
Ermənistan beynəlxalq nəqliyyat dəhlizinin yaradılması prosesinə qoşulur. Belə ki, qonşu ölkə hökuməti mayın 8-də keçirilən iclasda Ermənistanın “İran, Oman Sultanlığı, Qətər, Türkmənistan və Özbəkistan arasında beynəlxalq nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında” sazişə (bundan sonra Aşqabad sazişi) qoşulmasını təsdiqləyib.
Əsasnamədə bildirilir ki, Aşqabad sazişinə qoşulma iştirakçı dövlətlərin ərazilərindən yüklərin və sərnişinlərin daşınması və tranziti üçün etibarlı şəraitin yaradılmasına, multimodal daşımaların asanlaşdırılmasına, daşıma xərclərinin optimallaşdırılmasına, respublikanın tranzit rolunun artırılmasına, daşımaların təhlükəsizliyinin yaxşılaşdırılmasına və iştirakçı dövlətlərin daşıma təşkilatları üçün bərabər şəraitin yaradılmasına töhfə verəcək.
Aşqabad sazişinə qoşulma nəqliyyat dəhlizi vasitəsilə beynəlxalq bazarlara çıxışı, beynəlxalq daşımalar üçün tələb olunan tranzit sənədlərinin uyğunlaşdırılmasını, gömrük prosedurlarının sadələşdirilməsini təmin edəcək. Saziş onun iştirakçısı olan ölkələr arasında müxtəlif nəqliyyat növləri ilə logistik daşımaların həyata keçirilməsi prosesini tənzimləyəcək. O, “Dünyanın kəsişməsi” layihəsinin əsas prinsiplərinə uyğundur və regionda nəqliyyat əlaqələrinin və iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
Qeyd edək ki, Aşqabad sazişi 2011-ci ildə Özbəkistan, Türkmənistan, İran, Oman və Qətər arasında imzalanıb. 2013-cü ildə Qətər sazişdən çıxıb, eyni ildə Qazaxıstan ona qoşulmaq üçün müraciət edib, 2015-ci ildə müraciət bütün üzv dövlətlər tərəfindən dəstəklənib. Saziş özü 2016-cı il aprelin 23-də qüvvəyə minib. Ondan əvvəl 2014-cü ilin avqustunda Omanın paytaxtı Maskatda Özbəkistan, Türkmənistan, İran və Omanın xarici işlər nazirləri tərəfindən Anlaşma Memorandumu imzalanıb.
2016-cı ildə sazişə Pakistan, 2018-ci ildə Hindistan qoşulub. Qazaxıstan hökuməti də 2018-ci ildə sazişə qoşulmaq haqqında razılaşmanı təsdiqləyib.
Türkmənistan Aşqabad depozmüqaviləsininitar dövlətidir.
Rəsmi məlumata əsasən, sazişin məqsədi Avrasiya regionunda nəqliyyat əlaqələrini yaxşılaşdırmaq və onları bu region daxilindəki digər nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə sinxronlaşdırmaqdır.
On ildən çoxdur hüquqi qüvvə almasına baxmayaraq, Aşqabad sazişinin icrası istiqamətində elə çox iş görülməyib. Proseslər 2020-ci ildən sonra bir qədər aktivləşib. 2021-ci ildə sazişə qoşulan ölkələrin nəqliyyat nazirlərinin ilk görüşü keçirilib. 2022-ci ildə Türkmənistan, İran, Özbəkistan və Qazaxıstan beynəlxalq nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında Sazişə yekun Əlavə Protokolu (Aşqabad sazişi) imzalayıblar. Bu sənəd sazişin iştirakçısı olan ölkələrin Koordinasiya Şurasının Avaza şəhərində keçirilən ikinci iclası zamanı imzalanıb. İclas iştirakçıları beynəlxalq avtomobil daşımaları iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi, ikitərəfli və tranzit avtomobil yükdaşımalarının inkişafı qarşısında maneələrin aradan qaldırılması ilə bağlı bir sıra məsələlərə baxıblar. Bundan əlavə, digər məsələlərlə yanaşı, dəmir yolu nəqliyyatı ilə yükdaşımalarda vahid keçid tarifinin, habelə avtomobil daşımaları ilə bağlı nəqliyyat xidmətlərinə görə dövlət sərhədlərini keçərkən yığılan rüsumların və ödənişlərin paritet dərəcələrinin birləşdirilməsinə və müəyyənləşdirilməsinə diqqət yetirilib.
