
Birləşmiş Ştatlar BMT-ni çağırır ki, İranın Yəməndə yaraqlılara raket verməsinə görə məsuliyyətə cəlb etsin. Husi yaraqlılarının İranın verdiyi bildirilən həmin raketləri Səudiyyə Ərəbistanına tərəf atdığı iddia olunur.
Ər-Riyad Yəməndə üç ildir gedən vətəndaş müharibəsində hökuməti dəstəkləyir.
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley noyabrın 7-də bildirib ki, Səudiyyə Ərəbistanı iyulda atılmış raketin İrana məxsus Qiam olmasına dair informasiya təqdim edib. Səfirin sözlərinə görə, münaqişədən öncə Yəməndə belə bir silah olmayıb.
Onun sözlərinə görə, noyabrın 4-də Səudiyyə üzərinə atılmış ballistik raket də İrandan gələ bilər.
“Biz BMT-ni və beynəlxalq tərəfdaşları İran rejiminə qarşı bu pozuntulara görə gərəkən addımı atmağa çağırırıq”, – o deyib.
İran açıq-aşkar husiləri dəstəkləsə də, onları silahlandırmadığını deyir. Bu ölkənin müdafiə nazirliyi və İnqilab Qvardiyası noyabrın 7-də ABŞ və Səudiyyənin ittihamlarını rədd edib.