
Müsavatın qurultayına hazırlıq üzrə təşkilat komitəsi partiyanın emblemində dəyişiklik təklifinə baxıb. Qərara görə, emblem dəyişikliyi məsələsində son sözü sentyabrın 27-də keçiriləcək qurultay deməlidir.
Müsavat başqanının müavini Gülağa Aslanlı “Media forum” saytına deyib ki, yeni emblemdə partiyanın yaranma tarixi öz əksini tapacaq: “Emblemdə dəyişiklik təklifi qurultaya hazırlıq üzrə təşkilat komitəsində irəli sürülüb. Əsas istək emblemə partiyanın yaranma tarixini həkk etməkdir. Son qərar qurultayındır”.
Müsavat Partiyası 1911-ci ilin oktyabrında Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Bakıda yaradılıb.