![“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1738872893_unnamed-2025-02-06t151008.098.jpg)
Gürcüstanın Qərblə münasibətlərinin gərginləşməsi onun Cənubi Qafqazdakı geosiyasi mövqeyinə, eləcə də Ermənistan-Azərbaycan kontekstində əməkdaşlıq perspektivlərinə birbaşa təsir edir. Bu da, ölkənin regiondakı rolunu nə dərəcədə qoruya biləcəyinə dair sualları açıq saxlayır.
Bu gün bölgədə təkcə üç Cənubi Qafqaz dövləti deyil, eyni zamanda Rusiya, Türkiyə və İranın da maraqları çarpışır. Gürcüstan isə altı ölkəni birləşdirən “3+3” regional əməkdaşlıq formatında iştirak etmir. Buna səbəb kimi, Rusiya faktorunu əsas gətirir.
Arayış: Gürcüstanla Avropa İttifaqı arasındakı gərginliyin əsas səbəbləri 2023-cü il parlament seçkilərinin nəticələrinin mübahisəli sayılması, "xarici agentlər" qanununun tənqidi və Gürcüstanın Aİ ilə danışıqları 2028-ci ilə qədər dayandırmasıdır. Aİ buna cavab olaraq, Gürcüstan diplomatları üçün vizasız rejimi ləğv edib. Gürcüstanın AŞPA nümayəndə heyəti isə seçkilərlə bağlı qətnaməyə etiraz edərək, təşkilatda fəaliyyətini dayandırdığını bildirib.
Gürcüstanla ABŞ arasındakı gərginlik də “xarici agentlər" qanunu, Qərbdən “uzaqlaşma” və Rusiya ilə “yaxınlaşma” səbəbindən artıb. Vaşinqton bu qanunu demokratik dəyərlərə zidd saymaqla Gürcüstan hökumətini tənqid edir. ABŞ-in bəzi gürcü rəsmilərinə sanksiyalar tətbiq etmək məsələsini gündəmə çıxarması münasibətləri daha da mürəkkəbləşdirib. Amma bunlar hamısı Bayden dövründə yaranmış problemlərdir. Ona görə də, Tbilisdə Trampın yanaşmasına ümidlə baxırlar.
İstənilən halda, kənar qüvvələrin hansı mövqe tutacaqlarına baxmayaraq, rəsmi Tbilisi mənsubu olduğu regiondakı prosesdən kənarda qala bilməz. Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi “Gürcü arzusu”nun son seçkidəki qalibiyyətini tanıdılar. Gürcü Baş naziri də seçkisonrası ilk rəsmi səfərlərini əvvəlcə Azərbaycana, sonra Ermənistana etdi.
Geosiyasi balans
Azərbaycan və Ermənistan arasında delimitasiya-demarkasiyanın yeni mərhələsinin məhz Gürcüstan sərhədlərinə yaxın ərazidən başlaması da onun bu prosesdən kənarda qala bilməyəcəyini göstərir. Üç ölkə arasında sərhədlər Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsini formalaşdıran əsas amillərdən biridir.
Yanvarın 16-da Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin sədrliyi ilə sərhədin delimitasiyası və təhlükəsizliyi məsələlərinə dair 11-ci görüş keçirilib. Tərəflər prosesə şimaldan cənuba doğru, üç ölkənin sərhədlərinin kəsişmə nöqtəsindən başlamağı razılaşdırıblar.
Ötən illər ərzində Tbilisi Qafqazda mədəni və humanitar təşəbbüslərin mərkəzi kimi çıxış edib. Amma bunlar müharibəyə qədər zaman kəsiyini əhatə edib, indi isə tərəflərin rəsmi gündəliyində başlıca məsələ sülh sazişinin imzalanmasıdır. 2020-ci il müharibəsindən sonra rəsmi Tbilisi iki dövlət arasında münasibətlərin normallaşdırılması üçün vasitəçiliyini də təklif edib. Hətta Ermənistan 2021-ci ildə Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Azərbaycana minalanmış ərazilərin xəritələrini ötürüb. 2023-cü ilin oktyabrında isə Azərbaycan Prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə deyib ki, əgər Ermənistan razı olarsa, Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüş keçirə bilərlər.
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq genişlənir. Eyni zamanda Gürcüstan rəhbərləri ilə Ermənistan rəsmiləri arasında görüşlər intensivləşir. Bu fonda sərhəd məsələləri 2020-ci ildən bəri geopolitik müzakirələrin mərkəzində qalır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası problemi Gürcüstanın bu prosesdəki əhəmiyyətini artırır və onu dialoq üçün əlverişli məkana çevirir.
İqtisadi imkanlar və təhlükəsizlik
Gürcüstanla Azərbaycan arasındakı enerji, nəqliyyat, infrastruktur, ticarət və iqtsadi əməkdaşlıqdan, onun indiki vəziyyəti və perspektivlərindən çox danışılıb. Gürcüstan bu layihələrdən hər il milyonlarla dollar vəsait qazanır. Azərbaycan isə Gürcüstan vasitəsilə Avropaya çıxış əldə edir. Bundan əlavə, Azərbaycan Gürcüstanda enerji, bankçılıq, telekommunikasiya və nəqliyyat sahələrinə böyük həcmdə sərmayə yatırır. SOCAR Gürcüstanda ən böyük investor və vergi ödəyicilərindən biridir.
Gürcüstanın Ermənistan ilə ticarət və investisiya, enerji, nəqliyyat və logistka istiqamətlərində əməkdaşlığı da var. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistan üçün Gürcüstan vacib tranzit ölkədir. Aydın görünür ki, bölgədəki əməkdaşlıq imkanları hər 3 dövlətin bundan faydalanmasına vəsilə ola bilər.
Həm Gürcüstanın, həm də Azərbaycanın Avropa institutları ilə münasibətlərində soyuq küləklər əsir. Amma bu, hər iki ölkənin Cənubi Qafqazdakı nüfuzuna və roluna təsir etmir. Hətta bu fonda Avropanın “sevimlisinə” çevrilmiş Ermənistanın da Avropaya inteqrasiya “səyləri”ni birmənalı qiymətləndirmək çətindir, hər halda, 2024-cü ildə siyasi cəhətdən Avropaya üz tütdüğünü bəyan edən bu ölkənin Rusiya ilə ticarət dövriyyəsinin 7 dəfə artması başqa iqtisadi proseslərdən xəbər verir.
Beləliklə, mövcud şəraitdə hər iki dövlət üçün vacib tranzit ölkə kimi çıxış edən Tbilisi, həm də regional sabitliyin təmin olunmasında maraqlıdır. Perspektivdə iqtisadi əməkdaşlıq imkanları Gürcüstanın Azərbaycan və Ermənistan arasında dialoq üçün platformaya çevrilməsinə zəmin yaradır. Bununla da Gürcüstanın bölgədə yalnız tranzit qovşağı deyil, həm də regional təhlükəsizlik və əməkdaşlıq üçün mühüm aktor rolu möhkəmlənir.
Müəllif: Seymur Kazımov
Pressklub.az