
Ermənistanın sabiq Prezidenti Robert Köçəryan dünən İrəvanda mətbuat konfransı keçirib və hazırkı hakimiyyətin, Baş nazir Nikol Paşinyanın xarici və daxili siyasətini tənqid edib. Ermənistandakı ictimai-siyasi şəxslər, analitiklər isə Köçəryanın mətbuat konfransında dediklərinə qarşı çıxır, onun fikirlərinin Rusiya köləliyinə səslədiyini iddia edirlər.
Ermənistan Parlamentinin sədri Alen Simonyan sabiq Prezidenti Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya bənzədib: “Diplomatiyadan, onun təfərrüatlarından geniş danışmağa, Abxaziya və Osetiyanın Gürcüstandan qalın xətlə ayrıldığı xəritənin altında oturmağa dəyərmi? Hamı sizin heç kimi dəstəkləmədiyinizi bildiyi halda mətbuat konfransı keçirib, Karen Dəmirçiyanı, Stepan Dəmirçiyanı dəstəklədiyinizi deməyə dəyərmi? Marqarita Simonyan və Aleksandr Lukaşenkonu müdafiə etmək üçün mətbuat konfransı keçirməyə dəyərdimi? Yeni heç nə demədən Mehri məsələsinə haqq qazandırmaq və mövzunu daha da dərinləşdirmək üçün mətbuat konfransı keçirməyə dəyərdimi? Nəhayət, mətbuat konfransı keçirib Mariya Zaxarovanın iki ildir dediklərini təkrarlamağa dəyərdimi?”, – Simonyan vurğulayıb.
Spiker əlavə edib ki, Köçəryan unudulmamaq üçün mətbuat konfransı keçirib. O, sabiq Prezidentin mətbuat konfransı keçirərkən divara vurulmuş ləğv edilmiş qondarma qurumun “xəritə”sinə də diqqət çəkib və burada da “təhrif”ə yol verdiyini söyləyib.
“Ermənistanın sabiq prezidenti Robert Köçəryanın dünənki mətbuat konfransı Münhen Təhlükəsizlik Konfransı ilə bağlı idi”. Bu sözləri isə Ermənistanın müxalif “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan deyib. Onun fikrincə, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Münhendəki çıxışı Köçəryanın rəhbərliyi altında Rusiya siyasəti və Ermənistanın vassallaşmasının əsas dəstəkçisi olanların hamısında böyük ümidlər yaradıb: “Münhendə Vensin çıxışından sonra xəbər aldıq ki, Köçəryan mətbuat konfransı keçirəcək. Xəbər gələndə oradaydım, Avropa rəsmiləri arasında hansı reaksiyaların olduğunu gördüm. Köçəryanın mətbuat konfransı keçirməsi hamımız üçün utancvericidir. Çünki onun dövlət və dövlətçiliyə xəyanətinin inkaredilməz sübutları ortaya qoyulub. Bunları inkar edə bilməz”.
Erməni analitik Tevos Arşakyan isə yazdığı analitik məqalədə bildirib ki, Ermənistan Avropa İttifaqı və NATO ilə yaxınlaşdıqca, İrəvanın Qərblə münasibətləri möhkəmləndikcə, Rusiyanın “beşinci kolon”u əsəbiləşir: “Sabiqlər – Robert Köçəryan və Serj Sarkisyan aktivləşirlər, bir növ, xortlayırlar. Sarkisyanın parlamentdəki “Mənim şərəfim var” fraksiyası Ermənistanın Aİ-yə üzvlük prosesinə başlamaq təşəbbüsü barədə qanunun əleyhinə səs verdi. Elə Köçəryanın “Ermənistan” bloku da analoji addım atdı. Köçəryan hətta mətbuat konfransı keçirib yenidən cəfəngiyyatlarını səsləndirdi. Moskvanı və onun Ermənistan daxilindəki “mələklərini” hər cür şəkildə ölkə hakimiyyətinin sükanı arxasına keçirməyə çalışanları qorxudan Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya yolunu tutmasıdır. Onlar Rusiyanın İrəvanın Avropayönümlü istəklərinə respublikanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi baxdığını söyləməklə erməni cəmiyyətini qorxuya salırlar. Amma bütün bunlar boş söhbətlərdir. Biz çox yaxşı başa düşürük ki, onlar bizi sadəcə olaraq özlərinə daha sıx bağlamağa və Qərbə getməyimizə imkan verməməyə çalışırlar”.
“Sarkisyan və Köçəryan ciyiltiləri artıq Ermənistanda heç kimi maraqlandırmır. 2018-ci ildə erməni xalqı rusiyapərəstləri təkcə hakimiyyətdən deyil, böyük siyasətdən də qovdu. Bəli, məlum hadisələrə görə sonradan parlamentə düşə bildilər. Amma indi deyə bilərik ki, onların “qu quşu” nəğməsinin şahidi oluruq. Onlara qalan Kreml ağalarının əmrlərini yerinə yetirməkdir. Üstəlik, Ermənistanın özündə heç bir geri dönüş olmadan”, Arşakyan vurğulayıb.
Ayna.az