
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli 2024-cü ilin aprel ayında həbs edilib. Xətai Rayon Məhkəməsi onun haqqında Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qrant qaçaqmalçılığı ) ittiham irəli sürüb. SMDTM sədri Milli Demokratiya İnstitutu (NDİ), "German Marşal" Fondu, Demokratiyaya Milli Dəstək fondu (NED), ABŞ səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) aldığı yüksək məbləğli qrant vəsaitlərini qanunsuz yollarla icra etməkdə təqsirli bilinir.
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, o, donor tərəflə imzaladığı qrant müqaviləsini əvvəlcə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli, hüquqi prosedurları tamamladıqdan sonra icrasına başlamalıydı. Amma qanundan yayınıb, layihələrin qeyri-leqal formada realizə olunmasını məqbul sayıb.
Anar Məmmədli 2013-cü ildə də təqribən eyni ittihamla həbsdə olub. Bakı Ağır Cinayətlər Məhkəməsi 2014-cü ildə onun barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Həmin dövrdə Anar Məmmədliyə qrantların qeyri-leqal formada icra edilməsinin yolverilməz olduğu anladılıb. Əməllərində dönüş etməsi üçün şans verilib, 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb. SMDTM sədri bütün bu məlumatları özünün wikipedia səhifəsində də yerləşdirib. Yəni, 2024-cü ildə təkrar həbs edilərkən, hansı qanunsuzluqlara yol verdiyinin fərqində olub.
Anar Məmmədlini qrant layihələrinin qeyri-leqal icrasına sövq edən nədir? Media qurumlarında yayılmış məlumatlardan aydın olur ki, o, 2024-cü ildə NED, NDİ, USAİD-dən aldığı qrant vəsaitlərinin qarşılığında 7 fevral seçkiləri dövründə təxribatlar törətmək öhdəliyi götürüb. “Seçki pozuntuları” üzrə qondarma səhnələr yaratmaq, bu səhnələr üzərində videoçəkilişlər aparıb yaymaq, beləliklə, seçkinin demokratik keçirildiyini şübhəyə salmaq üçün planlar qurub. Bu məqsədlə 500 nəfərdən ibarət “seçki müşahidəçisi”nin təşkilatlandırılması və təlimatlandırılması qərara alınıb. Planın icrası üçün qeyd edilən donorlar tərəfindən SMDTM-yə yüksək məbləğdə qrantlar ayrılıb. Qısa ifadə etsək, bu layihələrin təkcə icra forması deyil, həm də məzmunu qanunsuzluğu ehtiva edir. Motivi təxribat xarakterlidir. Bu baxımdan Anar Məmmədli onların qeyri-leqal formada icrasını məqbul sayıb. Anar Məmmədli həbs ediləndə ABŞ Dövlət Departamenti və ABŞ Səfirliyi Azərbaycan hökumətinə çağırış etdi, SMDTM sədrinin cinayət işi üzrə istintaqın dayandırılmasını istədi. Beləliklə, bir daha təsdiq olundu ki, SMDTM 7 fevral seçkisi üzrə təxribat planını müştərək hazırlayıb. İşin arxasında ABŞ donor institutları, xüsusən USAID və yandaş “donorlar” dayanıb. İstintaq prosesinin davam etməsi USAİD, NED və NDİ-nin də qanunsuz əməllərinin üzə çıxarılacağı anlamını daşıyır. Dövlət Departamentinin rəhbərini narahat edən də bu amil olub.
USAID-in partnyor təşkilatları qanunsuz hərəkətlərə necə sövq edir?
