
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilən təqsirləndirilən ermənilər Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində törətdikləri vəhşiliklərlə bağlı qan donduran açıqlamalar verməkdədir. Təqsirləndirilən şəxslərin sözlərindən məlum olub ki, mülki azərbaycanlıların qətlə yetirilməsi əmrini Ermənistanın hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslər veriblər. Yəni müharibə zamanı mülki azərbaycanlılar öldürülməsi hərbi rəhbərlik tərəfindən Ermənistan ordusu qarşısında qoyulan əsas tələblərdən biri olub.
Maraqlıdır, Bakı Hərbi Məhkəməsində edilən bu etiraflar Erməmnistanın Azərbaycana qarşı soyqırımı cinayətlərinin isbatı sayıla bilərmi və rəsmi Bakının bu etirafları digər faktlarla birlikdə beynəlxalq məhkəməyə təqdim etməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu istiqamətdə konkret addımalr atmağın vacibliyini bildirib:
“Təbii ki, bu etiraflar Ermənistanın hərbi-siyasi cinayətlərinin isbatıdır və Azərbaycan bütün digər sübutlar, faktlarla birlikdə bu etiraflardan da beynəlxalq məhkəmələrdə istifadə edə bilər.
Ümumiyyətlə, hesab edirəm ki, Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayətlər, soyqırımları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməli, törətdiyi bunca cinayətlərə görə Ermənistanın beynəlxalq hüquq sistemi əsasında cəzalandırılmasına nail olmalıdır. Biz bunun üçün bütün imkan və vasitələrdən istifadə etməliyik. Çünki Ermənistanın törətdiyi vəhşiliklər, mülki insanlara qarşı həyata keçirdiyi qətliamlar ən ağır cəzaya layiqdir və bu cəzanın reallaşdırılması həm tarixi ədalət, həm də hüququn aliliyi baxımından vacibdir”.