![Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739226660_cagirishci.jpg)
Rusiya Müdafiə Nazirliyi çağırışçıların hərbi xidmətdən yayınmaq üçün güzəştlər əldə etməsini çətinləşdirməyə çalışır. Bura sifilis, yüksək qan təzyiqi və ağır ruhi xəstəlik diaqnozu qoyulan şəxslər də daxildir. AzadlıqRadiosunun əməkdaşı Karl Şrekin "Nastoyaşeye Vremya" və radionun rus xidmətinin materialları əsasında qələmə aldığı yazıda deyilir ki, buna Rusiyanın rəsmi hökumət portalında diqqət çəkilib.
Müharibə əleyhinə təşkilat olan "Vicdanlı Etirazçılar Hərəkatı" bildirir ki, bu qərar qəbul edilərsə, "istər hərbi heyətin, istərsə çağırışçıların həyatı ciddi ölçüdə çətinləşəcək".
Təşkilatda çalışan hüquqşünas Artyom Klıqa "Nastoyaşeye Vremya"ya 2022-ci ildən - Rusiya Ukraynaya tammiqyaslı savaş açandan bəri özünün və həmkarlarının əsgər və çağırışçılara tibbi güzəştlər almaqda yardım göstərdiyini deyir.
"Rusiya rəsmilərinin bu güzəştlərlə bağlı qaydaları sərtləşdirəcəyi zaman məsələsi idi", - Klıqa fevralın 6-da dərc edilən müsahibəsində belə deyib.
"Mən bütün ili özümə sual vermişəm ki, görəsən, hökumət bu boşluğu doldurmaq üçün nə vaxt bu dəyişiklikləri edəcək?", - Klıqanın sözləridir.
Ukraynaya qarşı tammiqyaslı hücum başladılmasından yeddi ay sonra Putin hökuməti rəsmi səfərbərlik elan etdi. Savaş başlanandan bəri Rusiyanın 700 mindən çox əsgərinin öldüyü, ya da yaralandığı bildirilir. Di gəl, hökumət siyasi baxımdan həssas məsələ olan kütləvi səfərbərlikdən yan keçərək orduda canlı qüvvə sayını artırmaq üçün alternativ yollar axtarıb. Bu yollar arasında Şimali Koreyadan əsgər gətirmək və cinayət məsuliyyətinə cəlb edilən şəxslərin orduda xidmətini asanlaşdırmaq da var.
Güzəştlər siyahısına yenidən baxılacaq
Təklif edilən yeni qaydalarda Rusiya ordusunun tibbi güzəştlərə imkan verən xəstəliklər siyahısına yenidən baxılacaq. Yeni qaydalar artıq orduya çağrılan və döyüşmək üçün yazılan şəxslərə də şamil ediləcək.
Təklif edilən dəyişikliklər yüksək qan təzyiqi, astma, artıq çəki və digər xəstəliklərə görə xidmətdən yayınmanı çətinləşdirəcək. Mövcud qaydalara görə, sifilis diaqnozu qoyulan şəxslər sülh şəraitində orduya çağrılmır. Təklif olunan yeni qaydalarda isə onlar bir sıra hərbi vəzifəyə yararlı sayılır. Bura mühəndis, rabitəçi, texnik kimi vəzifələrdə və dəmiryol qoşunlarında xidmət də daxildir.
Təklif edilən qaydalarda stress və əhval pozuntuları ilə bağlı "ağır" ruhi xəstəlik diaqnozu qoyulan şəxslərin də müharibə zamanı xidmətə yararlı sayılması nəzərdə tutulur. İndiki qaydalarda belə şəxslər hərbi xidmətə yararsız sayılır.
Klıqa "Nastoyaşeye Vremya"ya deyib ki, təklif edilən qaydalara görə, çağırışçıya, yaxud əsgərə qoyulan yeni diaqnoz xidmət müddətinin sonunadək onu xidmətdən azad etməyəcək: "2000-ci ildən bəri çoxlu dəyişikliklər vəd edilib, ancaq onların heç biri istər çağırış, istərsə də səfərbərlik məsələləri ilə bağlı olmayıb. 2022-ci ilin sentyabrında səfərbərlik elan edilincə, biz qanunvericilikdə minlərlə boşluq olduğunu anladıq".