Paradoksal haldır ki, SMDTM ilk dönəmdə qeyri-müxalif mövqeli, qanunlara sayqılı yanaşan QHT-lərin koalisiyası kimi ərsəyə gəlib. 2002-ci ildə üzdə olan, nüfuzlu təşkilatlar-VCU, STM, QHMK-razılığa gələrək, 2003-cü ilin prezident seçkilərində obyektiv müşahidəçilik aparmaq üçün Seçki Monitorinqi Mərkəzini (SMM) təsis ediblər. Koalisiya uğurlu fəaliyyət quraraq, böyük nüfuz qazanıb. ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Azərbaycan ofisinin həmin dövrdə təmsilçisi olan Devid Sip SMM-in nüfuzunun artdığını görərək, əməkdaşlıq təklifi verib. Koalisiyanın fəaliyyətini genişləndirmək üçün maddi dəstək, qrant layihələri vəd edib. Təklif qəbul edilib. Gündəlik iş yükünün artığını nəzərə alaraq, hər QHT sədrinin bir nəfər nümayəndəsindən ibarət olmaqla, SMM tərkibində cari fəaliyyət üzrə işçi qrup yaradılıb. Anar Məmmədli koalisiyaya VCU (Vətəndaş Cəmiyyəti Uğrunda) sədri Eldar İsmayılovun nümayəndəsi qismində qatılıb. NDİ tərəfindən SMM-ə verilən qrant layihəsi çərçivəsində əmək haqqı alıb.
2003-cü ilin prezident seçkiləri prosesində Devid Sip koalisiya üzvlərinə müraciət edərək, prezident seçkisinin ilk 2 mərhələsinin neqativ dəyərləndirilməsini, bu yöndə açıqlama yayılmasını istəyib. Onun təklifi koalisiya rəhbərləri tərəfindən etirazla qarşılanıb. Seçki prosesinin gedişində ciddi neqativ halların qeydə alınmadığı nəzərinə çatdırılıb. Devid Sip vəziyyətdən çıxış yolunu Anar Məmmədli ilə sövdələşməyə getməkdə görüb. NDİ-nin yönləndirməsinə uyğun olaraq, Anar Məmmədlinin adından “Azadlıq” qəzetində məqalələr dərc edilib, 2003-cü il seçkiləri qeyri-şəffaf proses kimi dəyərləndirilib. Bu açıqlamalarda Anar Məmmədlinin SMM təmsilçisi kimi təqdim edilməsi koalisiya üzvlərində narazılıq doğurub. Çünki, Anar Məmmədlinin SMM adından belə açıqlamalar vermək səlahiyyəti olmayıb. O, SMM-in sədrlər şurasının deyil, işçi qrupunun üzvü olub.
Anar Məmmədli VCU-ya xəyanət edib. Əlindən tutaraq ictimai-siyasi sektora təqdim etmiş Eldar İsmayılova zərbə vurub. NDİ-nin riyakar təklifini qəbul edərək, SMM adında qeyri-legitim bəyanatlar səsləndirib. Belə davranış koalisiya təsisçiləri ilə NDİ arasında münasibətləri pozub, koalisiya buraxılıb. Amma NDİ SMM-in tamamilə dağılaraq sıradan çıxmasının qarşısını alıb, onun bazasını yeniləyib. Anar Məmmədlini SMM-in icraçı direktoru qismində tanıyıb. AXCP ətrafında olan yandaş QHT-lərdən ibarət olmaqla, SMM-i yeni formatda - SMDTM qismində tərtib edib. SMM-in izi və siyasi kursu itirilib, SMDTM-ə çevrilib.
NDİ ofisində çalışan, AXCP-nin “yurd” qanadını təmsil edən Qorxmaz Əsgərovun yönləndirməsi ilə SMDTM-ə böyük məbləğdə “qrant” vəsaitləri ötürülüb. Vəsaitin bir qismi AXCP sədrinə çatdırılıb, mənimsənilib. Bir qismi isə SMDTM ofisinin saxlanılmasına, seçki təxribatları üçün dəstələrin formalaşdırılmasına sərf edilib. 2003-cü ildən başlayaraq, 2024-cü ilə qədər ölkədə keçirilən bütün seçkilər zamanı SMDTM təxribatlarla məşğul olub, seçkilər üzrə neqativ rəy hazırlanması üçün Qərb institutlarına qondarma faktlar təqdim edib. NDİ və USAİD-in onu “qrantla” təmin etməsinin kökündə də bu amil dayanıb.
