
Səudiyyə Ərəbistanı öz təhlükəsizliyi qarşılığında ABŞ-a pul ödəməyəcək.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Krallığın vəliəhdi, şahzadə Məhəmməd ibn Salman əs-Səud "Bloomberg" nəşrinə müsahibəsində ABŞ prezidentinin bu yaxınlarda Ər-Riyaddan onu müdafiə etdiyinə görə ödəniş tələb etməsinə cavab olaraq deyib.
"Əslində, biz təhlükəsizliyimizə görə heç nə ödəməyəcəyik. Hesab edirik ki, ABŞ-dan aldığımız bütün silahların pulu ödənilib, bu bizə havayı başa gəlməyib. Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlər qurulandan biz hər şeyi pul ilə alırıq", - deyə şahzadə bildirib.
Onun sözlərinə görə, iki il əvvəl Səudiyyə Ərəbistanının strategiyası digər ölkələrdən silah alışına yönəlmişdi, lakin Trampın hakimiyyətə gəlişindən sonra Krallıq növbəti 10 ildə ordunu, 60 faizini ABŞ-dan almaqla, 40 faizini isə ölkəyə 400 milyon dollara başa gələn Amerika texnologiyalarından istifadə etməklə Krallıqda istehsal olunan Amerika silahları ilə təchiz etməyi qərara alıb.