![Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR...](https://dia-az.shop/uploads/posts/2025-02/thumbs/1739335107_0001.jpg)
Rusiya Ermənistan və Azərbaycanın gələcək nəsillər üçün “mina” qoymayan, davamlı uzunmüddətli münasibətlərin tənzimlənməsini nəzərdə tutan sülh müqaviləsi hazırlamasının tərəfdarıdır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, Moskva Qərbin təklif etdiyi tələsik sənədlərin əleyhinədir. “Biz müttəfiqlik münasibətlərimiz olan Ermənistan və Azərbaycan tərəflərinin elə bir sülh müqaviləsi hazırlamasının tərəfdarıyıq ki, bu, gələcək nəsillər üçün "mina" qoymaq əvəzinə, yol açsın və münasibətlərin davamlı uzunmüddətli tənzimlənməsini nəzərdə tutsun. Təbii ki, biz hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq və Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı həqiqətən mümkün qədər tez hansısa Qərb platformasında sülh müqaviləsi bağlamağa sövq etmək istəyən hər hansı tələsik sənədlərin bağlanmasının əleyhinəyik. Belə tələsik, düşünülməmiş və sonacan yoxlanılmamış qərarlar uzunmüddətli davamlı sülhə deyil, əksinə, gələcək üçün qarşıdurma toxumları əkə bilər ki, bu da, sözsüz ki, nə Ermənistan və Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün arzuolunandır", - M. Qaluzin söyləyib.
“Azərbaycan və Ermənistan arasındakı problemlərin həll yolları masa üzərindədir, bunlar iki ölkənin nümayəndələrinin birgə işi nəticəsində yaranıb. Birincisi, sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri nəinki bir-birinə qarşı ərazi iddialarının olmaması, hətta gələcəkdə belə iddialarla çıxış etməmək məsələsini də əsaslı şəkildə həll edib”. Bunu isə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması və bundan əvvəl qəbul edilmiş Praqa bəyanatı ərazi iddiaları məsələsini tamamilə yekunlaşdırır: “Sülh müqaviləsinin razılaşdırılmış hissəsi imzalanmaq üçün yetkindir. Həmçinin Ermənistan razılaşdırılmamış iki maddə üzrə həll yolları təklif edərək Azərbaycandan müsbət cavab gözləyir”.
Bəs Rusiyanın istədiyi “minasız sülh sənədi” nədir? Rusiya nələri sülh sənədində razılaşdırmaq istəyir? Ermənilərin Qarabağa qayıdışı mümkündürmü?
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər Rusiya doğrudan da Azərbaycanla Ermənistan arasında “minasız sülh”ün yaranmasında maraqlıdırsa, onda çəkilib kənarda durmalıdır: “Həm də təkcə Rusiya yox, 1878-ci ildə Berlin konqresində "hay məsələsi"ni qaldıran dövlətlərin hamısı iki qonşu ölkə arasında aparılan danışıqlara müdaxilə etməməlidirlər. Təcrübə də göstərir ki, qarşıdurmanın aradan qaldırılması yönündə az-çox əhəmiyyətli sayılacaq addımlar məhz ikili formatda əldə olunan razılaşmalar nəticəsində meydana çıxıb. Mina məsələsinə gəldikdə, bax, həmin Berlin konqresinə qatılanların hamısının məqsədi elə hayların özlərindən Yaxın Şərqdə və Böyük Qafqazda mina kimi faydalanmaq idi. Onların arasında isə bu baxımdan ən böyük “uğur”a imza atan məhz Rusiyadır. Azərbaycanlılarla haylar və ermənilər arasında baş verən qarşıdurmaların da əsas səbəbkarlarından biri yenə həmin Rusiyadır. Daha dəqiqi, orada bizim regiona yanaşmada həmişə “parçala, hökm sür” prinsipindən çıxış edənlərdir. İkinci Qarabağ savaşından sonra Rusiyanın irəli sürdüyü sülh anlaşmasında Qarabağla bağlı razılaşmanın gələcək nəsillərə saxlanması təklifinin özü ilk növbədə Qaluzinin dediyi o “mina qoymaq” cəhdi idi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Soçi görüşündə yerindəcə onu rədd etdi. Və Vladimir Putin başda olmaqla, Rusiya rəsmilərinin Nikol Paşinyanın “Qarabağ Azərbaycandır” deməsinə təəssüfləndiklərini gizlətməmələrinin özü də onun təsdiqi deyilmi ki, əgər mina qoymaq cəhdindən söhbət