Türkmənistan 2022-ci il iyunun 1-dən bütün lazımi tələblərin yerinə yetirilməsi şərti ilə xarici nəqliyyat vasitələrinə və sürücülərinə Saraxs-Farap-Sarahs marşrutu ilə öz sərhədindən keçməyə icazə verib. Bu icazə təkcə İrandan deyil, həm də Omandan yükdaşıyanlara Türkmənistanın quru ərazisi vasitəsilə Özbəkistanla sərhədə çatmağa və geri qayıtmağa imkan verir.
2023-cü ildə İran Xarici İşlər Nazirliyinin Körfəz ölkələri üzrə baş direktoru Əlirza Enayəti İran-Oman-Türkmənistan-Özbəkistan dəhlizinin istifadəyə veriləcəyini açıqlayıb. İranın rəsmi xəbər agentlikləri qeyd ediblər ki, İran, Oman, Türkmənistan və Özbəkistan arasında tranzit marşrutu nəzərdə tutan Aşqabad müqaviləsinin aktivləşdirilməsi üçün Tehran və Maskat arasında ciddi müzakirələr aparılıb. Lakin hələ ki, dəhlizin fəaliyyətə başlamasına dair hər hansı açıqlama verilməyib.
Yuxarıda da qeyd etdiyimiz kimi, Aşqabad sazişinin ehtiva etdiyi nəqliyyat dəhlizi regionda artıq icrasına başlanan digər dəhlizlər, o cümlədən Şimal-Cənub, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizləri ilə sıx inteqrasiyanı nəzərdə tutur.
2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlandıqdan sonra Asiya ilə Avropanı Rusiyadankənar əlaqələndirmək üçün fəaliyyətlər aktivləşdirilib. Eyni zamanda Asiyadan Ərəbistan yarımadasına, Yaxın Şərqə yükdaşımaların alternativ marşrutlarla daşınması məsələsi də gündəmə gəlib. 2022-ci ilədək Mərkəzi Asiyadan yüklər Rusiya ərazisi ilə Baltik dənizi limanlarına, oradan isə dünya bazarlarına çıxarılırdı. Ukraynada müharibə başladan Rusiya nəinki özü Avropa bazarlarından məhrum oldu, həm də öz ərazisindən keçən çox böyük tranzit daşımalarının digər ərazilərə yönəldilməsi ilə üzləşdi. Aşqabad sazişi üzrə fəaliyyətlər məhz Rusiyadan yan keçmək zərurəti yarandıqdan sonra aktivləşdirilib.
Bu sazişdən əlavə, 2023-cü ilin noyabrında Türkmənistan, Özbəkistan, İran və Türkiyənin nəqliyyat sahəsində müvafiq nazirlikləri “Özbəkistan-Türkmənistan-İran-Türkiyə” marşrutu ilə Asiya və Avropanı birləşdirəcək beynəlxalq multimodal dəhlizin formalaşmasını nəzərdə tutan Çoxtərəfli İclas Protokolunu imzalayıblar. Protokolda Asiya-Sakit okean regionu ölkələrindən Avropa İttifaqı ölkələrinə Özbəkistan, Türkmənistan, İran və Türkiyə əraziləri vasitəsilə yükdaşımaların təşkili; Özbəkistan, Türkmənistan, İran və Türkiyədə dəmir yolu ilə yüklərin daşınması üçün rəqabətli tarif dərəcələrinin tətbiqi və əlverişli şəraitin yaradılması, marşrutda iştirak edən ölkələrin nəqliyyat əlaqəsinin artırılması və sair nəzərdə tutulur.
Həmin ilin oktyabrında Türkmənistan, Qazaxıstan, Özbəkistan, İran və Türkiyənin nəqliyyat və dəmir yolu sənayesi nazirliklərinin nümayəndələri “Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə-Avropa” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına dair sazişin imzalanması prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər. 2023-cü ildə Qırğızıstan-Özbəkistan-Türkmənistan-Rusiya nəqliyyat dəhlizinin yaradılmasına dair razılaşma əldə olunub. Dəhlizlə daşınan yüklərin Türkmənistan limanları ilə həm Rusiyaya, həm də Azərbaycan üzərindən Avropaya ötürülməsi nəzərdə tutulur.
2024-cü ilin sentyabrında “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının yaradılıb. Assosiasiya Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yollarının əlaqələndirilməsi yolu ilə yeni dəhlizin yaradılmasını həyata keçirəcək. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir.