Göründüyü kimi, NDİ öz davranışları ilə nəinki hüquq normalarını pozur, həm də əxlaqi dəyərləri əzib keçir. Gəncləri maddi baxımdan şirnikləşdirərək, qanunsuz, xəyanətkar əməllərin icraçısına çevirir. Sonradan bu davranışlar inkişaf etdirilərək, dövlətə, millətə qarşı xəyanətə çevrilir. Anar Məmmədlinin dövlətə, millətə qarşı yönəlmiş xəyanətkar xarakterinin formalaşdırılmasında NDİ-nin müstəsna xidmətləri vardır. İnsanları xəyanətə, cinayətə sövq etmək bu institutun iş prinsipidir, mahiyyətidir.
NDİ (Milli Demokratiya İnstitutu) ABŞ Demokratlar Partiyasını təmsil edən institutdur. Bu baxımdan USAİD-lə yaxındır. Son proseslərdən aydın olur ki, USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) də Demokratlar Partiyasının təsir dairəsində olub. Baxmayaraq ki, onun statusu, missiyası daha böyükdür. ABŞ Xarici Yardım Aktı üzrə proqramları icra edir. Amma Prezident Donald Trampın, “Hökumətin Səmərəliliyi Departamentinin” rəhbəri İlon Maskın açıqlamalarından belə görünür ki, Agentlik Demokratlar Partiyasının himayəsinə sığınıb, ABŞ-dən daha çox, Demokratlar Partiyasının maraqlarının icraçısına çevrilib. Korrupsiya, mənimsəmə, qanunsuz fəaliyyətlərin maliyyələşdirilməsi kimi əməllərə baş qoşub.
Barəsində yayılmış qalmaqallı, ittiham xarakterli məlumatlar təsdiqlənəndən sonra ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Azərbaycan ofisi 2014-cü ildə bağlanıb. Ofisin rəhbəri Aleks Qriqorevsin Bakıda iğtişaşlar törətmək üçün 2 milyon dollar vəsait ayırması yönündə informasiyalar sübuta yetirildikdən sonra bu institut Azərbaycandan ümumiyyətlə çıxarılıb. NDİ-nin ofisi bağlansa da, onun “missiyası” digər donorlar, əsasən, USAİD tərəfindən davam etdirilib. Anar Məmmədli nümunəsi bu faktı bir daha təsdiq edir. 2003-cü ildə seçki təxribatları törətmək üçün SMM NDİ-dən tapşırıq və qrant layihəsi almışdı. 2024-cü ildə isə eyni əməlləri təkrarlamaq üçün sifariş və maliyyə USAİD-dən gəlib. Diqqət yetirsək görərik ki, 2024-cü il məhkəməsində SMDTM sədri "German Marşal" Fondu, Demokratiyaya Milli Dəstək fondu (NED), ABŞ səfirliyi ilə yanaşı, həm də ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qanunsuz layihələr alıb icra etməkdə ittiham olunur.
İş üslubu, davranış normaları sübut edir ki, USAID də NDİ kimi Demokratlar Partiyasının siyasətini təlqin edir. Fəaliyyət göstərdiyi ölkələrdə zahirən demokratik inkişafı təşviq edir. Reallıqda isə Demokratlar Partiyasının diktəsinə uyan milli auditoriya formalaşdırır. Kosmopolit düşüncəli, əxlaq normalarından uzaq, öz ölkəsinə xəyanət edən gənclərin yetişdirilməsi üçün vəsaitlər xərcləyir. Bu baxımdan USAID, NDİ, Fridrix Nauman Fondu, NED, İREX, İnternyus-un öz təsir dairəsinə saldığı şəxslərin sırası Anar Məmmədli və ya SMDTM ilə yekunlaşmır.
USAID-in Azərbaycan üzrə şəbəkəsində kimlərin adı var?
