
Ermənistanda NATO nümayəndələrinin iştirakı ilə təlimlər keçirilib. Bu barədə Brunssum Birləşmiş Müttəfiq Komandanlığından bildirilib.
“Fevralın 17-dən 21-dək “təşəbbüs”ün birinci mərhələsi Brunssum Birləşmiş Müttəfiq Komandanlığının nümayəndə heyətinin Ermənistan Respublikasına səfəri çərçivəsində keçirilib. Bu kollektiv təlim Ermənistan-NATO əməkdaşlığını genişləndirmək məqsədini daşıyır”, - deyə məlumatda qeyd olunub.
Əksər erməni hərbi ekspertlər hesab edirlər ki, Ermənistanın NATO-ya inteqrasiyası çətindir, üzvlük isə yaxın müddətdə xəyaldır. Bu, onunla əsaslandırılır ki, bu gün Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur və bu bazanın yaxın perspektivdə çıxarılması mümkün deyil. İkincisi, Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hələ də üzvüdür, baxmayaraq ki, bu qurumda fəaliyyətini dondurub. Lakin yaxınlarda KTMT-dən rəsmən çıxması çətindir. Politoloqlar isə hesab edirlər ki, bununla Ermənistan hakimiyyəti əslində Rusiyanın əsəblərini tarıma çəkir ki, bu da ölkə üçün yaxşı heç nə vəd etmir.
Azərbaycan Milli Məclisinin üzvü Ceyhun Məmmədov da bu yanaşma ilə razılaşır. Deputat mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, Ermənistanın növbəti hədəfi və məqsədi NATO-ya üzv olmaqdır:
- Şübhəsiz ki, bu, ağır prosesdir. NATO-ya qəbul olmaq elə də asan məsələ deyil. İllərdir Ukrayna Alyansa üzv olmaq istiqamətində addımlar atır, çalışır, amma müsbət nəticəyə nail ola bilməyib. Əvəzində, Rusiya ilə müharibə vəziyyətinə düşdü, hələ də müharibə davam edir. Nəticəsini də biz indi müşahidə etməkdəyik. Ermənistan da son illərdə, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra tamamilə Rusiyadan uzaqlaşmaq, Qərbə inteqrasiya kursu götürüb ki, əsas hədəflərdən biri də NATO-ya üzv olmaqdır.
Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, hansısa anlaşma yoxdur, İrəvan bu zaman kəsiyindən istifadə etmək, maksimum yararlanmaq istəyir. Ermənistan qısa zamanda Avropa təsisatlarına üzv olmaq istəyir. İrəvan bu gün Ermənistanın təhlükəsizliyinin qarantı kimi Qərbi görür. Bu baxımdan, davamlı olaraq Ermənistanda ABŞ-la birgə hərbi təlimin, NATO ilə təlimin şahidi oluruq. Hazırda baş tutan hərbi təlimlər də bu qəbildəndir. Qərb ölkələrinin, xüsusilə də Fransanın hərbçiləri, hərbi mütəxəssisləri Ermənistan ordusunun gücləndirilməsinə, NATO-ya inteqrasiyasına çalışırlar. Bu gün Ermənistan Qərb üçün ən önəmli dövlətlərdən biridir. Hesab edirəm ki, Qərbin Ermənistanla bağlı bu siyasəti hələ uzun müddət davam edəcək.
- Səbəb nədir?
- Səbəb odur ki, Qərb Ermənistandan gələcəkdə Rusiyaya, Türkiyəyə, İrana və Azərbaycana, elə Gürcüstana qarşı da istifadə etmək niyyətindədir. Qərb siyasiləri yaxşı bilirlər ki, bölgədə ancaq alət rolunda Ermənistan çıxış edə bilər. Ermənistan ordusunun gücləndirilməsi, onun yeni silahlarla təchiz edilməsi də buna hesablanıb. Ermənistanın Baş naziri Nikol Paşinyan “bizim məqsədimiz ölkəmizin müdafiəsini gücləndirməkdir” desə də, faktlar bunun əksini deyir. Birincisi, Ermənistan müdafiə yox, hücum silahı ilə silahlanır. İkincisi, Azərbaycana qarşı revanş çağırışları hər keçən gün bir az da artır. Eyni zamanda, Ermənistan sülhdən hər vəchlə yayınma siyasətini davam etdirir. Rəsmi Bakının qanuni, beynəlxalq hüquqa əsaslanan tələbləri var ki, İrəvan bu tələbləri yerinə yetirməkdən imtina etməkdədir. Bu isə onu göstərir ki, Ermənistan yeni müharibə niyyətindədir. Buna da Ermənistanı təhrik edən Qərbdəki havadarlarıdır.
Eyni zamanda, dediyim kimi, Ermənistandan Rusiyaya, İrana və Türkiyəyə qarşı lazım olan zaman istifadə etməyə çalışırlar. Bu isə Ermənistana ziyandan başqa heç nə verməyəcək. Uzun illər Rusiyanın forpostu, aləti olan Ermənistan anlamalıdır ki, onu Moskva xilas edə bilmədi, yeni ağası Qərb də onu xilas edə bilməyəcək.
- Ermənistanın bu addımlarına Rusiyadan sanki səssizlik var...
- Rusiyanın kobud desək, başı hələ ki, Ukrayna münaqişəsinə qarışıb. Amma Moskvadan İrəvana zaman-zaman xəbərdarlıqlar edilir. Hesab edirəm ki, Rusiya Erməniostan məsələsinə yenidən qayıdacaq. Ukrayna münaqişəsində atəşkəs anlaşmasının ola biləcəyi gözləntiləri var. Əgər bu, baş verərsə, Rusiyanın nəzərini cəmləyəcəyi ölkə Ermənistan olacaq.
- Buna havadar olan Qərbin reaksiyası necə olacaq?
- Biz hazırda əsas Qərb ölkəsi olan ABŞ-ın Rusiya ilə münasibətlər sisteminə yenidən baxdığını, loyallıq göstərdiyinin şahidiyik. Donald Tramp administrasiyasının Ukrayna məsələsinə yanaşması da artıq demək olar ki, bəllidir. Həmçinin ABŞ-la Avropa İttifaqı arasında münasibətlər getdikcə gərginləşir, uçurum daha da artır. Avropa İttifaqı Ermənistana sabah dəstək versə belə, bu, təhlükəsizlik çətiri baxımından yetərli olmayacaq. Biz bunu Ukraynaya dəstəyin timsalında görürük.
Ermənistan bu gün bütün imkanlarından istifadə etməklə ABŞ-la əlaqələri gücləndirməyə və təhlükəsizlik çətiri almağa çalışır. Amma Vaşinqtondan müsbət cavab hələ ki, yoxdur. İnandırıcı deyil ki, Rusiya ilə münasibətlər sistemində dönüş edən Ağ Ev Ermənistana görə Rusiya ilə münasibətlərin pozulmasına razı olsun. ABŞ yaxşı bilir ki, bir ölkədə Rusiyanın hərbi bazası varsa, ona təhlükəsizlik qarantı vermək problematikdir. Ona görə də, hesab edirəm ki, Qərbə inteqrasiya yolunu tutmuş Ermənistanın bundan sonrakı vəziyyəti daha mürəkkəb olacaq.