
Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması üçün ATƏT-in yaratdığı Rusiya, ABŞ və Fransanın həmsədr olduqları Minsk Qrupu artıq tarixin zibilliyindədir. Bu struktur "siyasi ölü" sayılır.
Bəs, niyə Ermənistan onun rəsmi şəkildə ləğvini tələb etmir? Azərbaycanın 44 günlük müharibədəki parlaq qələbəsindən artıq üç ildən çox vaxt keçib, ancaq Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılması üçün hələ də heç bir konkret addım atmayıb.
Bakı bu strukturu açıq şəkildə mənasız və siyasi baxımdan ölü elan etdiyi halda, İrəvan hələ də tərəddüd edir, qətiyyətli qərar verməkdən çəkinir.
Ermənistan bu məsələyə birdəfəlik son qoymaqdan niyə yayınır? Cavab aydındır: bu tərəddüdlərin arxasında geosiyasi manipulyasiyalar, beynəlxalq ictimaiyyəti köhnə formata qaytarmaq cəhdləri və nəhayət, revanşist ambisiyalar dayanır.
ATƏT-in Minsk qrupu müasir tarixin ən uğursuz diplomatik strukturlarından biri olub. O, təxminən 30 il mövcudluğunu davam etdirərək "vasitəçilik fəaliyyəti" görüntüsü yaratsa da, əslində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qanuniləşdirmək üçün bir alətə çevrilmişdi. Obyektiv yanaşma və real sülh prosesinin təşviqi əvəzinə, Minsk qrupu illərlə Ermənistanın təcavüzünü ört-basdır edib, beynəlxalq ictimai rəyi manipulyasiya edib və nəhayət, münaqişənin həllində tam yararsız olduğunu sübuta yetirib.
Bu qurum niyə tam uğursuz oldu? Onun fəaliyyəti necə bir farsa çevrildi? Bu sabotaj mexanizminin arxasında kimlər dayanırdı? Məsələni faktlarla araşdıraq.
ATƏT-in Minsk Qrupu 1992-ci ildə yaradılıb və o vaxtdan bəri Qarabağ münaqişəsinin həlli ilə məşğul olub. Ancaq illərlə yalnız Azərbaycanın 20 faiz ərazisinin işğalını müşahidə edərək, heç bir effektiv addım atmadı. Qrupun həmsədrləri olan Fransa, ABŞ və Rusiya münaqişənin uzanmasına dolayısı ilə şərait yaradır, Ermənistanın mövqelərini gücləndirməsinə və uydurma "Dağlıq Qarabağ Respublikası" mifinin formalaşmasına şərait yaradırdı.
Minsk Qrupunun məqsədi "münaqişənin dinc yolla həllinə kömək etmək" kimi təqdim edildi. Qrupun həmsədrləri dünya siyasətinə təsir edə bilən ölkələrdən formalaşdı: Rusiya, ABŞ və Fransa. Əsas problem isə elə ilk gündən qurumun tərkibində Fransa kimi açıq şəkildə ermənipərəst mövqe tutan bir ölkənin olması idi. Bu, Minsk qrupunun neytral və obyektiv ola bilməyəcəyini göstərirdi. Fransa həmişə ədalətli həllə gətirib çıxara biləcək qərarları bloklayırdı.
Minsk qrupu demək olar ki, üç onillik ərzində nəinki irəliləyişə nail olmadı, hətta dolayısı ilə işğalın davam etməsinə şərait yaratdı. İlk nümunə kimi onun Ermənistanın təcavüzü qarşısında tam fəaliyyətsizliyini göstərmək olar.
1992-ci ildə yaradılan bu qurumun ilk iclasları baş tutduğu zaman artıq Ermənistan silahlı qüvvələri Xankəndini, Şuşanı, Laçını işğal etmişdi və yeni ərazilər zəbt etməkdə davam edirdi. Buna baxmayaraq, Minsk qrupu heç bir real addım atmadı.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə (822, 853, 874, 884) qəbul etdi.
Minsk qrupu isə bu qətnamələri tamamilə gözardı etdi və onların icrası üçün heç bir səy göstərmədi. 1994-cü ildə Bişkek protokolu imzalanarkən atəşkəs rejimi tətbiq olundu, lakin Minsk qrupu işğal olunmuş ərazilərin dərhal azad olunmasını tələb etmədi.
Minsk qrupunun ən böyük uğursuzluqlarından biri də separatçı rejimin leqallaşdırılması üçün şərait yaratması idi.
1994–2020-ci illər ərzində bu qrup faktiki olaraq Ermənistanın işğalçılıq siyasətini qoruyurdu. Bu dövr ərzində işğal altındakı ərazilərin qeyri-qanuni statusuna dair heç bir ciddi məsələ qaldırılmadı. Həmsədrlərdən biri olan Fransa 2010-cu illərdə dəfələrlə separatçı rejimin nümayəndələrini rəsmi səviyyədə qəbul edərək onların təbliğat aparmasına imkan yaratdı. ABŞ isə Ermənistana hərbi texnika və silah daşınmasına göz yumurdu, baxmayaraq ki, bu cür hərəkətlər formal olaraq embarqoya məruz qalmalı idi.
