Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilibDünən, 06:08 |
![]() Fevralın21-də Beynəlxalq Ana dili günüdür. Bu gün kimin üçün bayram, kimlər üçünsə hələ də bayrama çevrilə bilməyən təqvimdir. Ana dili ilə bağlı ayrıca bir gün 1999-cu ilin noyabrında UNESCO-nun baş konfransının 30-cu sessiyasında təsis edilib. 2000-ci il fevralın 21-dən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədi ilə qeyd olunur. Beynəlxalq Ana dili günü 25 ildir dünyanın müxtəlif ölkələrində keçirilir. 1952-ci il fevralın 21-də Banqladeşdə ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbə öldürülüb. Həmin gün onların şərəfinə elan edilib. Dilin insan həyatında oynadığı əvəzedilməz rolunu demək əbəsdir. Bu, həm də bir etnosun varlığının, mövcudluğunun başlıca şərtidir. Bir etnik qrup milli dövləti olmadan yaşaya, mövcud ola, dilini qoruya bilər. Ancaq bir etnosun milli dili olmazsa, o, məhv olar. Dünya dillərinin yarısı yox olmaq təhlükəsi ilə üz-üzədir. Hazırda dünyada 7000-ə yaxın dil və dialekt var. Hər il dünyada doqquz dil yox olur. Bəziləri son danışanları ilə qalıb. Minlərlə başqaları isə istifadə edilməmək təhlükəsi altındadır. Dünya dillərinin yarısı yox olmaq təhlükəsi ilə üz-üzədir. UNESCO Yer kürəsində dillərin yarısının əsrin sonunadək yox olacağını proqnozlaşdırır. Dominant dillər tərəfindən sıxışdırılan dillər özünü qorumaq uğrunda sakit mübarizə aparır. İranda Azərbaycan türkcəsi yüz ildir mövcudluğu uğrunda mübarizə aparır. Pəhləvilərin hakimiyyətə gətirilməsi ilə panfarsizm və paniranizm hakim ideologiya elan olundu. Bununla da İranda fars olmayanların, ik növbədə Azərbaycan türklərinin assimilyasiyası başladı. Türkcə danışmaq qadağan olundu, bu dildə danışığa görə cərimələr tətbiq edildi. Azərbaycan dilində kitablar yandırıldı. Uşaq bağçalarında farscanın öyrənilməsi məcburi oldu. Radio və televiziya kanallarında təmiz türkcə danışmaq qadağan edildi. Yalnız felləri Azərbaycan türkcəsində olan qondarma dil yaradıldı. Şimalda, keçmiş Azərbaycan SSR-dəki akademik dildə yazanlar, oxuyanlar, danışanlar “şurəvi casusu”, “kommunist” adlandırıldı, cəzalanırdı. 1979-cu il inqilabında türklərin rolu əvəzsiz və həlledici olub. Bununla belə, bu inqilab da ədalətli hakimiyyət qura bilmədi. Məhəmmədrza şah Pəhləvini əvəzləyən indiki hakimiyyət də islam pərdəsi, ümmətçilik “hicabı” altında panfarsçılıq və şovinist farsçılıq siyasi ideolojisini davam etdirir. Bu baxımdan, indiki İslam Respublikası pəhləvilərin səltənətindən yalnız uniforması ilə fərqlənir. Ana dilinin qorunması və inkişaf etdirilməsindən söz düşəndə gözlər önünə ilk növbədə məktəblər gəlir. Çünki bu təhsil ocağı yeni nəsli maarifləndirməklə yanaşı, həm də onlara dil öyrədir. İranda 169 min məktəb yaşlı vətəndaş təhsil almır. Bunu İranın ibtidai təhsil nazirinin müavini Rizvan Hakimzadə bildirib. Onun sözlərinə görə, bu tədris ilində 9 milyon 220 min 160 şagird ibtidai sinifdə oxuyur: “168 min 881 uşaq isə ibtidai sinfə getmir”. İranın fars olmayan əyalətlərində məktəblərin vəziyyəti acınacaqlıdır. Yaxud məktəb binası dağılmış haldadır. Bundan başqa, ölkə üzrə təhsil ancaq farscadır. Azərbaycan