
Son 5 ay ərzində dünya bazarlarında kərə yağının qiyməti kəskin şəkildə artıb.
Yeniavaz.com xəbər verir ki, dünyanın ən böyük ticarət platformalarından biri olan “Global Dairy Trade”də (“Qlobal Süd Məhsulları Ticarəti”) 18 fevral tarixində kərə yağının 1 tonunun orta topdansatış qiyməti 7 378 dollar (1 kq 7,4 dollar və ya 12,6 manat) olub.
Qeyd edək ki, 5 ay əvvəl – oktyabr ayının əvvəlində bu göstərici 6 407 dollar (1 kq 6,4 dollar və ya 10,9 manat) olub. Rəqəmlərdən də göründüyü kimi son 5 ay ərzində kərə yağının qiyməti təxminən 15,6% artıb.
Məlumat üçün bildirək ki, Azərbaycan kərə yağına olan tələbatı daxili istehsal hesabına təmin edə bilmir. İl ərzində Azərbaycanda təxminən 45 min ton kərə yağından istifadə olunur və bunun 18 min tonu (40%-i) xaricdən idxal edilir. Bu səbəbdən xarici bazarlarda kərə yağının qiymətinin artması daxili bazarda qiymətlərə təsir edir. Son 5 ayda xaricdən idxal edilən kərə yağının marketlərdəki orta pərakəndə satış qiyməti 21 manatdan 22,6 manata yüksəlib.