![TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir?](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739217431_tebib.jpg)
Müəyyən dövrdən sonra TƏBİB-lə Səhiyyə Nazirliyinin səlahiyyətlərinin birləşdirilməsi istiqamətində addımlar atıla bilər.
Bu barədə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Quliyev TNS-ə müsahibəsi zamanı bildirib.
Deputat səhiyyə sahəsində olan məsələlərin idarəsi üçün TƏBİB-in yaradılma zərurətindən danışıb: “Bu, keçid dövrü üçün lazım idi. Çünki dərin islahatları Səhiyyə Nazirliyinin aparması o qədər asan olmayacqdı. Yeni baxış, yeni kadrlar lazım idi. Müəyyən riskli qərarlar qəbul edilməli idi. Səhiyyə Nazirliyinin ənənəvi, konservativ baxışlardan çıxış etməsi, ola bilərdi ki, o qədər uğurlu yanaşma olmazdı. Yəqin ki, müəyyən dövrdən sonra TƏBİB-lə Səhiyyə Nazirliyinin səlahiyyətlərinin birləşdirilməsi istiqamətində addımlar atılar”.
Deputat vurğulayıb ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yalnız tibbi xidmətləri maliyyələşdirən bir qurum kimi qalar.
“Proseslərin icrası, tibbi kadrların hazırlanması, onların işinə nəzarət kimi fəaliyyətlər Səhiyyə Nazirliyində birləşməlidir”,-deyə Musa Quliyev qeyd edib.