![İrəvan “d” deyir, “dəhliz” demir İrəvan “d” deyir, “dəhliz” demir](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739422867_0001.jpg)
“Ermənistan Azərbaycana eksterritorial dəhliz verməyəcək”. Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Lakin erməni spiker qeyd edib ki, Ermənistan Azərbaycanın möhürlənmiş yüklərinin dayanmadan Zəngəzurdan maneəsiz keçməsini təmin etməyə hazırdır.
Simonyana görə, “bütün qərarlar qarşılıqlılıq prinsipinə” əsaslanmalıdır. Bəs nə deməkdir “möhürlənmiş yüklərin dayanmadan maneəsiz” keçidi? İrəvan dəhlizin hansı rejimdə, statusda açılmasına işarə edir? Yada salaq ki, Prezident İlham Əliyev ötən ay yerli telekanallara müsahibədə “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” deyə İrəvana xəbərdarlıq edib. Dövlət başçısı eyni zamanda dəhlizin Ermənistanın suverenliyi və ərazi bütövlüyünü pozmadığını söyləyib.
“Əminəm ki, Donald Tramp Cənubi Qafqazın Rusiyanın təsir zonası olmasına razılaşacaq. Bu razılaşmalar Rusiya ilə Amerika arasında əldə edilməlidir. Zəngəzur dəhlizinin taleyi də bundan asılıdır”. Bunu isə erməni politoloq Suren Sərkisyan yerli mediaya müsahibəsində deyib. O ki qaldı Ermənistanın təklifinə, onun sözlərinə görə, ən azı 4 dövlət - İran, Azərbaycan, Türkiyə, Rusiya - “Sülh kəsişməsi”ndə maraqlı olmalıdır: “Amma mən belə bir istəyin olduğunu görmürəm”.
Dəhlizə qarşı müqavimət göstərən isə əsasən İrandır. İranın Ermənistandakı səfiri Mehdi Sübhani az öncə deyib ki, Tehran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir. Səfirə görə, İran Azərbaycan üçün Naxçıvana alternativ marşrut təklif edib. Bakı isə üçtərəfli sənədin 9-cu bəndinə istinad edərək blokadada olan nəqliyyat kommunikasiyalarının açılmasını tələb edir. O zaman A.Simonyanın son açıqlamasını necə oxumaq lazımdır?
Yeri gəlmişkən, erməni jurnalist Armine Vardanyan yazıb ki, Zəngəzur geosiyasi və geoiqtisadi maraqların toqquşma ocağına çevrilib: “Bu maraqlar fonunda Zəngəzur zavodunda yaranmış böhran beynəlxalq diqqəti də bura cəlb edir və xarici investorları uzaqlaşdırır. Azərbaycan təbii ki, xarici investorların Ermənistana qarşı bu cür münasibətində maraqlı tərəfdir və vəziyyətdən istifadə edəcəyi də aydındır. Maraqlıdır ki, Zəngəzur zavodunun ətrafında yaranmış qalmaqal fonunda Ermənistanda bir sıra media subyektləri Mehri dəhlizini aktiv şəkildə müzakirəyə çıxarıb. Bütün bunlar təsadüfə bənzəmir və Zəngəzurda geosiyasi toqquşma gözləntilərini artırır”. Keçmiş xarici işlər naziri Vardan Oskanyan isə deyib ki, “minimum diplomatik imkanlara malik hökumətimiz olmasa, Sünikin (Zəngəzur) bir hissəsi Azərbaycana veriləcək”. “Ermənistan demarkasiya prosesində yeni əraziləri Azərbaycana qaytaracaq. Ümumiyyətlə, Ermənistanın sərhədləri dəyişəcək, Sünikin (Zəngəzur) bir hissəsi Azərbaycana veriləcək. Bununla yanaşı, konstitusiya dəyişdiriləcək, 300 minə yaxın azərbaycanlı da Ermənistana gələcək”, - o iddia edib.
Politoloq Zaur Məmmədovun sözlərinə görə, Paşinyanın da imzası olan üçtərəfli bəyanatın müvafiq bəndində Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməyi öhdəsinə götürüb: “Mövzu ilə bağlı Rusiya-ABŞ, İran-Azərbaycan mövqelərində uzlaşmanın olmaması fonunda Bakı və İrəvan arasında dəhlizlə bağlı danışıqlar davam etməkdədir. Bu dəfə də aydın olan məqam odur ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə Ermənistandan daha çox mane olan və narahat olan İrandır. Bu maneə və narahatlıq üçtərəfli bəyanatın imzalanmasından sonra İranda müxtəlif bəyanatlarda və tez-tez verilən açıqlamalarda özünü büruzə verir. Azərbaycan Zəngəzur dəhlizinin sülh yolu ilə açılmasını istəyir. Bu yolun açılmaması fonunda Ermənistanın hücum xarakterli silahları və müəyyən ölkələrin hərbçilərinin şərti sərhədlərimizə doldurulmasına imkan verməyəcək”.
