![BAKIDA avtobus zolağı tıxaca səbəb olur BAKIDA avtobus zolağı tıxaca səbəb olur](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1738960016_b74a3ce2_290d_4141_9b25_556f6c7b3679_1738931437-full.jpg)
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Fətəli Xan Xoyski prosepekti pik saatlarda ən çox sıxlığın yarandığı yollardandır. Ötən ilin sentyabr ayında bu yolda da ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə xüsusi avtobus zolağı yaradılıb. Lakin həmin yolda sağ zolaq sadəcə sağa dönmək üçün istifadə olunur. Amma avtobus zolağı olduğu üçün sağa dönməli olan avtomobillər orta zolaqda qalır və ərazidə sıxlığa səbəb olur. Avtobuslar isə orta zolağı tutmalı olduqları halda sağ zolaqla hərəkət edir və ciddi tıxaca səbəb olurlar.
Ümumiyyətlə bu kimi yollarda tıxacların daha da çoxalmasının qarşısını almaq üçün hansı alternativ addımlar atılmalıdır? Nəqliyyatın sıx olduğu nisbətən dar olan yollarda avtobus zolaqlarının salınması nə dərəcədə effektivdir?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Referans.az-ın suallarını cavablandırarkən bildirib ki, Fətəli Xan Xoyksi küçəsində əsasən günün pik saatlarında sıxlıq yaranır və tıxac olur. Yaxud da həmin əraziyə yaxın yerlərdəki obyektlərdə tədbirlər keçirildikdə də ərazidə tıxaclar yaranır. Çünki həmin obyektlərin qarşısındakı yollar müvəqqəti olaraq bağlanır və məhdudiyyət tətbiq olunur.
Eldəniz Cəfərov avtobus zolaqlarının çəkilməsi məsələsinə münasibət bildirərkən onu diqqətə çatdırıb ki, avtobus zolaqlarının salınması bir layihə olaraq dövlət tərəfindən qəbul edilibdir. Dövlət tərəfindən bu zolaqlar getdikcə artırılacaqdır.
"Bakı şəhərində avtomobil tıxaclarının qarşısını almaq üçün ən yaxşı üsullar yol infrastrukturunun inkişafı və optimallaşdırılmasıdır. Misal üçün butulka effektli yollarda və digər dar yollarda müəyyən düzəlişlər edilməlidir. Bütün bu problemlər də 2025- ci ili əhatə edən dövlət proqramında təsbit edilibdir. Ümid edirik ki, bu problemlər qarşıdan gələn illər ərzində həll ediləcək", - deyə ekspert qeyd edib.