
"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) nazirlərinin növbəti görüşü 4 yanvar 2021-ci il tarixində baş tutacaq.
Bu barədə "APA-Economics" "Bloomberg"ə istinadən xəbər verir. Rusiyanın Nazirlər Kabineti iclasın sözügedən tarixə planlaşdırıldığını təsdiqləyib. Bundan öncə "OPEC+" nazirləri növbəti ay üçün gündəlik 500 min barel həcmində neft hasilatını artırma planını təsdiqləmək məqsədilə hər ay alyans toplantılarını keçirməyə razılığa gəlib.
Xatırladaq ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin 12-ci iclasında gündəlik neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Sözügedən qərarı Azərbaycan da dəstəkləyib.