!["Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan,](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1738847004_0001.jpg)
Torpaqlarımız 30 ilə yaxın işğal dövründən sonra 2020-ci ildə düşmən tapdağından azad edildi. Bu dövrdə Rusiya cərayan edən proseslərə özünü daxil edərək, 3 tərəfli bəyannamə imzalayan tərəflərdən birinə çevrildi. Ermənistan kapitulyasiyaya uğradı. Sonra da delimitasiya və demarkasiya söhbətləri aparıldı, çoxtərəfli görüşlər keçirildi, sülh müqaviləsindən dəfələrlə danışıldı. Bu gün görünən odur ki, Ermənistan ABŞ-la strateji xartiya imzalanır və üçüncü ölkələr Ermənistanı davamlı şəkildə silahlandırır. Sülh müqaviləsindən söhbət belə getmir. Bu proseslər yeni bir münaqişənin və ya müharibənin alovlanacağına işarə kimi şərh olunur...
Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan bir dövlət kimi yaradıldığı gündən bu günə qədər böyük dövlətlərə sığınaraq, siyasət həyata keçirib və bu siyasətin kökündə militarizm, işğalçılıq, qonşu torpaqlarına göz qoymaq kimi addımlar atıb, məqsədinə çatmaq üçün bütün illeqal yollardan istifadə etməyə çalışıb.
“Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayaraq, bu əraziləri əbədi işğalda saxlamaq niyəti güdüb. Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyevin düzgün düşünülmüş siyasəti və təbii ki, ordumuzun rəşadəti, xalqın birliyi Ermənistanın bu arzusunu ürəyində qoydu. Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə və 23 saatlıq lokal antiterror əməliyyatı ilə tarixi torpaqlarını işğaldan azad etdi və suverenlik bərpa olundu. Bundan sonra artıq bölgədə yeni siyasi palitra formalaşmağa başladı”-deyən deputat qeyd edib ki, bu palitranın əsas ilhamverici Azərbaycandır və Azərbaycanın gücü, Azərbaycanın hərtərəfli inkişafı yalnız bölgədə deyil, hətta qlobal anlamda da artıq qəbul edilməkdədir.
“Qələbədən bir müddət sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalanması təşəbbüsünü irəli sürdü. Artıq müharibədən və Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan sülhdən danışsa da, bu yolda heç bir əməli addımlar atmır, əksinə bölgəyə üçüncü qüvvələr gətirir, öz ərazisinin plasdarm kimi istifadə edilməsinə şərait yaradır. Ondan istifadə olunması üçün bütün yollara və formalarda qeyri-rasional siyasət həyata keçirməkdədir. Burada təbii olaraq, Ermənistanın arxasında olan dövlətlər, qüvvələr var. Başda Fransa, ABŞ, Kanada, Avropa İttifaqı olmaqla digər ölkələr və onların təsiri altında olan qüvvələr var ki, onların hər biri kollektiv şəkildə Azərbaycan və Ermənistan arasındakı bağlanacaq sülh sazişinə mane olmaq üçün dəridən-qabıqdan çıxmaqdadır”-deyə deputat vurğulayıb.
Vüqar İskəndərov qeyd edib ki, Avropa İttifaqının missiyasının Ermənistanda qalma müddətinin iki il də uzadılması, ABŞ-la imzalanmış xartiya, Fransanın və Hindistanın, eləcə də Cənubi Koreyanın Ermənistanı silahlandırması (bu silahların bir çoxu öldürücü silahlardır) onu deməyə əsas verir ki, Ermənistan sülh anlayışını sadəcə manipulyasiya aləti kimi istifadə edir.
“Əslində Ermənistan revanşa hazırlaşır. Çünki iqtisadiyyatı bərbad gündə olan bir ölkənin bütün maliyyəsini silaha verməsi, şərti sərhəddə səngərlər qazması, yaxın ərazilərdə hərbi hissələrin inşası, əsasən də təxribatçı, üçüncü qüvvələrin bölgəyə gətirilməsi ilə sülh gündəliyinə çox böyük zərbə vurmuş olur”-deyən Vüqar İskəndərov bildirib ki, Azərbaycan öz mövqeyindədir və Azərbaycan digər tərəflər olmadan Ermənistanla ikitərəfli masa ətrafında münasibətlərin tənzimlənməsinin tərəfdarıdır.
Deputat vurğulayıb ki, əslində bu yöndə uğurlu təcrübəmiz də var: “Tərəflər vasitəçisiz masaya oturaraq, sərhədlərin delimitasiya-demarkasiya olunması məsələsini də həll edə bilib və bir neçə vacib məsələlərdə razılıq əldə olunub. Ermənistan xaricdən müdaxilə edən qüvvələrə “yox” deməli, öz milli maraqlarından çıxış etməli və Azərbaycanın təklif etdiyi şərtlərlə razılaşmalıdır”.
Deputat təəssüflə qeyd edib ki, Paşinyan komandası hələ də konstitusiyadan maddələri çıxarmır və tələblərdən biri olan "bölgəyə digər qüvvələrin gətirilməməsi" tələbini təmin etmir.
“Sərhəddə dəvət olunan "qonaq"lar Avropa İttifaqının missiyası adlansa da, digər tərəfdən NATO qüvvələri də sayıla bilər. Çünki burada artıq Kanadanın nümayəndələri də mövcuddur. ABŞ-ın, Pentaqonun, Fransanın nümayəndələri də Ermənistanın Müdafiə Nazirliyində fəaliyyət göstərir. Bu da artıq NATO qüvvələri deməkdir. Bu "mənzərə"nin açıqlaması, yarıtmaz siyasət yürüdən Ermənistanın eyni anda bir neçə oturacaqda oturmaq cəhdidir. Bu da reallıqda mümkün deyil. Belə qeyri stabil siyasət hələ heç bir dövlətə uğur gətirməyib”-deyə Vüqar İskəndərov bildirib.
P.S. Fikrimcə, Ermənistan hakimiyyətini Ermənistanı itirmək xofu bürüyüb. Çünki indiki İrəvan ərazisi qədim Azərbaycan torpaqlarıdır. Ərazisini genişləndirməyə nail ola bilməyən Ermənistan əlində olanı itirməkdən qorxur.