Göründüyü kimi, Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə çoxsaylı və çoxfiqurasiyalı nəqliyyat dəhlizi təşəbbüsləri var. Bu təşəbbüslərin bir qsimi region dövlətlərinin bir-biri ilə apardığı rəqabətdən qaynaqlanır: Qazaxıstan coğrafi mövqeyindən istifadə edərək Avropa İttifaqı, Çin və ABŞ-ın dəstəyini alan əsas Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində ən böyük paya sahiblənməyə çalışır ki, bu da həm Özbəkistan, həm Qırğızıstan, həm də Türkmənistanı qıcıqlandırır. Təsadüfi deyil ki, bölgədə bu üç ölkənin iştirakı ilə irəli sürülən əksər nəqliyyat layihələrində Qazaxıstan yoxdur.
Digər tərəfdən, İran böyük və qlobal ticarət marşrutunun keçdiyi Mərkəzi Asiyanın potensialından bəhrələnməyə çalışır və region dövlətlərini müxtəlif birgə layihələrə cəlb edir. Tehran həm Türkmənistan üzərindən gələcək avtomobil və dəmir yolu, həm də Qazaxıstan vasitəsilə Xəzər dənizi üzərindən gələcək yüklərin mümkün qədər çox hissəsini öz ərazisinə yönəltmək istəyir. Aşqabad sazişi bu sahədə Tehranın məqsədlərinə cavab verir. Onun yaxın münasibətlərdə olduğu Omanın layihəyə qoşulması maliyyələşmə ilə bağlı məsələlərin həllində cəlbedici faktordur. Belə görünür ki, İran nüvə proqramı ilə bağlı ABŞ-la aparılan danışıqlarda irəliləyişlərə ümid edərək regional iqtisadi proseslərdə rolunu artırmağı hədəfləyir. Tehranın “kiçik qardaşı”nı kağız üzərində olan layihəyə qoşmaq cəhdi də bundan xəbər verir.
Asiyadan Ərəbistan yarımadasına yükdaşımaların təşkilini nəzərdə tutan layihəyə qoşulmaqda Ermənistanın məqsədi iştirakçı dövlətlərin tətbiq edəcəyi güzəştlərdən yararlanmaqdır. Məlumdur ki, Ermənistan həm də Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə qoşulmağa can atır. Yaxın “dostları” Tehran və Yeni Dehli bu məsələdə ona ciddi dəstək verirlər. Aşqabad sazişində nəzərdə tutulan dəhlizin Şimal-Cənuba inteqrasiyasının planlaşdırılması İrəvanın maraqlarına uyğundur. Bu, həm də Azərbaycanın iştirak etmədiyi layihədə yer almaq baxımından Ermənistana lazımdır: On ilə yaxın bir dövrdə İranın təşəbbüskarı olduğu Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsində Bakı olmadan iştirak edən İrəvan 2022-ci ildən bu imkanı itirib - İranın dəvəti ilə Azərbaycan layihəyə qoşulub. Aşqabad sazişi bu mənada ermənilər üçün təsəlli faktorudur. Amma təşəbbüs qaldırıldığı 14 ilin təcrübəsi göstərir ki, sazişin nəzərdə tutduğu dəhlizin reallaşması, işlək mexanizmə çevrilməsi heç ortamüddətli dövrdə belə real görünmür.
Azərbaycanın iştirakçısı olduğu meqalayihələr isə davamlı inkişafdadır. Həm Transxəzər nəqliyyat dəhlizi, həm də Şimal-Cənub dəhlizi real olaraq fəaliyyətdədir və gündəmdə onların işinin təkmilləşdirilməsi, yükdaşımaların artırılmasıdır. Bir qayda olaraq icrası real olan layihələrdə iştiraka üstünlük verən Bakı hər iki dəhliz üzrə infrastrukturunun genişləndirilməsi layihələrini icra edir. Aşqabad sazişi hətta reallaşmağa başlasa belə, Azərbaycan üçün ciddi bir iqtisadi təhdid formalaşdırmaq imkanında deyil. Hətta layihənin icrasının bəlli bir mərhələsində Bakının infrastrukturundan istifadə zərurətinin yaranması da gözləniləndir: İrəvanla sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizinin icrası halında Aşqabad sazişində nəzərdə tutulan dəhlizin onunla əlaqələndirilməsi bütün tərəflər üçün iqtisadi baxımdan faydalı ola bilər.
“Yeni Müsavat”