USAİD və yandaş “donorlar” Azərbaycanda ictimai-siyasi sektorun ən müxtəlif istiqamətləri üzrə təsir agentləri yerləşdirə biliblər. Seçki, siyasi həyat, sosial araşdırmalar, təhsil, media, insan haqları və digər istiqamətlər üzrə QHT, Fond, Mərkəz, media subyektlərini təsir dairəsinə alıblar. Məlumat üçün qeyd edək ki, 1991-2000-cı illər aralığında adı çəkilən “donorlar” ölkəmizdə əsasən “radikal müxalifət” partiyalarının ətrafında olan QHT-lər, media subyektləri və jurnalistlərlə iş qurublar. AXCP, Müsavat, ADP, AMİP və digər siyasi partiyaların orbitində olan QHT, KİV və jurnalistləri əməkdaşlığa cəlb ediblər. Amma sonradan bu strukturda dəyişiklik edilib. “Radikal müxalifət” partiyaları ictimai nüfuzunu itirib iflasa uğrayandan sonra birbaşa Qərb mərkəzlərinə bağlı olan “müstəqil” QHT və media subyektlərinin formalaşdırılmasına start verilib. Əvvəllər AXCP, AMİP və digər partiyalarının orbitində olan “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin (SMDT), “Sülh və Demokratiya İnstitutu”nun (SDİ), həmçinin, “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu”nun (RATİ), “Media Hüquq İnstitutu”nun (MHİ) “müstəqilləşdirilərək” yeni simada təqdim edilmələri bu prosesin tərkib hissəsi olub.
Sayları kifayət qədər çox olan bu təşkilatlardan hər biri öz istiqaməti üzrə “monitorinqlər keçirmək”, “hesabatlar hazırlamaq”, “təkliflər vermək” istiqamətində fəaliyyət göstəriblər. Amma bu, işin görünən tərəfidir. Aldıqları “qrant” qarşılığında öhdəlikləri bu olub ki, Azərbaycanda yalnız neqativ görünən faktları toplayıb qabartsınlar, fakt tapılmayanda, onu uydursunlar, qondarma faktlar əsasında hesabatlar hazırlayıb yaysınlar. Beynəlxalq reytinq təşkilatlarının hesabatlarında Azərbaycanın adının neqativ fonda görünməsini təmin etsinlər.
Bu gün “Sülh və demokratiya” institutu, onun rəhbəri Leyla Yunus ölkəmizdə “350 nəfərdən çox siyasi məhbusun” olması barədə qondarma hesabatlar hazırlayaraq yayırlar. Bu siyahılar “Sülh və demokratiya” institutu ilə yanaşı, AXCP tərəfindən də tirajlanır, beynəlxalq təşkilatlara göndərilir. Amma tarixə nəzər salsaq, aydın görərik ki, “siyasi məhbus” məsələsi sanki Azərbaycan üçün uydurulmuş və təzyiq üçün istifadə edilən bir vasitədir. 1990-cı illərin ortalarından başlayaraq Qərbin dəstəyi ilə onun xidmətində olan QHT-lər Azərbaycanda guya siyasi motivlərlə həbs olunmuş şəxsləri “müəyyən edərək” siyahılar tutmağa və beynəlxalq təşkilatlara göndərməyə başladılar. İş o yerə çatmışdı ki, hərəsinin öz siyahısı olan bir neçə təşkilat və ya koalisiya fəaliyyət göstərirdi. Bu məsələ bir növ biznesə çevrilmişdi: bir tərəfsən qrant almaq, digər tərəfdən də rüşvət müqabilində ayrı-ayrı şəxsləri siyahıya daxil etmək tendensiyası artıq hamıya bəlli bir həqiqətə çevrilmişdi. Son nəticədə bu tipli siyahılar əsasında Əlikram Hümmətov kimi separatçılar, Bakı metrosunu partladan terrorçular və digər cinayətkarlar azadlığa buraxıldı. Bu prosesi Avropa Şurası Parlament Assambleyasının sessiyasında qətnamə layihəsinin iflasa uğraması ilə sonuclandı. Bundan sonra isə AŞPA-da korrupsiya məsələsi gündəmə gəldi və məlum qətnaməyə qarşı çıxanlar hədəfə götürüldü, əsl “əcinnə ovuna” start verildi.
