
İrəvanla Bakı arasında sülh müqaviləsi imzalanması istiqamətində vəziyyət qeydi-müəyyən olaraq qalmaqdadır. Belə ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır. Digər tərəfdən elə həmin gün Azərbaycan ordusunun mövqeləri Ermənistan istiqamətindən atəşə tutuldu. Ermənilər hələ də atəşkəsi pozur, təxribatlara davam edirlər. Bəs, bu ikibaşlı siyasət nə ilə nəticələnə bilər?
Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev bildirdi ki, ortada çox çirkin məqsədlər var: "Təbii ki, sülh müqaviləsinin imzalanmasına maneə olan məsələlərdən biri də məhz atəşkəsin tez-tez pozulmasıdır. Burada da məram və məqsəd var. Məqsəd ondan ibarətdir ki, hər dəfə atəşkəs pozulduqda onlar adekvat olaraq Azərbaycan tərəfindən cavab atəşi gözləyirlər və cavab atəşindən sonra bütün dünyaya Azərbaycanın atəşkəsi pozduğunu yaymaq niyyətindədirlər. Bununla da insan haqlarının pozulduğunu, sərhəd bölgələrində yaşayanlara qarşı münasibətin pis olduğunu göstərməyə çalışırlar. Təəssüf ki, Avropanın həmin ərazilərdə yerləşdirdiyi vizual kəşfiyyatçılar buna tam, birmənalı şəkildə susurlar. Onlar buna reaksiya versələr, atəşkəs bu qədər pozulmaz".
Deputat onu da qeyd edib ki, sülh müqaviləsinin imzalanmasına maneə törədəcək amillərdən ən başlıcası məhz həmin şərti sərhəddə vizual kəçfiyyatçıların Avropa tərəfindən yerləşdirilməsidir: "Bu da böyük problemdir. Çünki onların məramı, məqsədi sülhün bərqərar olması deyil, sadəcə olaraq müəyyən dairələrə, öz dövlətlərinə Azərbaycan haqqında kəşfiyyat məlumatları ötürməkdir. Bizim konkret olaraq tələbimiz budur ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik olunsun. Bu da heç bir dövlətin ərazi bütövlüyünə iddia ilə çıxış etməmək deməkdir".
A.Nağıyev əlavə etdi ki, bu müddəa olmadan hazırda sülh imzalansa, Ermənistan Parlamentində ratifikasiya olunmayacaq: "Çünki ciddi cəhdlə həm Paşinyanın impiçment məsələsi, həm Koçaryan - Sarkisyan cütlüyünün, yəni, keçmiş Qarabağ planının yenidən gündəmdə olması böyük problem yaradacaq. Ona görə də sülh müqaviləsinin imzalanması üçün mütləq şəkildə Ermənistan istər referendum yolu ilə, istər digər yolla Konstitusiyanı dəyişdirməlidir. Bu proseslər təbii ki, sona yetməlidir. Zəngəzur dəhlizi, kommunikasiyaların açılması, delimitasiya və demarkasiya istiqamətində aparılan işlər davam etdirilməlidir. Bu gün Ermənistanla Azərbaycan arasında 1007 km-ə yaxın şərti sərhəd var. Bütün bu sərhəd xəttinin delimitasiyası və demarkasiyası təbii ki, uzun çəkən proses ola bilər. Buna görə də düşünürəm ki, bu atəşkəsin xırda detallarla pozulması sülhün bərqəarar olmasını istəməyənlər tərəfindən törədilir. Bunun qarşısı alınmalıdır. Beynəlxalq təşkilatlar da buna ciddi reaksiya verməlidirlər".