
Qarlı hava, orta məktəblərdə şagird davamiyyətinin azalması, tədrisdə məcburən fasilə yaranması illərdir gündəmdən düşməyən məktəb avtobusları məsələsinə yenidən qayıtmağı zəruri edir. Məlumdur ki, özəl təhsil müəssislərinin bəzisində məktəb avtobusları xidməti var, şagirdlər ünvandan ünvana rahat bir şəkildə çatdırılır.
Məktəb servisinin pik saatlarda tıxaclarda qalmamaq, valideynin övladının məktəbə aparıb gətirməsi kimi əlavə işdən azad olması, şagirdlərin təhlükəsiz şəkildə məktəbə, məktəbdən də evə çatdırılmasıdır. Qarlı havada bu xidmətin zəruriliyi və önəmi daha aydın göründü. Havanın qarlı, yolların buz bağlaması səbəbindən ictimai nəqliyyatın işində fasilələr yarandı, valideynlər övladlarını məktəbə göndərə, aparıb-gətirə bilmədilər. Ümumiyyətlə, təhlükəsizlik nəzərə alınaraq şagirdlərin məktəbə gəlməməsi tövsiyə olundu. Belə şərait məktəb avtobusları üçün hər nə qədər çətin olsa da, bu xidmət sayəsində şagirdlərin ünvandan götürülüb məktəbə çatdırılması problemi xeyli azalda bilərdi. Təəssüf ki, illərdir bu məsələ müzakirəyə çıxarılsa da, məktəb servisi məsələsi həllini tapmır.
Təhsil eksperti Kamran Əsədov bu fikirdədir ki, şagirdilərin məktəblərə servislər vasitəsilə çatdırılması nəqliyyat sıxlığını xeyli azaltmış olacaq:
- İlk növbədə qeyd edim ki, şagirdin individual və qrup halında evlərindən məktəbə və məktəbdən evlərinə tam təhlükəsiz çatdırılmasının təmin edilməsi eyni zamanda günü-gündən inkişaf edən şəhərimizdə tıxacların azalmasına böyük töhfə verər. Bu xidmətin digər üstünlüyü ondan ibarətdir ki, müasir standartlara uyğun nəqliyyat vasitələri istifadə olunmaqla təcrübəli, təlim keçmiş sürücülər tərəfindən xidmət göstərilir. Məktəb servisi yoxdursa, bunu övladını nisbətən və ya çox uzaq məsafədən dərsə aparmalı olan valideyn edir, bu da o deməkdir ki, yenə də fərdi nəqliyyat vasitələri avtomobil yollarında çoxluq təşkil edir, sıxlığa səbəb olur, məktəblərin önündə tıxac yaranır, parklanma problemi ortaya çıxır, valideynin də vaxtının müəyyən hissəsi bu işin icrasına sərf olunur. Amma nəqliyyat servisləri tərəfindən şagirdlərin aparılması həm valideynlərin maksimal rahatlığının təmini, həm də məktəblilərin təhlükəsiz və vaxtında daşınmasının təmin edilməsi deməkdir. Düzdür, Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilib ki, məktəblilər nəqliyyat problemi ilə üzləşməsinlər, amma nəzərə alaq ki, heç də bütün yaşayış massivlərinin yaxınlığında məktəb mövcud deyil və övladını hər hansı səbəbdən yaşadığı ərazidən uzaq məsafədə, kənarda yerləşən təhsil müəssisəsinə aparanlar da var.
K.Əsədov qeyd etdi ki, məktəb servislərini valideyn komitələri özləri təşkil edə bilər:
- Məktəb rəhbərliyi iddia edə bilər ki, onların büdcəsi kifayət deyil bu xidmət üçün. Bu gün özəl məktəblər, liseylər, bəzi gimnaziyalar təsərrüfat hesablı olduqları üçün bunu edə bilir. Amma dövlət məktəbləri edə bilmir. Çünki Elm və Təhsil Nazirliyi buna vəsait ayırmır. Fərdi avtomobili olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir. Tıxaclar, sıxlıq səbəbindən uşaqlar yolda çox yorulur, enerjilərini itirirlər. Məktəb avtobusları olsa, bu problemlər aradan qalxar. Hesab edirəm ki, valideynlər övladlarının rahatlığının təmini üçün məktəb servisinin təşkilində iştirak etsələr yaxşıdır. Zatən, valideynlər ictimai nəqliyyatda uşaqlara görə gedişhaqqı ödəyir. Amma həm vaxtları gedir, həm də yorğun olurlar. Məktəb servisi rahatlıq, təhlükəsizlik, əlavə vaxt itkisinin qarşısının alınmasıdır. Valideyn komitələri bu məsələ üzərində düşünməlidir.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də bu fikirdədir ki, məktəb servisləri olduqca sərfəlidir:
- Məktəb servisinin təşkili orta ümumtəhsil məktəblərinin önündə 30-40 fərdi nəqliyyat vasitəsinin dayanmasının aradan qalxacağı deməkdir. Hər gün neçə evdən fərdi nəqliyyat vasitəsi məhz şagirdləri məktəbə çatdırmaq üçün çıxır. Məktəblərin önü dərslərin başlanma və bitmə vaxtı fərdi avtomobillərlə dolu olur. Bu da təbii ki, tıxaca və sıxlığa səbəb olur. Məktəb avtobusları eyni vaxtda 20-30 uşağı məktəbə gətirəcəksə, bu, yollarda sıxlığın azalmasına səbəb olacaq. Həmçinin müəllimlər də bu servisdən istifadə edə bilər. Daha rahat bir şəkildə işə gələ bilərlər. Məktəblilər üçün güzəştli gedişhaqqı müəyyən edilməlidir. Valideynlər həftənin dərs günləri ictimai nəqliyyata xeyli vəsait sərf edir. Sosial cəhətdən aztəminatlı ailələr üçün bu, ciddi maddi problem yaradır. Güzəştli gediş haqqının təmin edilməsi isə brutto müqavilələr vasitəsilə mümkündür. Çeşidli, üstünlüyü təmin olunmuş, maliyyə dayanıqlılığı təmin olunmuş ictimai nəqliyyatdan söhbət gedir, bunun üçün də daşıyıcılarla biznes model dəyişməlidir, brutto müqavilələrə keçid olunmalıdır ki, daşıyıcılar dayanıqlı fəaliyyət göstərə, kredit cəlb edə, avtoparkını daha sürətli dəyişə, ən önəmlisi isə daha peşəkar sürücüləri işlədə bilsin və müəyyən sosial qruplar – təhsil alanlar, təqaüdçülər, fiziki məhdudiyyətli şəxslər üçün güzəştli gedişhaqqı tətbiq edilə bilsin.
SHERG.az