Artıq qeyd edildiyi kimi, son illər bu mövzu yenidən aktuallaşdırılıb.
Təsadüfi deyil ki, COP29 ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyaları başladılanda yenidən qondarma siyahılar ortaya atıldı və onlara istinad edildi. Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti bu qondarma faktlara istinad edərək qətnamələr qəbul etdilər.
“Siyasi məhbus” anlayışının özü mübahisəlidir. Konkret izahı və beynəlxalq hüquqda mənbəyi yoxdur. Əlavə olaraq, bu mövzu üzrə hesabatları hazırlayan təşkilatın özü də qeyri-legitimdir. “Sülh və demokratiya” institutunun Azərbaycan adından danışmaq üçün elementar səlahiyyəti yoxdur. Absurd olan budur ki, Avropa Şurasının Parlament Assambleyası legitim olmayan bu iki mənbəyə istinad edərək, Azərbaycan əleyhinə qətnamə qəbul edə bilir. Çünki, onların maraqları bunu tələb edir. Qərbdən verilən qrantlar insanları və təşkilatları bu cür absurd oyunlara bulaşmağa sövq edir.
“Media Hüquq İnstitutu” (MHİ ) fəaliyyətinin dayandığını elan edib. Amma indi bəlli olur ki, onun təmsilçiləri Avropa İnsan Haqları Məhkəməsinə göndərilən iddiaların tərtibatında rol alır. Aldığı qrantlara uyğun olaraq, AİHM-ə göndərilən şikayətlərin kəmiyyətinin artırılmasını təşkil edir. Bu istiqamətdə də Azərbaycanın neqativ görünməsinə çalışır.
Zahirən susqun, donmuş görünən, amma USAİD və yandaş “donorlar”dan aldığı qrant vəsaitləri ilə qeyri-leqal fəaliyyət göstərən təşkilatların sayı çoxdur, 10-larladır. Hər birinin adını çəkmək qeyri-mümkündür. Bu QHT və KİV-lər zəruri anda aktivləşdirilir, yerli və beynəlxalq ictimai rəydə çaşqınlıq yaratmağa çalışır, beynəlxalq təşkilatların Azərbaycan əleyhinə qətnamələr qəbul etməsi üçün zəmin hazırlayırlar. Hətta, Ermənistandakı “həmkarları” ilə müştərək çıxış edərək, Azərbaycan əleyhinə birgə kampaniyalar keçirirlər. Saxta “sülhsevərlər”, “no war” kampaniyasının iştirakçıları bu sahədə bəs qədər nümunə yaradıblar. AŞPA-nın ötən ay keçirilən qış sessiyasına Azərbaycanın qatılmadığı bir halda RATİ-nin qurucusu Emin Hüseynovun orada tədbir təşkil etməsi, Azərbaycanın AŞPA-da iştirakı əleyhinə toplantı keçirməsi, bu toplantıya Ermənistan təmsilçilərini yığması nə deməkdir? Özünü media təşkilatı elan etmiş RATİ və MHİ-nin bu cür proseslərdə görünməsi nəyin əlamətidir?
USAID və yandaş “donorlar”ın ictimai-siyasi sektorda əlaltı təşkilatlar yaratmaq proses indi də davam edir. 2013-cü ildə “Demokratik Təşəbbüslər İnstitutu”nun, 2023-cü ildə “III Respublika Platforması”nın yaradılıb dövriyyəyə buraxılması eyni siyasətin tərkib hissəsidir. Məlumat üçün qeyd edək ki, 2023-cü ildə Azərbaycan KİV-lərində dərc edilmiş “ABŞ təxribat texnologiyalarını yeniləyir: yığcam, çevik dəstələr formalaşdırılır” başlıqlı məqalədə bu barədə geniş bilgi verilir.
