!["Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..."](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739130961_1739097635154041729067a8862304b20.jpg)
ABŞ Dövlət katibi Marko Rubio İranın nüvə silahını inkişaf etdirmə fəaliyyətlərinə qarşı təzyiqin artırılmasını vacib hesab edir. Onun sözlərinə görə, İranın mövcud hərəkətləri sonunda nüvə silahının yaradılmasına yönəlib.
Bu bəyanat ABŞ-nin və beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı ciddi narahatlıqlarını əks etdirir. İran Prezidenti Məsud Pezeşkian isə yanvar ayında “NBC News”-a verdiyi müsahibədə İranın nüvə silahı yaratmaq məqsədi daşımadığını bildirib.
Bu açıqlama İranın öz mülki nüvə proqramını əsaslandırmaq üçün verdiyi bəyanatlarla uyğun gəlir. Lakin ABŞ və digər Qərb ölkələri İranın atom enerjisi inkişaf etdirmə sahəsindəki gizli məqsədlərindən şübhələnir və bu, Tehranın nüvə silahı istehsal etmə potensialına dair narahatlıqları artırır.
Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən israilli politoloq Mixail Finkel bildirib ki, İran artıq illərdir nüvə silahını inkişaf etdirir:
“Bu məqsədlə Şimali Koreyadan mütəxəssisləri cəlb edir və pakistanlı nüvə mütəxəssislərindən də istifadəyə çalışıb. Lakin xüsusilə Pakistanla yaxın əlaqələri olan və Pakistanın regionda nüvə qoruyucusu olan Səudiyyə Ərəbistanı buna mane olub. Eyni zamanda, Səudiyyə Ərəbistanı özünün nüvə fiziklərini yetişdirib. Şübhəsiz ki, İran rejiminə inanmaq olmaz. İranın Ayətullah rejimi terrorçu rejimdir və bir çox sivilizə olunmuş ölkələr tərəfindən terrorçu olaraq tanınır. İran, İsrail səfirliklərinə və konsulluqlarına, İsrail turistlərinə, 1994-cü ildə Buenos-Ayresdəki Yəhudi İcma Mərkəzinin partladılmasına görə məsuliyyət daşıyır.
Bu terror aktında çoxlu insan öldü və xeylisi xəsarət aldı. Sonradan Argentina kəşfiyyatı müəyyən etdi ki, bu terror hücumunun arxasında İran kəşfiyyatı və İnqilab Keşikçiləri Korpusu (SEPAH) dayanıb. Buenos-Ayresdə ölənlər yalnız İsrail vətəndaşları deyil, həm də İsraillə heç bir əlaqəsi olmayan Argentina vətəndaşları idi. İran, həm terror hücumları törədən, həm də bütün Yaxın Şərq terror təşkilatlarına sponsorluq edən bir təşkilatdır.
Məsələn, “Hizbullah”, “İslam Cihadı”, HƏMAS, Yəməndəki Husi üsyançıları, Afrika ölkələrindəki terror təşkilatları hamısı İsrailə, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə və digər bir çox ölkələrə qarşı bir çox hücumlar törətmiş təşkilatlardır. Buna görə də İranın prezidentinə və ya kralına inanmaq olmaz, çünki onlar sadəcə lent kəsən və yalan təbəssüm edən şəxslərdir”.
M. Finkel vurğulayıb ki, əslində, İran Prezidenti heç bir gücə malik olmayan, heç nəyə təsir etməyən şəxsdir:
“Ona görə də İranda prezident dəyişməsinin heç bir əhəmiyyəti olmur. İnsanlar “İranın Prezidenti sıfırdır, İran parlamenti sıfırdır, onlar sadəcə kuklalardır” dedilər. İranda bütün gücə sahib olan şəxs Ayətullah Əli Xameneyi, yəni İranın ruhani lideridir. Digərləri onun qanlı maraqlarına xidmət edən kuklalardır.
İran Prezidentinin dedikləri isə sadəcə yalandır. ABŞ, NATO ölkələri, İsrail, Yaponiya, Cənubi Koreya, Avstraliya və Böyük Britaniya – bütün bu ölkələr İranı izləyir və görür ki, o, nüvə bombasına getdikcə daha da yaxınlaşır. Hamısı bir ağızdan deyir ki, heç vaxt İranın nüvə bombası olmayacaq. Mən də deyirəm ki, bu, heç vaxt baş verməyəcək”.
“İranın nüvə texnologiyalarına sahib olması, əslində, açıq-aşkar bir həqiqətdir. Onların "sülhməramlı nüvə proqramı" adlandırdığı şey əslində nüvə silahları hazırlamaq üçün bir pərdədir. Tehranda dəfələrlə bildirilib ki, əgər onlara qarşı həddindən artıq təzyiq göstərilsə, bu təzyiqi edənlər peşman olacaqlar. Yəni İran istəsə, qısa zamanda nüvə silahı istehsal edə bilər”.
Bu sözləri isə israilli politoloq Zeev Hanin bildirib. Onun sözlərinə görə, bəzi xarici kəşfiyyat mənbələrinə və İsrailin hesabatlarına görə, İran artıq bir neçə nüvə başlığına malik ola bilər:
“Ancaq bu məsələnin açarı siyasi qərardır. İran Prezidenti də bir neçə gün öncə buna dolayı yolla işarə edib. İranın nüvə silahına sahib olub-olmaması artıq sirr deyil, bu, istənilən an ortaya çıxa bilər. ABŞ tam əmindir ki, İran nüvə silahı hazırlamağa çalışır.
Bunun qarşısını almaq üçün təzyiq göstərməyi planlaşdırır. Senator Marko Rubio da qeyd edir ki, bu təzyiq mütləq hərbi variant demək deyil. Amma görünür, ABŞ Prezidenti Tramp və İsrailin Baş naziri Netanyahunun görüşlərində hərbi müdaxilə ehtimalı da müzakirə olunub. Onların əsas məqsədi İrana sərt bir mesaj verməkdir ki, risk etməyə dəyməz”.
Ekspert bildirib ki, hazırda ABŞ-nin əsas prioriteti diplomatik həll yolu tapmaqdır:
“Trampın verdiyi bəyanatların boş sözlər olmadığını göstərmək istəyirlər. Görünən odur ki, Kanadayla yaşanan mübahisələr, Meksikayla “ticarət savaşı”, hətta Panama məsələləri belə, əvvəldən düşünüldüyü qədər əhəmiyyətsiz deyil. Çünki nəticə etibarilə həm Kanada, həm Meksika, həm də Panama Ağ Evin tələblərinə uyğun addımlar atdılar. Demək, İran da bu mesajları çox ciddi qəbul edir. Bundan sonra nə olacağını isə zaman göstərəcək”.