
Son günlər Azərbaycanın rayonlarında kənd təsərrüfatı məhsullarında bahalaşma müşahidə edilir. Astara rayonunda kənd təsərrüfatı məhsullarının satış yerlərində də bu, özünü ilk baxışdaca göstərir.
Mal yemi və quş dəni satışı ilə məşğul olan, amma adının çəkilməsini istəməyən bir satıcı deyir ki, bir ay ərzində 18 kiloqramlıq kəpəyin bir kisəsi 5 manatdan 7 manata qalxıb: "Bizlik deyil. Adətən ilin bu vaxtında kəpəyin qiyməti qalxır. Amma bu dəfə çox qalxdı. Arpanın kiloqramı 50 qəpik idi, oldu 60 qəpik. Digər quş dənlərində də bahalaşma var. Amma buğdanın qiyməti yerindədir, kiloqramı 50 qəpik".
"Bir gün arpa verməyəndə yumurta azalır"
Ekspertlər mal yemi və quş dəninin qiymətlərində bahalaşmanı, əsasən, həmin məhsulların idxalı ilə izah edirlər. Fərdi təsərrüfatında beş baş inək saxlayan, lakin adının çəkilməsini istəməyən sahibkar da çıxılmaz vəziyyətə düşdüklərini deyir: "Ailəmi heyvandarlıqla, əkinçiliklə saxlayıram. Hər dəfə bahalaşma gedəndə bizim qazancımız azalır. Südün litrini 1 manata verirəm. 1 manat 50 qəpiyə qaldırdım, süd əlimdə qaldı. Ala bilmirlər. Dən bahalaşdığı üçün yumurtanın qiymətini qaldırmışam, ədədi 40 qəpikdir. Bir gün arpa verməyəndə növbəti günlərdə yumurta azalır. İnəyə kəpək verməyəndə südü azalır".
Mərkəzi bazarda xiyarın kiloqramı 3 manat 30 qəpik, pomidorun kiloqramı 4 manat 60 qəpikdir. Satıcı deyir ki, soğanda və kartofda azca qiymət qalxıb. Ağ soğan 1 manat 20 qəpik, qırmızı soğan isə 1 manat 50 qəpikdir: "Soğan da, kartof da Türkiyənindir. İran kartofu da var. Almanın qiyməti keyfiyyətinə görə dəyişir. Kələmin kiloqramı 60-70 qəpiyə idi, olub 1 manata. Boranı da bahalaşıb, 1 manata qalxıb".
"Kənd yumurtasının ədədi 30-40 qəpikdir"
Bazarda satıcılar kimi, alıcılardan da şikayətlər eşidilir. Bir alıcı deyir ki, bazara ancaq göyərti almağa gəlir: "Göyərtinin qiyməti mövsüm vaxtı da aşağı düşmədi. Barmaq boyda göyərtinin dörd-beş dəstəsini 1 manata verirlər. Belə baxanda çox bahadır. İlin bu vaxtında tərəvəzi İrandan gətirərdilər, ucuz olardı. Kənd yumurtasının ədədi 30-40 qəpikdir. Broyler yumurtaları ucuzdur. Limon ucuzdur, 10 ədədini 1 manat ala bilirsən".
"Nisyə götürüb aparırlar. Pulunu iki-üç aya verirlər"
Süd və kərəyağı satan qadın isə hesab edir ki, qiymətlər elə də çox qalxmayıb: "İnəklərimiz var. Süddür, şordur, yağdır özümüzünküdür. Nehrə yağının kiloqramını 15 manata verirəm. Kəpəyin, arpanın, mal yeminin qalxması qiymətləri qaldıracaq. Alver zəifdir, alıcı azdır. Pulları yoxdur. Tanışlardır. Nisyə götürüb aparırlar. Pulunu iki-üç aya verirlər".
Bazarda toyuq ətinin kiloqramını 4 manat 60 qəpiyə satan oğlan deyir ki, məhsulu Lənkərandan gətirir. Amma bazarda kiloqramı 10 manat olan yerli toyuq əti də satılır. Deyirlər ki, toyuq ətlərində keyfiyyət fərqi var.
Bir mağaza sahibi isə bildirir ki, unda da bahalaşma var: "50 kiloqramlıq un 28 manat 30 qəpiyə idi, oldu 28 manat 80 qəpik. 50 qəpik artıb".
Astara rayon sakini, fərdi təsərrüfat sahibi Akif Məmmədov bildirir ki, keçən il yağan yağışlar tərəvəz məhsullarına ziyan vurub: "Yağış imkan vermədi. Sovet dövründə televiziyanın ötürücü qülləsini tikəndən sonra bizdə açıq sahədə xiyar, pomidor və digər tərəvəz məhsulları yaxşı olmur. Həyətdən oktyabr ayına qədər badımcan dərərdim. Hər gün bir kisə badımcan bazara aparardım. Pensiyama kömək olardı. Yağış məhsulları çürütdü. Heç soğan da olmadı. Məhsul yetişdirmək çətinləşib. Bəlkə, bu il yaxşı oldu".
"Kənddən gəlib bazardan tərəvəz alarlar?"
Digər sakin Aydın Əliyevin sözlərinə görə də, fərdi təsərrüfatı genişləndirmək, davamlı etmək mümkün deyil: "Əvvəllər inək saxlayırdım, süd satırdım. Öhdəsindən gələ bilmədim, dayandırdım. 200-300 toyuq saxlayırdım, dən bahalaşdıqca sayını azaltdım. Xərc çoxalır, qazanc yerində qalır. İndi 30-35 toyuq saxlayıram. Onu da gah xəstəlik tutur, gah qiymətlər qalxır. Həyətyanı sahəsi olan sakin də bazara üz tutursa, demək, vəziyyət yaxşı deyil. Kənddən gəlib bazardan tərəvəz alarlar?".
Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisinin deməsinə görə, qiymət artımı mövsümlə bağlıdır. Lakin onun fikrincə, qiymətlərin artmasının başqa səbəbləri də var: "Elə kənd təsərrüfatı məhsulu yoxdur ki, idxalından asılı olmayaq. Əgər xaricdən kartof gətirmisənsə, o, baha olacaq. Yerli kartof may ayında olacaq, qiymət düşəcək. Keçən il cənub rayonlarında hava əlverişsiz keçdi. Yağış çox yağdı, məhsul az oldu. Məhsul az olduğuna görə qiymətlər qalxdı. Bir də, bizim əkinçiliklə bağlı baxışlarımız dəyişməyib. Məhsuldarlığa malik toxum olmalıdır. Torpaq münbitləşdirilməlidir. Fərdi təsərrüfat sahibləri yeri sürür, toxumu əkir. Vəssalam. Nəticə də məlum".
Yazıda səslənən tənqidi fikirlərə rəsmilərdən münasibət almaq mümkün olmayıb. Amma onlar, bir qayda olaraq, deyirlər ki, ölkədə fermerlərə hər cür şərait yaradılıb.
Azadlıq Radiosu