![Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki…](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1738867242_1704386897_muxtar-babayev.jpg)
Xəbər verdiyimiz kimi, Muxtar Babayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib. O, digər sərəncamla Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
Bu təyinat ictimaiyyətdə marağa səbəb olub. Azərbaycanda keçirilən BMT İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasında M.Babayev əsas simalardan idi. O, təxminən 1 il öncə COP29-un prezidenti seçilmişdi. Tədbir dövründə fəallığı ilə diqqət çəkirdi. Ümumi fəaliyyəti haqda mənfi rəyə rast gəlinmirdi. Onun vəzifədən çıxarılması isə birmənalı qarşılanmayıb.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, hər hansı bir şəxsin nazir təyin edilməsi və ya onun bu vəzifədən azad olunması konstitusiyamıza görə Prezidentin müstəsna vəzifəsidir:
“Muxtar Babayev həm millət vəkili kimi parlamentdə özünü təsdiqləyib, həm də yaxşı bir məmur olduğunu sübut edib. Bundan başqa, o, COP29-un uğurla baş tutmasında müstəsna paya sahibdir.
Babayev hazırda Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Ona verilən qiymət müsbətdir. Hesab edirəm ki, ictimai rəydə də hər hansı nazir, icra başçı ilə bağlı bir təyinat “niyə?” sualı ilə təqdim olunmamalıdır. Çünki heç bir şəxs sona qədər məmur ola bilməz.
Azərbaycan Prezidentinin yanaşmasında qiymətləndirmə kriteriyası çox mühümdür. Yəni bir məmur yaxşı işləyirsə, daha sonra kadr kimi də istifadə olunur. Muxtar Babayevin də yeni vəzifəyə təyinatında bunu gördük. Tamamilə ədalətli bir yanaşmadır və sualla qarşılanmamalıdır”.