
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən sessiyasında çıxış edərkən rəsmi Bakının Ermənistanın ərazi bütövlüyünü tanımaq istəməməsindən də şikayətlənib:
“Bir il əvvəl bəyanatımda Ermənistanın qarşılaşdığı çətinliklərə geniş istinad etmişdim. Təəssüf ki, ölkəmizin böyük səylərinə baxmayaraq, həmin çətinliklərin əksəriyyəti hələ də həll olunmamış qalır. 1991-ci il Almatı Bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına baxmayaraq, şərq qonşumuzdan gələn bəyanatlar Ermənistanın ərazi bütövlüyünü sual altına almaqda davam edir. Bundan əlavə, hazırda 23 erməni şəxsə qarşı saxta məhkəmə prosesləri aparılır. Onlar Azərbaycanda əsassız olaraq saxlanılır və bu məhkəmələr ədalətli hüquqi prosedur standartlarına hörmətsizlik nümayiş etdirir”.
Mirzoyanın sözlərinə görə, bir il əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat vermişdi ki, Qarabağdan olan 115 mindən çox etnik erməninin vəziyyəti ilə bağlı məlumat toplamaq üçün Ermənistana iki qrup göndərəcək: “Biz inanırıq ki, bu missiyanın nəticələri barışıq işinə mühüm töhfə olacaq”. Mirzoyanın Qarabağ ermənilərinin vəziyyətini öyrənmək üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından Ermənistana iki qrup göndərilməsini istəməsi erməni tərəfin yeni oyunlarından xəbər verir. “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü sual altına almaqda davam edir” iddiasının arxasında hansı plan dayanır? Həm separatçıların, həm Qarabağdan könüllü köçmüş ermənilərin məsələsini BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının gündəminə gətirmək cəhdi nəyə hesablanıb? Halbuki digər platformalarda fərqli bəyanatlar verirlər, Ermənistanın sülhpərvər obrazını yaradırlar. Amma BMT-də Qarabağ erməniləri və xunta rejimi haqda siyasi manipulyasiyalara əl atırlar...
“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə qeyd etdi ki, erməni diplomatın çıxışında üç istiqamət var və hər biri böhtandan ibarətdir: “Mirzoyan ilk növbədə gözünün içinə qədər yalan danışır ki, guya Azərbaycan ərazi iddiası irəli sürür. Ərazi iddiası irəli sürən varsa, Ermənistandır, hələ də konstitusiyası Qarabağı bu ölkəyə birləşdirmək tələbi irəli sürür. Rəsmi Bakı isə Ermənistandan ərazi istəmir, sərhədləri dəqiqləşdirməyə çağırır və qanunvericilik aktlarına dəyişikliyi gözləyir”. Ç.Qənizadə Bakıda 23 hərbi caninin mühakiməsini Azərbaycanın daxili məsələsi adlandırdı: “Ermənistan BMT-də həşir qoparır ki, beynəlxalq aləmin reaksiyasına səbəb olsun. Həmin şəxslər isə Azərbaycan ərazisində cinayət törətdiklərinə görə mühakimə olunurlar. Onlar başqa dövlətin ərazisində qanunsuzluq etməyiblər axı?! Sadəcə, Mirzoyan BMT tribunasını fürsət bilərək Azərbaycana siyasi hücuma keçib. Başqa tribunalarda isə fərqli danışır. Heç rəsmi İrəvan bu canilərlə maraqlanmır, sadəcə, siyasi don geyindirmək lazım gələndə gündəmə gətirirlər və şou hazırlayırlar”.
