Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Real Ermənistan” üçün real addım gözləntisi...

“Real Ermənistan” üçün real addım gözləntisi...


Bu gün, 10:50
“Real Ermənistan” üçün real addım gözləntisi...
Ermənistan ictimaiyyətində bu gün əsas müzakirə olunan mövzu ölkənin Konstitusiyasının dəyişdirilməsi məsələsidir. Ötən həftə erməni “Hraparak” qəzetinin yaydığı məlum atdan sonra Ermənistan Konstitusiyasının dəyişdirilməsi, referenduma gedilməsi mövzusunun müzakirəsi qızışıb. Nəşr yazıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasının preambulasında yer alan “Müstəqillik bəyannaməsi”nə istinadın əvəzlənməsi ilə bağlı təklifi keçiriləcək referenduma çıxarmağı planlaşdırır. Bildirilib ki, dəyişiklik nəticəsində onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.

Qəzet yazıb ki, Paşinyan geniş siyasi dəstək olmayacağı halda belə bu planı həyata keçirməkdə qərarlıdır.

Qeyd edək ki, Paşinyan 2024-cü ilin sentyabrında Azərbaycanla sülh sazişinin bağlanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsinin mümkün olduğunu bildirib. 2025-ci ilin fevralın 19-da isə Baş nazir Paşinyan vətəndaşlara müraciətində Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsinin vacibliyini bəyan edib.

Hökumət nümayəndələri 2026-cı ildə keçiriləcək parlament seçkisinə qədər Konstitusiyanın yeni mətninin hazırlanması ilə bağlı planların olduğunu bildiriblər. Erməni cəmiyyətinin müəyyən kəsimi, xüsusilə, müxalif qüvvələr hökumətin bu addımını “Azərbaycanın tələbinin yerinə yetirilməsi” kimi dəyərləndirirlər.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib ki, bu, yenilik deyil:

- Paşinyan İkinci Qarabağ müharibəsindən, xüsusilə də, 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatlarından sonra Ermənistan Konstitusiyasında dəyişikliklər haqqında bir neçə dəfə bəyanat verib. Eyni zamanda, Baş nazir Konstitusiya İslahatları Şurası yaratdı. Hələ 2022-ci ildə Paşinyan dedi ki, Ermənistan Konstitusiyası dəyişdirilməlidir və bundan sonra Şura yaratdı. Düzdür, Paşinyanın ziddiyyətli fikirlərinin, addımlarının şahidi olmuşuq. Lakin qarşıda Azərbaycan tərəfi var və ortada Azərbaycanın tələbi, iradəsi mövcuddur. Əgər Ermənistan sülh istəyirsə, münasibətlərin normallaşmasını istəyirsə, Türkiyə ilə sərhədlərinin açılmasını istəyirsə, o zaman üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Ermənistan rəhbərliyi də başa düşür ki, sülh indiki məqamda Ermənistana daha çox lazımdır və bundan ölkə qazanclı çıxacaq. Bunu təkcə biz yox, bir sıra erməni rəsmilər də deyirlər. Bunun da bir yolu var: Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarına son qoyulması. Bu, Azərbaycanın əsas tələbidir. Ermənistan Konstitusiyasının preambula hissəsində 1991-ci ildə qəbul edilmiş “Müstəqillik bəyannaməsi”nə istinad edilir. Həmin sənəddə isə ermənilər rəsmi şəkildə Qarabağın Ermənistana birləşdirilməsi mövqeyini bəyan edir. Təbii ki, bu mövqe qalarsa və Ermənistan Konstitusiyasında ərazi iddiası öz qüvvəsini saxlayarsa, sülh sazişinin imzalanması çətindir.

- Konstitusiyada dəyişiklik edilmədən imzalanacaq sazişin fəsadları nələrdir?

- Çox böyük fəsadları var. Azərbaycana qarşı ərazi iddiaları qaldığı halda imzalanan sülh dayanıqlı olmayacaq. Bu gün əsas problem Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır. Nəzərə almaq lazımdır ki, konstitusiya bir ölkənin imzaladığı bütün beynəlxalq sənədlərdən üstündür. Əgər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamlar dəyişdirilməsə, tərəflər arasında sülh sazişi imzalansa belə, ali sənədə zidd məqamlar qalacaq. Bununla onsuz da saziş qüvvədən düşmüş hesab olunur. Eyni zamanda, sülh sazişi Ermənistanın Konstitusiyasına zidd olacaqsa, onun parlamentdə ratifikasiyası da mümkünsüzdür. Hesab edirəm ki, Paşinyan hakimiyyəti konstitusiya dəyişikliyinə gedərsə, tərəflər sülhə daha da yaxınlaşmış olacaqlar.

