![Suriyada ABŞ koalisiyası irəliləyir Suriyada ABŞ koalisiyası irəliləyir](/uploads/posts/2016-06/thumbs/1465190103_0001.jpg)
ABŞ koalisiyasının dəstəklədiyi Suriya müxalifət qüvvələri «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının nəzarətində olan Mənbic şəhərinə doğru irəliləyir. Mənbic Suriyanın şimalında yerləşir.
Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı iyunun 5-də bildirib ki, Suriya Demokratik Qüvvələri (SDF) hücuma keçib və müxalif döyüşçülər Mənbicin beş kilometrliyinə yaxınlaşıb. Mənbic İŞİD-in əsas təchizat ərazisidir.
Son həftələr ərzində ABŞ koalisiyasının köməyi ilə kürd və ərəb silahlılarının birləşdiyi SDF alyansı Mənbic yaxınlığında xeyli irəliləyib.
Mənbic İŞİD-in nəzarətində olan Raqqa şəhərini Türkiyə sərhədi ilə birləşdirir. İŞİD bu xətlə təchizat əldə edir və əcnəbi döyüşçülər toplayır.
BMT-nin məlumatına görə, Mənbic ətrafındakı döyüşlər ucbatından azı 20 min nəfər evindən didərgin düşüb.
Suriyada 2011-ci ildə müharibə başlanandan azı 270 min nəfər ölüb, milyonlarla insan qaçqına çevrilib.