Fransa Minsk qrupunun iflasında əsas rollardan birini oynayırdı. Bu ölkə Ermənistanın maraqlarını müdafiə edərək diplomatik oyunlara baş vurur, Azərbaycanın istənilən təşəbbüsünü bloklayırdı. 2019-cu ildə prezident Emmanuel Makron açıq şəkildə "Fransa həmişə erməni xalqını dəstəkləyib" və "Minsk qrupu Qarabağ ermənilərinin mövqeyini nəzərə almalıdır" kimi ifadələr səsləndirdi ki, bu da tam qərəzliliyin göstəricisi idi. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Fransa Minsk qrupunun yenidən fəaliyyətə başlamasına cəhd edən ilk ölkələrdən biri oldu və Ermənistanın xilas edilməsinə çalışdı.
2020-ci ildə Azərbaycan Ermənistanın növbəti təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayanda, Minsk qrupu nəinki vasitəçilik rolunu oynamadı, hətta ümumiyyətlə fəaliyyətsiz qaldı. 44 günlük müharibə zamanı Minsk qrupu heç bir real sülh planı irəli sürməyərək yalnız mənasız "atəşkəs çağırışları" ilə çıxış edirdi. ABŞ və Fransa Azərbaycana qarşı BMT və Avropa İttifaqı vasitəsilə təzyiq göstərməyə çalışsa da, bu cəhdlər uğursuz oldu. Azərbaycan öz gücü ilə işğala son qoydu və bununla da Minsk qrupunun bütün bu illər ərzində tamamilə lazımsız bir qurum olduğunu sübut etdi.
2020-ci il müharibəsindən sonra Minsk qrupu tamamilə mənasız hala gəldi, lakin Qərb onu yenidən gündəmə gətirmək üçün cəhdlər etdi. 2021-ci ildə ABŞ və Fransa Minsk qrupunun "hələ də əsas danışıqlar platforması olduğunu" iddia etdi. 2022-ci ildə Fransa Minsk qrupunun yeni bir ad altında bərpasına təşəbbüs göstərdi. 2023-cü ildə isə Fransa Senatı Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini və Minsk qrupunun fəaliyyətinin bərpasını tələb etdi. Bütün bunlar Minsk qrupunun heç vaxt həqiqi sülh prosesi üçün yaradılmadığını, sadəcə Azərbaycanın üzərində siyasi təzyiq vasitəsi kimi istifadə edildiyini bir daha sübut edir.
Bu qrupun tam fiaskoya uğramasının bir neçə əsas səbəbi var. Minsk qrupu heç vaxt neytral olmadı və beynəlxalq siyasətdə Qərbin maraqlarına xidmət edən bir nəzarət mexanizmi kimi fəaliyyət göstərdi. O, BMT-nin qəbul etdiyi qətnamələri görməzdən gələrək işğalın leqallaşdırılmasına çalışdı. Fransa və ABŞ Minsk qrupundan Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etdi. Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi qələbə göstərdi ki, Minsk qrupu münaqişələrin həlli üçün deyil, onları saxlamaq üçün yaradılmışdı. Qərbin Minsk qrupunu yenidən canlandırmağa çalışması isə sülhə deyil, sadəcə Azərbaycana qarşı yeni siyasi oyunlara xidmət edir.
Minsk qrupu beynəlxalq diplomatiyanın iflasının açıq nümunəsidir. Onun rəsmi şəkildə ləğv edilməsi və Azərbaycanın bu qurumun birdəfəlik bağlanmasını tələb etməsi vacibdir.
2020-ci ilin payızında baş verən 44 günlük İkinci Qarabağ Müharibəsi Minsk prosesinin bütün konsepsiyasını məhv etdi.
Azərbaycan öz torpaqlarını özü azad etdi - vasitəçilərsiz, alçaldıcı formatlarsız, illərlə davam edən mənasız danışıqlarsız. Azərbaycanın qələbəsi Minsk Qrupuna mövcudluğuna birdəfəlik, qəti şəkildə son qoydu və bu strukturu sadəcə mənasız deyil, eyni zamanda zərərli və təhlükəli bir alətə çevirdi.
Buna baxmayaraq, Minsk Qrupu hələ də rəsmi şəkildə ləğv olunmayıb.
Ən qəribə məqamlardan biri budur ki, Ermənistan ağır hərbi məğlubiyyətə uğradıqdan sonra belə Minsk Qrupunun tamamilə ləğv olunmasına cəhd göstərmək əvəzinə, onu yenidən gündəmə gətirməyə çalışdı.
İrəvanın "beynəlxalq müdaxiləyə ehtiyac olduğu" barədə səsləndirdiyi bəyanatlar Ermənistan diplomatiyasının hələ də Minsk Qrupunu öz maraqları üçün istifadə etmək planlarından əl çəkmədiyini göstərir.
Bunu sübut edən konkret faktlar da var.
2022-ci ilin martında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Minsk Qrupunun fəaliyyətini davam etdirməli olduğunu və bunun "münaqişənin yekun həlli üçün vacib olduğunu" bəyan etdi.