Hüquq müdafiəçisi sonda əlavə etdi ki, ermənilərin köçü ilə bağlı BMT-dən qrup gözləyən Ermənistan uzaqgedən nəticələr əldə edə bilməyəcək: “BMT Qarabağa missiya yolladı və məlum oldu ki, etnik təmizləmə aparılmayıb. Onlar öz xoşu ilə gediblər və artıq bu mövzunu çeynəməyə başlayıblar. Bundan əlavə, onların mülkləri olduğu kimi qalıb, kilsələri qorunub. Halbuki çoxu işğal dövrünə aiddir, tarixi əhəmiyyəti yoxdur. Bununla belə, Azərbaycan bütün beynəlxalq konvensiyalara riayət edir. Üstəlik, BMT 4 qətnaməni icra etməyib, 30 illik işğala özümüz son qoya bilmişik, bundan danışmaq lazımdır. Mirzoyan kimilər hansı haqla BMT-də bu iddiaları səsləndirirlər. Buna deyərlər ki, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Ermənistan qabaqdangəlmişlik edir. Lakin biz tutarlı arqumentləri, sübutları dünya ictimaiyyətinə təqdim etmişik. Orada bir dinc erməninin burnu qanamayıb, əks halda, dünyaya car çəkərdilər. Mirzoyanın bu çıxışları ona hesablanıb ki, ermənilər onun beynəlxalq platformada necə çıxış etdiyini görsünlər. Təəssüf ki, onun bəyanatları sülh prosesinə zərər vurur. Çünki erməni rəsmilər "artsax"ın İrəvanda fəaliyyətini təhdid adlandırırlar. Bəs biz nə etməliydik, həmin canilərə göz yummalıydıq?"
Hərbi ekspert Ramil Məmmədli qeyd etdi ki, BMT-dən bu tələblər gərginliyə səbəb olur və Ermənistan sülhə zərər vurmağa davam edir: “Bölgədə sürətlə silahlanan da düşmən ölkədir, ərazi iddiası irəli sürən də. Bu azmış kimi, regiona avropalı kəşfiyyatçılar cəlb edilib və sərhədboyu müşahidələr aparırlar. Bu da istər-istəməz regionda narahatlıq doğurur. Həmçinin erməni müdafiə naziri müxtəlif ölkələrə səfər edir, silah tədarükü ilə bağlı görüşlər keçirir. Ona görə də Azərbaycan hazırlıq görür, təhlükəsizlik tədbirlərini gücləndirir. Çünki düşmən hiyləgərdir və fürsət gözləyir. Mirzoyanın bu çıxışı da göstərir ki, diplomatik cəbhəddə də iş aparırlar. Baxmayaraq ki, həmin açıqlamalar cəfəngiyyatdır”.
Hərbi ekspert bildirdi ki, Ermənistan bu cür siyasi-hərbi provokasiyalarına son qoymasa, gərginlik arta bilər: “Azərbaycan Ordusu 23 sentyabr əməliyyatında mülki erməniləri hədəf almayıb. Onlara əvvəldən vərəqələr paylanıb və xəbərdarlıq edilib ki, evdən çıxmasınlar. Yəni Mirzoyan BMT-də yalan danışıb və xarici işlər naziri saxtakarlıq edirsə, deməli, Ermənistan özü iftira siyasəti yürüdür. Ona görə də BMT Ermənistana köçən Qarabağdan getmiş ermənilərlə bağlı missiya göndərsə belə, nəticə olmayacaq. Sadəcə, siyasi kampaniya qurmaq istəyirlər”.
R.Məmmədli dedi ki, Mirzoyanın Azərbaycanın ərazi iddialarının olması ilə bağlı söylədikləri nağıldır, sərhədlər hələ müəyyən edilməyib: “Onlar inandırmaq istəyir ki, guya ordumuz onlara aid əraziyə daxil olub. Bunu sübut edə bilməzlər. Paşinyan deyir ki, guya 200 kv kilometr ərazi işğal edilib. Bu da absurddur. İlk növbədə sərhəd delimitasiya olunmalıdır, bilinməlidir ki, hansı ərazi kimə aiddir. Buna qədər deyilənlər isə beynəlxalq aləmin diqqətini cəlb etməyə fokuslanıb”.