![Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739443919_0001.jpg)
Azərbaycan özünün beynəlxalq və ikitərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin artan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Afrika qitəsi ölkələri ilə yaxın təmasların qurulmasıdır. Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də ölkəmizə səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirə bilərik. Qeyd edək ki, səfər çərçivəsində dövlət başçıları səviyyəsində təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirilib. Qarşılıqlı əməkdaşlığa dair mühüm sənədlər imzalanıb. Tərəflər mətbuata birgə bəyanatla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, bu, tarixi səfərdir və ölkələrimiz arasında İkitərəfli münasibətlərin tarixində ilkdir: "Biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim. Mən, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.
Biz, həmçinin Somalidə sərmayə imkanlarını müzakirə etdik. Bildiyiniz kimi cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik”.
Dövlət başçısı bildirib ki, müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir: "Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi.
Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, sabah, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olunacaq. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır".
Somali Prezidenti Hasan Şeyx Mahmud isə bildirib ki, bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir:
"Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. Bu gün biz əsasən tərəflər arasında daha sıx əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bildirdik. Mən, həmçinin Azərbaycan xalqını öz suverenliyini və ərazi bütövlüyünü qoruduğuna görə təqdir etmək istərdim. Son üç onillikdə bir çox oxşarlıqlarımız mövcuddur. Xüsusilə 1990-cı illərdə Azərbaycan müəyyən çətinliklərlə üzləşəndə, Somali də belə çətinliklərlə üzləşib. Xoşbəxtlikdən, Əlhəmdülillah, Azərbaycan xalqı dünyanın bu hissəsində sabit və firavan bir ölkə kimi qalib gəlməyə müvəffəq olub. Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq. Cənab Prezident, qeyd etdiyiniz bütün əməkdaşlıq sahələri hər ikimiz və xüsusilə də Somali üçün çox faydalıdır. Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir. Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib. Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"