2023-cü ilin aprelində Fransa və ABŞ "Minsk formatının mümkün bərpası" məsələsi ilə bağlı qapalı məsləhətləşmələr apardı, bu təşəbbüs bilavasitə İrəvan tərəfindən dəstəklənirdi.
2023-cü ilin iyununda Ermənistanın baş naziri Nikol Paşinyan Minsk Qrupunun hələ də "Qarabağ ermənilərinin hüquqlarını müzakirə etmək üçün əsas platforma olduğunu" bildirdi. Bütün bunlar açıq şəkildə göstərir ki, Minsk Qrupu İrəvan üçün sadəcə ölü bir qurum deyil, gələcəkdə Azərbaycana qarşı beynəlxalq təzyiq vasitəsi kimi nəzərdə tutulan bir alətdir.
Sülh varsa, Minsk Qrupu nəyə lazımdır? Hazırda Azərbaycan və Ermənistan sülh müqaviləsi üzrə danışıqlar aparır, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı real nəticələr əldə edilir. Əgər İrəvan doğrudan da Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh imzalamağa hazırdırsa, onda bu mənasız Minsk Qrupunun saxlanılmasının nə mənası var?
Cavab aydındır: Ermənistan bu məsələnin tam bağlanmasını istəmir. Minsk Qrupunun rəsmi şəkildə ləğvi münaqişəyə son qoyacaq və beynəlxalq səviyyədə Qarabağ mövzusunun təbliğ edilməsi üçün istənilən imkanı məhv edəcək.
Məhz buna görə Ermənistan indiyədək ATƏT-ə Minsk Qrupunun buraxılması tələbi ilə müraciət etməyib, əksinə, Qərb ölkələrinə, xüsusilə Fransaya beynəlxalq vasitəçiliyin davam etdirilməsi üçün müraciətlərini dayandırmır.
Ermənistan siyasətçiləri Qarabağdakı ermənilərin "hüquqları" konsepsiyasını təbliğ etməkdə davam edirlər, halbuki Azərbaycan öz suverenliyini tam bərpa edib. Faktiki olaraq Minsk Qrupu rəsmi şəkildə mövcud olduğu müddətcə Ermənistan gələcəkdə yenidən "Qarabağın statusu" məsələsini qaldırmaq imkanına malik olacaq ki, bu da sülh müqaviləsinin prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir.
Qərbin ikili standartları və Fransanın riyakarlığı Minsk Qrupunun indiyə qədər tamamilə dəfn olunmamasının digər əsas səbəblərindən biri də Qərbin, xüsusilə də Fransanın riyakar siyasətidir. Paris hər fürsətdə erməni maraqlarını dəstəkləyərək Azərbaycana qarşı təzyiq vasitələri axtarır. Fransız siyasətçilərinin son illərdəki təşəbbüslərinə nəzər salaq: 2022-ci ildə Fransa Senatı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırdı, 2023-cü ilin martında prezident Emmanuel Makron "Fransa Qarabağ ermənilərini müdafiəsiz qoymayacaq" bəyanatını verdi, həmin ilin oktyabrında isə Paris Qarabağda "beynəlxalq müşahidə mexanizmi" yaratmaq ideyasını irəli sürdü ki, bu da əslində Minsk prosesinin köhnə formatının bərpası anlamına gəlirdi.
Bütün bu addımlar açıq şəkildə göstərir ki, Fransa münaqişənin tam həllində maraqlı deyil. Minsk Qrupu Qərbin Cənubi Qafqaz işlərinə müdaxilə etməsi və Azərbaycanın mövqelərini zəiflətməsi üçün əlverişli bir vasitə kimi qalır.
Azərbaycan öz mövqeyini çoxdan bəyan edib: Minsk Qrupu artıq mövcud deyil və onun bərpası mümkünsüzdür. Amma bu məsələni birdəfəlik bağlamaq üçün bəzi konkret addımlar atılmalıdır.
Ermənistanın ATƏT qarşısında Minsk Qrupunun buraxılması barədə rəsmi bəyanat verməsi tələb edilməlidir. Əgər İrəvan doğrudan da sülh istəyirsə, bunu etməyə borcludur. ATƏT-ə beynəlxalq diplomatik kanallar vasitəsilə təzyiq artırılmalıdır. Minsk Qrupu artıq köhnəlib və onun mövcudluğu absurddur. Fransanın və ABŞ-ın Minsk Qrupunu siyasi gündəmə qaytarmaq cəhdlərinə sərt reaksiya verilməlidir.
Ermənistan sözlə yox, əməli addımlarla səmimiyyətini sübut etməlidir. Əgər Nikol Paşinyan doğrudan da sülh istəyirsə, Minsk Qrupunun buraxıldığını rəsmi şəkildə elan etsin. Əks halda onun susması yalnız bir məna daşıyacaq - revanşist planlar hələ də davam etdirilir və yeni münaqişəyə zəmin hazırlanır. Azərbaycan tarixin təkrarlanmasına imkan verməyəcək.
Elçin Alıoğlu - Trend