![Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı...](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739327296_-_1.jpg)
Qarabağdakı keçmiş qondarma rejimin Ermənistana qaçan separatçılarından Aramayis Ağabekyanın son iddiaları müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Ağabekyan Azərbaycana qarşı cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi davam edən Araik Arutyunyanla Ermənistanın Baş naziri Nikol Paşinyanda arasında antiterror əməliyyatlarından öncə tez-tez telefon danışığının olduğunu bildirib:
“Hələ 2023-cü ilin sentyabr ayı idi. O zaman Araik Arutyunyan “artsax” rəhbərliyindən yenicə istefa vermişdi. Parlamentdə başqa prezidentin seçilməsi üçün səsvermə olacaqdı. Bu səsverməyə iki gün qalmış, yəni sentyabrın 7-də biz Arutyunyanla Stepanakertdə (Xankəndi-red.) İrəvan mehmanxanasına bitişik şərab zavodunda görüşdük. O mənə deyirdi ki, Samvel Babayanla razılıq əldə olunub, təhlükəsizlik strukturlarına o nəzarət edəcək və bu, mövcud sistemi dəyişməyəcək. Bu zaman Arutyunyana zəng gəldi və o, telefonu açdı.
Arutyunyan, “Bəli cənab Paşinyan, vəziyyət gərgindir, sərhəddə toplanma həyata keçirilir”, – dedi. Zəngdə olan şəxs ona sual ünvanladı. “artsax” lideri buna, “Hazırda Samvel Şahramanyanı növbəti “prezident” seçilməsi üçün lazımı səslər var, lakin baş tutmasa, növbəti səsvermədə həll olunacaq”, – cavabını verdi.
Danışıq bitdikdən sonra Araik mənə dedi ki, prezidentlikdən istefa verməsinə baxmayaraq Paşinyan hələ də zəng edib onu yoxlayır.
Qeyd edək ki, A.Arutyunyan “artsax lideri” “vəzifəsindən” 2023-cü ilin avqustun 31-də istefa verib. Həmin ilin sentyabrın 9-da, yəni antiterror əməliyyatlarının başlamasına 10 gün qalmış onun yerinə səs çoxluğu ilə qohumu olduğu bildirilən Samvel Şahramanyan seçilib.
Ağabekyanın qeyd etdiyi şərab zavodunun Arutyunyana məxsus olduğu, Azərbaycan xüsusi xidmət orqanlarının onu məhz sözügedən zavodda gizlənərkən ələ keçirdiyinə dair məlumatlar yayılmışdı.