![Alban dilinin dövlət dili olmasına etiraz edirlər Alban dilinin dövlət dili olmasına etiraz edirlər](/uploads/posts/2017-02/thumbs/1488256817_0001.jpg)
Makedoniyanın paytaxtı Skopyedə minlərlə adam küçələrə çıxıb, Alban dilinin ikinci dövlət dili olmasıyla bağlı razılaşmaya etiraz ediblər.
Razılaşma Sosial Demokratların lideri Zoran Zaev-lə ölkənin 3 əsas alban partiyası arasında imzalanıb. Alban partiyaları Z.Zaev-i dəstəkləməklə parlamentdə onun tərəfdarlarının artmasına, beləliklə də onun yeni kabineti formalaşdırmasına imkan veriblər. Əvəzində isə alban dilinin ikinci dövlət dili elan olunmasını istəyiblər.
Hazırda Makedoniyanın yalnız bəzi yerlərində, əhalisinin 20%-dən çoxu alban olan bölgələrdə alban dili rəsmi dil hesab edilir.
Sosial şəbəkələrdə makedoniyalılar bir-birini küçələrə çıxıb Z.Zaev-in anlaşmasına etiraz etməyə çağırıblar. Etirazçıların çoxu qərarın əleyhinə olan mühafizəkar VMRO partiyasının tərəfdarlarıdır. Onlar dünən—fevralın 27-də hökumət binasının qarşısından yürüş edərək, «Bu iş olmayacaq!», «Bu bizim qırmızı xətdir!» kimi şüarlar səsləndirib, Makedoniyanın milli mahnılarını oxuyublar.