Demokratik Təşəbbüslər İnstitutu və onun rəhbəri Akif Qurbanov Azərbaycan əleyhinə qondarma faktlar hazırlayıb yayan qeyri-legitim media subyektlərinin sahibidir. “AbzasMedia”, “Toplum TV” kimi USAID əlaltıları məhz Demokratik Təşəbbüslər İnstitutunun ofisindən koordinasiya edilib.
Qərb “donor institutları” rəsmi qurumlara necə təsir edirlər?
Problem odur ki, xarici donorlar qeyri-leqal mövzular üzrə layihələrini təkcə qeydiyyatsız formada və yalnız QHT və KİV-lər vasitəsilə icra etmirlər. Bu layihələr sırasında qeydiyyata alınanlar, rəsmi qurumların iştirakı ilə reallaşdırılanlar da vardır. Bu baxımdan, USAİD və yandaşlarının rəsmi qurumlara da sızması barədə faktlar mövcuddur. Azərbaycan KİV-ləri dövri olaraq bu kontekstdə araşdırmalar dərc ediblər. “AbzasMedia”, “Toplum TV” və “Meydan TV” ətrafında başladılan istintaq prosesləri isə bu istiqamət üzrə yeni faktları ortaya qoyub.
İki ay öncə Azərbaycan Milli QHT Forumu “İctimai şuraların formalaşdırılmasında pozuntulara dair” bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, “hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai şuraların təxminən 25%-i eyni şəxslərdən ibarətdir. Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var.
Müşahidələr göstərir ki, Qərb donorları rəsmi çevrələrə nüfuz etmək üçün daha çox 2 metoddan yararlanırlar. Birinci istiqamət odur ki, xarici donorlar dövlətin strateji hədəflərinə qarşı yönəlmiş layihələrini fərqli adlar altında qeydiyyata aldırırlar. Modern trendlərə uyğunlaşdırılmış mövzulardan, yeni terminlərdən, qarışıq ifadələrdən istifadə edərək, layihənin mahiyyətini, əsl hədəfini gizlədə bilirlər. Zahirən cəlbedici görünən bu layihələri dövlət qeydiyyatına aldıra bilirlər. Beləliklə, sərbəst hərəkət imkanı qazanırlar. Layihənin zahiri prioritetləri üzrə bir neçə tədbir keçirib diqqəti yayındırdıqdan sonra, özlərinin gerçək məqsədləri yönündə işə başlayırlar. Xarici qrantlar üzərində qeydiyyat və nəzarət öhdəliyi daşıyan rəsmi idarələrin və şəxslərin bəzən məlumatsızlıqları, bəzən isə məsuliyyətsiz davranışları bu istiqamətdə boşluqlara yol açır. Məsələn, USAİD-in “Qarabağ və ətraf rayonlarda yerləşdiriləcək əhaliyə sosial yardım göstərmək” adlı layihəsi bu mövzuda yaxşı nümunədir. Adı cəlbedicidir. Mahiyyəti isə USAID-in bu bölgədə informasiya mənbələrinə girişini ehtiva edir.
İkinci istiqamət isə daha təhlükəlidir. Xarici qrantlar üzərində qeydiyyat və nəzarət öhdəliyi daşıyan idarə və şəxslər təkcə məlumatsızlıqdan deyil, bəzən də şəxsi maraqlar naminə vacib nüanslara göz yumurlar. Layihənin maliyyəsi üzrə “partnyor münasibətlər” qurduqları üçün neqativlərə loyal münasibət bəsləyirlər. İctimai sektorda belə fikir vardır ki, belə layihələr üzrə nəzərdə tutulmuş büdcənin 50/50 faiz nisbətilə bölgüsü gedir. İş ondadır ki, Azərbaycan dövləti bu kimi boşluqlara yol verilməməsi üçün önləyici addımlar atıb. Məsələn, Açıq Hökumətin Təşviqi Platforması qismində qurumlar yaradıb. Bu qurumların əsas missiyalarından biri də beynəlxalq layihələrin idarə edilməsini nəzarətdə saxlanılmaq, neqativ yüklülərlə pozitivlərin fərqləndirilməsinə nail olmaqdır. Milli QHT Forumunun bəyanatında sözü keçən “İctimai Şuralar” layihəsinin də donoru USAID, milli qurum olaraq partnyoru Açıq Hökumət Platformasıdır.