türkcəsində bir sinif belə yoxdur. Tehran hakimiyyətinə Azərbaycan dilində məktəblərin açılması bu barədə dəfələrlə müraciət edilib. Ancaq hakimiyyət və hökumətlər bununla bağlı vəd versələr də, sözlərini tutmayıblar. “Armenpress”in məlumatına görə, İslam Respublikasında 2010-cu ilin məlumatına əsasən, 50-60 min erməni yaşayır. Ermənistanın təhsil müəssisələri hər il İrandakı erməni dilli məktəblərə bu dildə tədris kitabları göndərir. Bundan başqa, hər il İrandan 10-15 müəllim Ermənistanda erməni dili üzrə təkmilləşdirmə kursu keçir. İslam Respublikasında ermənicə təhsil verən 29 məktəb fəaliyyət göstərir. *** Bu günlərdə İran Prezidenti Məsud Pezeşkian türkcə şeir dediyi üçün diskriminasiyaya məruz qalıb. O, Tehranda “Azərbaycan mədəniyyəti həftəsi”ndə çıxışı zamanı Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki beyt deyib. Bu zaman ona “İranda dövlət dili farscadır” xəbərdarlığı edilib. O da “problem deyil” deyib, çıxışını fars dilində davam etdirib. Tədbirdən bir gün sonra ayətullah Seyid Əli Xamenei 22 Bəhmən hərəkatının 46-cı illiyi ilə bağlı Təbrizə səfər edib. Belə bir gündə Azərbaycanda hökumət başçısına türk dilində danışmaq qadağan edildi. Belə şəraitdə Məsud Pezeşkianın düşdüyü vəziyyəti Əli bəy Hüsenyzadənin “Hali vətən” şeiri belə şərh edir: “...Ucundadır dilimin həqiqətin böyüyü; Nə qoydular deyəyim, Nə kəsdilər dilimi!...”. Xamənei, Pezeşkian başda olmaqla milyonlarla türkün fars şoviniziminin əsiri, girovu olduğu bir daha təsdiqlənir. Məsud Pezeşkiana qarşı İran Ana Yasasının 15-ci maddəsindən istifadə etmək qadağan edildi. Ona "Türkcə danışma" əmri verildi. Bu, şovinizmdir. Tehran hakimiyyəti Pezeşkianın səsini kəsməklə İslam Respublikası Ana Yasasının 15 və 19-cu maddələrini pozub. İran hakimiyyəti çətinə düşəndə Azərbaycan türkləri yada düşür. Prezident seçkisində türklər Tehranın yadından çıxmırdı. Onda küçələrdə belə "Azərbaycan" mahnısının oxunmasına icazə verilirdi. Odur ki, heç nə dəyişmədi. İranın yiyəsi fars şovinistləridir. Bütün sahələr üzrə İranın mütərəqqi inkişafının qarşısını da onlar alır. Bu mürtəce düşüncəlilər kin, nifrət yaydıqları üçün insanlığın düşmənidir... Məhəmmədhüseyn Şəhriyar deyirdi: "...Heydərbaba, göylər bütün dumandı, Günlərimiz bir-birindən yamandı. Bir-birizdən ayrılmayın, amandı! Yaxşılığı əlimizdən alıblar, Yaxşı bizi yaman günə salıblar"... Beynəlxalq Ana dili günüdən bir həftə öncə baş vermiş bu hadisə İranda türklərin təbii dil haqqının tapdanmasını ən yüksək səviyyədə belə göstərib. P.S. 1990-cı yanvarın 20-də sovet qoşunları Bakıda qırğın törətdikdən sonra SSRİ Ali Sovetinin sessiyasında o vaxtkı SSR xalq deputatı Anar Rzayev sədr Mixail Qorbaçovdan hadisənin bir dəqiqəlik sükutla yad edilməsini istəmişdi. Onda sovet lideri Anarın təklifini qəbul etməmiş, sonra sözünü kəsmişdi. Hörmətli yazıçımız yanvar qırğınından sonra belə bəlkə də sadəlövhcəsinə kommunist rejiminin ədalətli ola biləcəyinə inanırdı. Bu baxımdan, Tehranla Moskvanın nə onda, nə də indi heç bir fərqi yoxdur. Biri ölkəni velikorus şovinizmi, o biri isə panfarsizmlə idarə edir. Sədrəddin Soltan - pressklub.az Geri qayıt |