
ABŞ-nin Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun son açıqlamaları Cənubi Qafqazda sülh gündəliyinə yenidən beynəlxalq diqqətin yönəldiyini göstərir. “Breitbart” xəbər portalına danışan Uitkoff Azərbaycan və Ermənistan arasında münaqişənin yekun həllinə çox yaxınlaşıldığını bildirib və bu prosesin Tramp administrasiyasının irəli sürdüyü “Abraham sülh sazişi” kontekstində inkişaf edə biləcəyinə işarə edib.
“Abraham sazişi” – Bakı və İrəvan üçün yeni diplomatik platforma?
Trampın xüsusi nümayəndəsinin sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan bu sülh təşəbbüsünə qoşulmağa hazır görünür: “İnanıram ki, hər ikisi “Abraham sazişi”nə qoşulmağa hazır ola bilər. Bu, Prezident Donald Tramp üçün böyük təşəbbüsdür. O, buna inanır. Bu, ümumilikdə regionda sülh və sabitliyə kömək edir”.
Qeyd edək ki, “Abraham sazişi” ABŞ-nin vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri - o cümlədən BƏƏ, Bəhreyn və Mərakeş arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan diplomatik təşəbbüsdür. Bu saziş vasitəsilə Tramp administrasiyası Yaxın Şərqdə İsrailin inteqrasiyasını sürətləndirməyi və regional sülh formatı yaratmağı hədəfləyirdi.
Uitkoffun Ermənistan və Azərbaycanı bu təşəbbüsə daxil etməsi, Vaşinqtonun Cənubi Qafqazı da regional sülh arxitekturasına birləşdirmək niyyətindən xəbər verir. ABŞ rəsmisinin bu istiqamətdə “Livan və Suriya” kimi ənənəvi olaraq İsrailə düşmən münasibət bəsləyən ölkələrin də sazişə qoşula biləcəyini istisna etməməsi, prosesin strateji miqyasını göstərir.
Moskvanın bölgədəki mövqeyi zəifləyir
Uitkoffun bu cür iddialı açıqlaması, Azərbaycanın bütün ərazilərində suverenliyini bərpa etməsi fonunda səslənir. 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı ilə Bakı ölkənin bütün ərazilərinə nəzarəti bərpa edib. Bu tarixi dəyişikliklərdən sonra sülh danışıqları Brüssel, Vaşinqton və Moskva formatlarında aparılsa da, Ukraynadakı müharibədən dolayı Rusiyanın təsir imkanlarının getdikcə azaldığı müşahidə olunur.
İndi ABŞ-nin Cənubi Qafqazdakı təşəbbüsləri artıq diplomatik vasitəçiliyi deyil, regional təhlükəsizlik sistemi yaratmağı hədəfləyir. Bakı və İrəvan “Abraham sazişi” kontekstinə daxil edilərsə, bu, postsovet məkanında ABŞ-nin rolu üçün presedent sayıla bilər.
Tərəflər sülh sazişini imzalamağa nə dərəcədə yaxınlaşıb?
2025-cü ilin əvvəlindən etibarən Azərbaycan və Ermənistan rəsmiləri sülh sazişi üzrə maddələrin razılaşdırıldığını bəyan ediblər. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sazişi dərhal imzalayacaqları barədə əvvəlki bəyanatlarını təkrarlayıb. Lakin sənədin imzalanacağı konkret tarix hələ açıqlanmayıb. Uitkoffun açıqlaması bu prosesin ABŞ tərəfdən aktiv izlənildiyini və bəlkə də Vaşinqtonun konkret sülh sənədini öz təşəbbüsü ilə yüksək müstəviyə daşımağa çalışdığını göstərir.
Yekunda qeyd edək ki, Stiv Uitkoffun bəyanatı onu göstərir ki, ABŞ Cənubi Qafqazda sülh prosesində sadəcə vasitəçi deyil, ideoloji və geosiyasi platforma təklif edən oyunçuya çevrilmək niyyətindədir. Azərbaycanın müstəqil, balanslı və çoxtərəfli xarici siyasəti bu təşəbbüsdə iştirak üçün imkanlar yaratsa da, “Abraham Sazişi”nin konkret formatı, siyasi şərtləri və regional nəticələri ciddi analiz tələb edir. Bu mərhələdə açıq qalan suallar çoxdur:
Ermənistan daxilində revanşist qüvvələrin müqaviməti nə qədər güclüdür?
ABŞ-nin yeni administrasiyası nə qədər ardıcıl olacaq və Uitkofun təşəbbüsü davam etdiriləcəkmi?
İsrail-Azərbaycan münasibətləri fonunda bu saziş yeni imkanlar yarada bilərmi?
Yaxın aylarda bu suallara cavab aydınlaşa bilər.
/Pressklub.az