
Xəbər verdiyimiz kimi, srağagün paytaxtın Gənclik metrosu yaxınlığında yerləşən “Paşa Dönər”-dən alınan dönəri yedikdən sonra 4 azyaşlı zəhərlənib.
Belə ki, zəhərlənmə azyaşlıların qanına da keçib. Uşaqların valideynlərinin “Paşa Dönər”-ə ilk müraciəti zamanı qidalarda olan problem rədd edilib. Lakin azyaşlıların həkiminin də rəyi ilə zəhərlənmənin məhz dönər ətindən olduğu təsdiqlənib.
Belə hallarda zərərçəkənlərə müəssisə tərəfindən təzminat verilməlidirmi? Bu müəssisəni hansı cəzalar gözlüyür?
Hüquqşünas Ramil Süleymanov “Referans”-a açıqlamasında bu haqda danışıb.
“Qeyd etdiyiniz məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-cü maddəsinin təsir dairəsinə düşür. Belə ki, 200-cü maddəyə görə, istehlakçıları aldatmaq keyfiyyətsiz məhsul istehsal etmək və ya satmaq hesab olunur. İndiki halda 30-a yaxın şikayət olubsa və 4 uşaq zəhərlənibsə, burada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200.3-cü maddəsinə əsasən, bilərəkdən pis məhsulların istehsalı və satışa buraxılması, keyfiyyətsiz olmasının gizlədilməsi, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurma ilə nəticələndikdə bu maddənin təsir dairəsinə düşür. Bu maddənin sanksiyasına görə, sahibkar 10 min manatdan 15 min manata qədər cərimə və ya 2 ilə qədər müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hüquqşünas qeyd edib ki, hüquq-mühafizə orqanının, konkret olaraq prokurorluğun hüquqi və ya fiziki şəxslə bağlı məsuliyyətini müəyyən edən qərarı mövcud olarsa, birmənalı şəkildə zərərçəkənlərin kompensasiya tələb etmək hüququ da yaranır. Hətta zərərçəkmiş şəxslərə kompensasiyanın müəssisə tərəfindən təklifi də mümkündür.