
Neft sahəsində çalışan sıravi işçilər yenə də əməhaqqılarının aşağı olmasından, illərdir ki aşağı əməkhaqqı ilə işləmək məcburiyyətində qalmalarından gileylənirlər... "DİA-AZ" bildirir ki, bu dəfə də sıravi neft çalışanları öz müraciətlərində bu məsələni vurğulayaraq yuxarı instansiyalardan problemin həllini xahiş edirlər.
Neftçilər SOCAR rəhbərliyinə xitabən yazır: "Bu bayram günlərini yarıac, yarıtox yola veririk. Bayramdan sonra nə yeyəcəyik... bilmirik. Belə də olmaz. Bu aşağı maaşla nə qədər biz işləməliyik? Yəqin ki SOCAR-ın başında oturanlar üçün fəhlə neftçinin bu maaşı bir günə belə yetməz.
5 ildir ki, SOCAR-ın fəhləsinin gözləri yolda qalıb. Amma artımdan xəbər yoxdur. Elə bil maaş məsələmiz yuxarıda labirintə ilişib. Artması bir yana... Hələ də aşağı salırlar...
Dövlət büdcəsini bizim zəhmətimiz hesabına çıxan neftin pulu ilə təmin edirlər, amma bizə aşağı maaş yazırlar. Belə çox gedə bilməz..."