![Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var”](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739472148_putin-baki-scaled-1-900x477.jpg)
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsində həlledici nöqtələrdən biri Kiyevin NATO-ya üzv olacağı ilə bağlı iddialardır. Siyasi dairələrdə Qərbin Ukraynaya belə bir vədi olduğu deyilsə də, NATO Baş katibi Mark Rutte bunu təkzib edib.
Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Ukraynanın NATO-ya üzvlük bəndi qəbul edilməyəcək:
“Kremlin məsələ ilə bağlı konkret yanaşması var. Belə ki, Ukrayna NATO-ya üzv olmamalı və Rusiyanın çevrələnməsi siyasəti tam dayandırılmalıdır. Bu danışıqlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Çünki ortada işğal faktı var. Danışıqlar yalnız beynəlxlaq hüququn bərpası, işğalın dayandırılması, işğalçı qüvvələrin ərazilərdən çıxarılması səviyyəsində aparılmalıdır. Amma ortada qlobal sövdələşmədən söhbət gedir ki, bu da işğala haqq qazandırır. Eyni zamanda gələcək işğallara da yol açır”.
Politoloq bildirib ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişinin dünyaya sülh gətirəcəyini düşünmək tamamilə yanlışdır:
“Tramp dünyada qütbləşməni, savaşları daha da tətikləyəcək. Rusiya özünü qalib elan edərsə, postsovet ölkələri zərər çəkəcək. Azərbaycan, ümumilikdə türk dünyası üçün ən yaxşı çıxış yolu bir olmaqdır”.