- Erməni mediasının Paşinyanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi planı ilə bağlı iddiası nə dərəcədə reallığa yaxındır?

- Dediyim kimi, bu, yeni bir şey deyil. Paşinyan bu barədə dəfələrlə bəyan edib. Görünən odur ki, artıq real addımlar atmaq niyyətindədirlər. Bəli, erməni rəsmilərinin bu gün dediyi ilə sabah dediyi əksər vaxt uyğun gəlmir, ziddiyyətli olur. Amma başqa çıxış yolunun olmadığını dərk etmələri də mümkündür. Hər halda, proseslərin gedişini izləmək lazımdır.

Bilirsiniz, Azərbaycan yetərincə gözləyib, Ermənistana vaxt verib. Artıq dünya nizamı dəyişir. Bu dəyişiklik əlbəttə, Cənubi Qafqaza da təsirsiz ötüşmür. Regionda sabitliyin, əmin-amanlığın yaranması üçün sülh vacibdir. Azərbaycanın tələbləri var və haqlı tələblərdir. Bu tələblərin yerinəö yetirilməsi üçün İrəvan real addımlar atmalıdır, həm də bu addımları sürətləndirməlidir. Artıq sülh sazişi ilə bağlı layihənin 80 faizi demək olar ki, razılaşdırılıb. Yerdə qalan maddələrin də razılaşdırılması Azərbaycanın tələblərinin yerinə yetirilməsinə bağlıdır.

- Konstitusiya dəyişikliyi ilə bağlı referenduma erməni cəmiyyətinin reaksiyası sizcə, necə olacaq?

- Məncə, erməni xalqı İkinci Qarabağ müharibəsindən sonra sülhün əsas şərti olan dəyişikliyin əleyhinə olmayacaq. Ermənilər 44 günlük müharibədə də, sonrakı antiterror əməliyyatlarında da gördülər ki, Azərbaycan qərarlıdır, siyasi iradə var, ən əsası, Azərbaycan Ordusu güclüdür. Yəni başqa yollarının olmadığını başa düşürlər. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış Paşinyan hökumətini erməni xalqı yenidən dəstəklədi və hakimiyyətdə saxladı. Demək ki, erməni xalqının böyük kəsimi sülhdə maraqlıdır. Sülhdə maraqlı olmayan qüvvələr revanşistlərdir ki, onları da xalq dəstəkləmir. Keçən il sülhün əleyhinə Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə hərəkat yaradıldı, mitinqlər, aksiyalar təşkil etdilər. Amma nəticə nə oldu? Mitinqlərə əvvəl 5, sonra 3, sonra 2 min, axırda da 100 nəfər qatıldı. Beləcə, hərəkat sıradan çıxdı. Demək ki, sülh əleyhinə hərəkatı ermənilər dəstəkləmir. Bunu Paşinyan anlayır və referenduma getməsində hakimiyyəti üçün problem yaranmayacağını düşünür. Məncə, doğru yanaşmadır, çünki erməni cəmiyyəti Ermənistan Konstitusiyasının dəyişdirilməsinin əlayhinə getməyəcək. Bu o demək deyil ki, ermənilər Azərbaycanı, azərbaycanlıları sevirlər. Xeyr, belə deyil. Sadəcə reallığı anlayırlar, başqa yollarının qalmadığını başa düşürlər. Bu baxımdan, erməni cəmiyyətinin böyük əksəriyyəti müharibənin tərəfdarı deyil. Onlar İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyəti unutmayıblar.

Yenə deyirəm, sülh Ermənistana daha çox lazımdır. Ola bilər ki, Ermənistan tələbi yerinə yetirməsin, referendum keçirməsin. Bu halda Azərbaycan yox, Ermənistan itirəcək. Çünki indiki vəziyyət davam edəcəcək. Azərbaycanın da sülh olmayan vəziyyətdə uyğun addımlar atmasında məsuliyyət rəsmi Bakının yox, İrəvanın üzərinə düşəcək.

Geri qayıt