çünki Paşinyan "müharibə üçün heç bir zəmin yoxdur" iddiasını ortalığa qoyursa, onda Azərbaycanın böyük əməliyyat keçirməsi üçün niyə bəhanə və zəmin yaratsın? Ermənistanın bu təxribatları, lokal hücum əməliyyatı ciddi mənada hər hansı problemi həll etməyəcəksə, Paşinyan niyə özünü təhlükəyə atsın?!".

N.Miri vurğulayıb ki, Ermənistanı silahlanmaya kənar güclər təhrik edirlər:
"Ermənistana silahlanmağı, mövqeləri möhkəmləndirməyi məsləhət görənlər xarici müşavirlərdir. Belə müşavirlərin Ermənistan ordusunda olması barədə konkret informasiyalar var. Böyük ehtimal, səngərlərin qazılması, istehkamlar, yeni silahların alınması da onların "tövsiyəsidir". Paşinyanın ən azından növbəti parlament seçkilərinə qədər hər hansı hərbi təxribata və müharibəyə əl atacağını düşünmürəm. Ortaya bir sual da çıxır. Ermənistanın silahlandırılması prosesində Fransa çox ciddi rol alıb. Bu dəfə Fransanın göndərdiyi silahlar, hərbi texnikalar ənənəvi olaraq İran istiqamətindən Ermənistana soxulmur. Bu daşınma Azərbaycana möhtac olan, dost saydığımız Gürcüstan vasitəsilə həyata keçirilir".
Geri qayıt