gedirsə, burada yenə də birincilik Moskvadadır". Ermənilərin Qarabağa qayıdışına gəldikdə, S.Alıyev bildirdi ki, Azərbaycan məlik törəmələri olan ermənilərin və hətta bura köçürülən hayların da geri dönmələrinin əleyhinə heç vaxt çıxmayıb və çıxmır: “Onlar istənilən vaxt geri dönə bilərlər, amma bir şərtlə ki, azərbaycanlılar da Ermənistandakı dədə-baba yurdlarına qayıtsınlar. Bizim soydaşlarımızın öz el-obalarından didərgin düşmələrində hay havadarı kimi çıxış edən bütün böyük dövlətlərin hamısından qat-qat çox məsuliyyət daşıyan Rusiya bunu istəyirmi? Nədənsə həmin dövlətin rəsmilərinin bu haqda hər hansı fikir bildirdiklərini görməmişik. Ermənistanın özünə gəldikdə isə Nikol Paşinyanın fevralın 10-da bu ölkənin "Armenpress" xəbər agentliyində dərc olunmuş məqaləsində bizim soydaşlarımızın öz torpaqlarına qayıdış istəkləri hərbi təhdid kimi qiymətləndirilir. Maraqlıdır, deyilmi, əldə silah Azərbaycana qarşı vuruşan, terror aktları törədən, öz torpaqlarımızda belə etnik təmizləmə həyata keçirən “miatsum”çuların biz geri qayıtmalarının əleyhinə olmadığımızı bildirdiyimiz halda, Ermənistana qarşı bu sadalanan və sadalanmayan cinayətlərin heç birini etməyən azərbaycanlıların aborigeni olduqları yerlərə dönmələrinə təhlükəsizliklərinə təhdid kimi yanaşılır. Qərbdəkilər də, Rusiyadakılar da bunu anlayışla qarşılayırlar. Bu nə məntiqdir, nə ayrı-seçkilikdir? Ancaq Qərbi Azərbaycan İcmasının bununla bağlı son bəyanatında da vurğulandığı kimi, iki dövlət arasında sülhün bərqərar olması və bizim soydaşlarımızın öz evlərinə qayıtması bir-birini tamamlayan məsələlərdir. Minasız, davamlı və dayanıqlı sülh də elə məhz budur".
Yazı çapa hazır olarkən İrəvanın Rusiyadan gələn təşəbbüslərə maraqlı reaksiyası haqda məlumat yayıldı. Bildirildiyinə görə, Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçi olması ideyasını rədd edib. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlama verib. “Keçmiş təcrübə çoxlu pis xatirələr buraxdı, hələ də cavabını tapa bilmədiyimiz bir çox sualımız var”, - erməni spiker vurğulayıb. Simonyan həmçinin bəyan edib ki, Moskvanın İrəvanla Bakı arasında vasitəçi kimi iştirak etməsi ehtimalı azdır. Eyni zamanda Kreml Ermənistan rəsmilərinin Rusiyanın İrəvanla Bakı arasında danışıqlarda vasitəçilik edə bilməyəcəyi ilə bağlı bəyanatlarına cavab verib. Modern.az bildirir ki, Simonyan açıqlamasında Rusiya tərəfini və şəxsən prezident Vladimir Putini kifayət qədər sərt tənqidlərə məruz qoyub. O deyib ki, ermənilər Rusiyanın vasitəçilik nümunələrini öz bədənlərində hiss ediblər. Ona görə də Rusiya erməni xalqını öz səmimiyyətinə inandırmaq üçün çox böyük səylər göstərməlidir: “Ermənistanı hər yüz ildən bir qorumaq şüarı ilə gəlmək və sonra Ermənistanı, erməni xalqını, uşaqlarımızı gələcəkdə daha böyük maraqlar üçün xırda sikkələrə çevirmək, sonra da mehriban üzlə "biz yenə sizi xilas etməyə gəlmişik" demək qəbuledilməzdir". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, İrəvan və Bakı indi danışıqları müstəqil şəkildə davam etdirə bilərlər: “Rusiya Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazırdır. Artıq həm İrəvan, həm də Bakı bu prosesin sonuna qədər danışıqları davam etdirməyə qadirdir”.
Rəsmi Bakının bu məsələ ilə bağlı prinsipial mövqeyi var: danışıqlar hər hansı vasitəçi olmadan, ikitərəfli formatda davam etdirilərsə, uğur qazanıla bilər, ötən il 4 kəndimizin azad edilməsi, 13 km-dək sərhədin dəqiqləşdirilməsi buna əyani sübutdur. İstər Rusiyanın, istərsə Qərbin təşəbbüsləri prosesi dalana dirəyir, nəinki irəli aparır. Kreml də ikibaşlı oyunlarına son qoymalıdır. Necə deyərlər, bu məsələdə “üçüncüyə yer yoxdur”.