Ekspert hesab edir ki, əgər Tehran bölgədə xəritələr məsələsində narahatdırsa, o zaman Ermənistanın bu addımları ilə bağlı konkret fəaliyyətə başlasın: “Əgər etmirsə, şərti sərhədlərdə uzunmüddətli sabitliyi Azərbaycan təmin etməli olacaq. Yaxın keçmişdə Qarabağla bağlı Azərbaycanın beynəlxalq ictimaiyyətə etdiyi xəbərdarlıqları hər kəs çox yaxşı xatırlayır. Həmin dövrdə də çoxları Azərbaycana "status-kvo hələ uzunmüddət qalmalıdır" kimi çağırışlar edirdi. Azərbaycan öz bildiyini etdi və nəticə göz qabağındadır. Zəngəzur mövzusunda da Azərbaycan bu xəttin açılacağına əmindir: ya reallığı qəbul etməlidirlər, ya da seyrçi olmalıdırlar. Cənubi Qafqazın taleyini Qafqaz xalqları dialoq vasitəsilə həll edəcək".
Hüquq müdafiəçisi Xəzər Teyyublu dəhliz statusu olmadan yolun açılacağını istisna etmir. O, maneəsiz keçid öhdəliyinin isə yerinə yetirilməsini qaçılmaz sayır. X. Teyyublu hesab edir ki, erməni spiker bu açıqlama ilə koridora kimin nəzarət edəcəyinə eyham vurub: “Ermənistan Zəngəzurdan keçən yüklərə özü kontrol etməyi nəzərdə tutur. Bu bəyanat daha çox Rusiyanın "bostanına daş" sayılmalıdır. İrəvan bizim yük maşınlarını buraxanda özləri yoxlamaq istəyir. Ola bilsin ki, rüsum tələb edilməsin, amma yoxlanış erməni sərhədçilərində olsun. Yəni Rusiya Federal Təhlükəsizlik Xidmətinin mühafizə bölmələrinin yola nəzarətinə qarşıdırlar. Paşinyan daha əvvəl demişdi ki, guya 10 noyabr sənədində yola nəzarətin ruslara verilməsi razılaşması yoxdur. Amma baş nazir qarışdırır. Yolun təhlükəsizliyinin təşkilindən söhbət gedir. Bu səbəbdən Simonyanın çıxışını belə oxumaq lazımdır - dəhliz statusu daşımadan, erməni sərhədçilərin nəzarəti altında bizim yüklər yoxlanıb Naxçıvana gedir. Bu da üçtərəfli sənəddən imtinadır. Artıq o məsələyə Rusiya münasibət bildirməlidir. Bizi maraqlandıran yola hansı tərəfin nəzarəti deyil, təhlükəsizliyin təmin olunmasıdır".
Hüquq müdafiəçisi Zəngəzur probleminin mürəkkəb olduğunu düşünür: “Burada İran fərqli mövqedədir, özünə pay tələb edir. ABŞ və Avropa Birliyi Orta dəhlizin bu hissəsindən Rusiyanın divident götürməsinin əleyhinədir. Rusiya isə 10 noyabr sənədindən tutaraq Ermənistandan öhdəliyi yerinə yetirməyi tələb edir. Amma Brüssel və Vaşinqton İrəvana deyirlər ki, nəbadə bu yola kontrolu ruslara verəsən. Ona görə Paşinyan manevrlər edir. Nəticədə 5 ildir ki, dəhlizin açılması gecikir. Azərbaycan isə bu strateji və ekonomik rəqabətin ucbatından Naxçıvana quru yoldan məhrum olub. Amma prezident dedi ki, Azərbaycandan Azərbaycana keçid bizim haqqımızdır. Hətta bu bölücülüklə tarixi ədalətsizliyi edənləri də xatırladı. Beləliklə, qarşıda Zəngəzur dəhlizi ilə bağlı daha ciddi mübarizənin və proseslərin gedəcəyini əminliklə söyləmək olar. Hər şey Rusiyanın Ermənistana təzyiqlərinin hansı səviyyədə olacağından asılıdır”.
“Yeni Müsavat”