Proses belə başlayır: 1 iyun 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanları yanında ictimai nəzarət funksiyasını yerinə yetirməli olan İctimai Şuraların yaradılmalması nəzərdə tutulur. İctimai Şuraların tərkibi Vətəndaş Cəmiyyəti İnstitutlarının təmsilçilərindən (QHT-KİV) ibarət olmaqla formalaşdırılır. Bu məsələ “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da nəzərdə tutulmuşdur.
USAID isə “İctimai İştirakçılığın təmin edilməsi” yönündə təşəbbüsü özü üçün fürsətə çevirib. Layihə tərkibində özünün hiyləgər niyyətini gerçəkləşdirmək üçün Açıq Hökumətin Təşviqi Platformasından və bu platformada birləşən QHT-lərdən faydalanıb.
Yuxarıda göstərdik ki, Açıq Hökumətin Təşviqi Platforması 1 iyun 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi fonunda yaranıb. Amma prosesi izləyəndə aşkara çıxır ki, bu prosesin bütün mərhələlərində USAID iştirak edib. USAID prosesdə iştirakından yararlanaraq, yekunda SES proqramını gerçəkləşdirib.
SES proqramın mahiyyəti barədə isə yuxarıda bilgi verdik. SES mahiyyət etibarilə OCCRP-nin fərqli bir modelidir. Bir növü OCCRP üçün informasiya təminatçısı funksiyasını yerinə yetirir. Yəni, USAİD SES proqramından yararlanaraq OCCRP üzrə işlərini tamamlayır.
USAID dünyada inkişafı deyil, xaosu stimullaşdırır
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təqribən 50 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük “yardım” təşkilatıdır. Amma təcrübə göstərir ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar yardımlarla, demokratik inkişafı ehtiva edən proqramlarla deyil, yaratdığı xaos və dağıntılarla yadda qalır. İşlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə etməsi, hakimiyyət çevrilişlərinə dəstək göstərməsi ilə məşhurdur. O, Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırıqlarının icraçısı rolunda çıxış edir. ABŞ-ın hədəfində olan ölkələrdə fəlakətlər törədir. Gürcüstanda hal-hazırda baş verən proseslər, iğtişaşlar, qarşıdurmalar bunun bariz nümunəsidir. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti hələ 2023-cü ildə müəyyən etmişdi ki, USAID-in layihələri əsasında Tbilisidə dövlət çevrilişinə hazırlıq təlimləri keçirilir. Afrika , Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində son 30 il müddətində gerçəkləşdirilən inqilabi proseslərdə, xaosun, qarşıdurmaların artmasında USAID-in iştirakı görünür. Agentlik ayrı-ayrı dövlətlərdə vətəndaş cəmiyyəti institutlarını “qrant vermək” adı ilə ələ alır. Onları maddi vəsaitlə şirnikləşdirir, əvəzində legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlıq göstərməyə sövq edir. Bu kontekstdə USAID-in imkanları hədsiz dərəcədə genişdir. Təkcə 2023-2025-ci illərdə “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək” adı altında 9 milyard dollardan çox vəsait ayrılıb. ABŞ-ın hansısa regionda maraqları təhlükəyə düşəndə bu vəsaitdən yararlanan “QHT şəbəkələri” aktivləşdirilir. Ərazisində fəaliyyət göstərdikləri milli hökumətləri fakt qarşısında qoyaraq, güzəştlərə sövq edirlər. Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıbdır. USAID-dən başqa NED, NDİ, Marşall Fondu, İREX qismində institutlar formalaşdırılıb....
(Davamı var...)
Müəllif: Tural Həsənov
REPORT.az